Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:39

Birdəfəlik yardım bir aylıq bezə çatır


Hazırda Azərbaycanda yeni doğulan uşaqlara verilən birdəfəlik müavinətlərin məbləği 50 manatdır.
Hazırda Azərbaycanda yeni doğulan uşaqlara verilən birdəfəlik müavinətlərin məbləği 50 manatdır.
«Bu uşağın bezini gündə heç olmasa 4 dəfə dəyişmək lazımdır, ya yox? Təkcə uşaq bezinə ayda azı 30 manat pul xərcləyirik». Sevda Mirzəyeva deyir ki, keçən il doğulan körpəsi üçün hökumət ona birdəfəlik 50 manat pul verib.

Özü isə sovet dövründə doğulub: «Anam danışır ki, o vaxtı hökumətin ayırdığı «uşaq pulu»yla bizim çox ehtiyaclarımızı ödəyə bilirmiş».

2006-cı ilin yanvarın 1-ə kimi Azərbaycan hökuməti 18 yaşına qədər uşaqlara o vaxtkı pulla 9 min manat, yəni 1 manat 80 qəpik ödəyirdi. Həmin vaxt valideynlər də, uşaq təşkilatları da bu məbləğə etiraz edib deyirdilər ki, hökumət bizi ələ salır, bu pulla uşağın hansı ehtiyacını ödəmək olar? Sonradan bu məbləğ ləğv olundu və ehtiyacı olan ailələrə ünvanlı sosial yardım verilməyə başladı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparıcı məsləhətçisi Babək Hüseynov deyir ki, bu daha yaxşı çıxış yolu idi, çünki uşaq pulu iqtisadi mahiyyətini itirmişdi: «Tutaq ki, bizə 5 nəfərlik ailə müraciət edir. Ehtiyac meyarı da bir nəfər üçün 60 manatdır. Həmin ailə üçün ehtiyac meyarı 300 manat təşkil edir. Ailənin ümumi gəlirləri 300 manatdan aşağıdırsa, məsələn, 200 manat gəliri varsa, bu ailəyə 100 manat ünvanlı sosial yardım verilir».

Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirovsa bildirir ki, həmin müavinəti ehtiyacı olan çox ailə ala bilmir: «Üstəgəl yaşayış minimumu 80 manatdır və get-gedə artır. Azərbaycanda yenə uşaq puluna ehtiyac var, özü də bu ayrı-seçkilik qoyulmadan bütün uşaqlara verilməlidir. Yeni doğulanlara ayrılan birdəfəlik məbləğsə heç olmasa 1000-2000 manat olmalıdır». Yusif Bəkirov deyir ki, onun təşkilatı aylıq uşaq müavinətinin 100-120 manat olmasını təklif edir: «Bəlkə bu məbləğlə uşaqların ehtiyaclarını az-çox ödəmək olar».

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə deyir ki, gələn il Azərbaycanda ancaq analara verilən müavinətlərin məbləği artırıla bilər:

«Analıq məzuniyyətinin ödənilən hissəsinin bir qədər artırılması Milli Məclisin gündəliyindədir. Bu məsələ qanun şəklində hazırlanır və gələcəkdə bunu etmək fikrindəyik».

Prezident İlham Əliyev keçən il «Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında» sərəncam imzalamışdı. Həmin sərəncamda göstərilirdi ki, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanların sosial müdafiəsini gücləndirmək məqsədi ilə bir yaş yarımadək uşağa qulluğa görə aylıq müavinətin məbləği 20 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə müavinətin məbləği 10 manat miqdarında müəyyən edilib.

Hazırda Azərbaycanda yeni doğulan uşaqlara verilən birdəfəlik müavinətlərin məbləği isə 50 manatdır.

Sevda Mirzəyevanın haqqında danışdığı uşaq bezlərinin ən böyük bağlamasının qiyməti isə 15 manatdır. Həmin bağlama maksimum 9 günə bəs edir.

Körpələr üçün verilən 50 manatı necə xərcləmək olar?
Bez - 15 manat (9 gün üçün bəs edir)
Bir dəst yeni doğulan geyimi - 30 manat (ilk dövr üçün ən azı 2-3 dəstə ehtiyac var)
Körpənin hamam ləvazimatı - 30 manat
Beşik – 150-200 manat. Bunlar ən aşağı qiymətlərdir.

Əgər uşaq ana südü ilə qidalanmırsa, ona ayda 3-4 dəfə qiyməti 2-6 manata qarışıq da almaq lazım gəlir. Altı aydan sonra isə uşağın qidası da geyimi də dəfələrlə artıq xərc tələb edir.

MDB ölkələrinə gəldikdəsə, Rusiyada yeni doğulanlara verilən birdəfəlik yardım 350 dollardır. Hamiləlik və doğuşa görə isə dövlət 900 dollar ayırır. Ukraynada yeni doğulana birdəfəlik yardım 155 dollar, ikinci uşaq üçün 300, üçüncü uşaq üçünsə 600 dollardır. Qazaxıstanda isə yeni doğulana birdəfəlik yardım kimi 290-300 dollar ayrılır.
XS
SM
MD
LG