Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:47

Qobustan abidələri çökür


Qayaüstü rəsmlər tarixi-bədii qoruq kimi qorunur
Qayaüstü rəsmlər tarixi-bədii qoruq kimi qorunur
Orta daş dövrünü bu gün də yaşadan Qobustan qayalarından bir hissəsinin başı bəlalıdır. Çünki həmin qayaları üzərində saxlayan qum kimlərinsə qazanc mənbəyinə çevrilib.

Arxeoloq İsaq Cəfərzadənin kəşf edib «toxunulmaz» adlandırdığı qayalara toxunanlar barədə az sonra.

Qobustan qəsəbəsinin girişində balaca dükan sahibi Zəkəriyyə dayı 60 ilə yaxındır ki, burda yaşayır. O deyir ki, indi Qobustan çox dəyişib, sakinləri artdıqca problemləri də çoxalıb. Bir yandan da böhran ortaya çıxanı dolanışıq lap pisləşib. Elə Zəkəriyyə dayının da alveri xeyli zəifləyib:

- Alver olduqca zəif gedir. Böhranın bizə də təsiri olub. İşdən çıxarırlar deyə, pul heç kimdə yoxdur, gəlib almırlar. Bu saat mağazada 80 faiz mal yoxdur.

Qobustan sənaye qəsəbəsidir, əksər sakinləri ətrafdakı sənaye müəssisələrində çalışır. Zəkəriyyə dayı da deyir ki, indi böhranla
Qobustan qəsəbəsi
əlaqəli çoxlarını həmin müəssisələrdən çıxarıblar deyə, işsizlik xeyli artıb:

- Burda dolanışıq olduqca pisdir. İş yeri bağlanıb, hamını çıxarırlar neft şirkətindən.

Qəsəbə gənclərindən biri - Böyükağa Hüseynov isə daş karxanasında işləyir. Deyir ki, böhran onlardan da yan keçməyib:

- Əvvəl bir daş maşınını səhər yükləyirdik, axşam gəlirdi bir də yükləyirdik. İndi bir maşın gedir, bir həftədən sonra gəlir. Bu dəqiqə kasıbçılıq çoxdur.

Böyükağa deyir ki, vaxt var idi kimə yaxınlaşıb borca 5 manat istəsəydin, çıxarıb 10 manat verərdi, indi isə sənə borc verə biləcək adam tapmaq da müşgülə çevrilib.

Amma qobustanlıları təkcə işsizlik, böhran narahat etmir. Onların daha ağrılı bir problemləri də var:

Zəkəriyyə dayı
- Qədimi kinolar ki, var ha Azərbaycan tarixinə aid, «Qatır Məmməd», «Qaçaq Nəbi», «Axırıncı aşırım» və bir çox başqa kinolar Qobustanda çəkilib. Gəlib indi baxıb görsünlər - o at çapılan yerlər nə günə qalıb!

Bizim eradan əvvəl II minillikdə qədim insanların məşkunlaşdığı Qobustan Böyük daş, Kiçik daş və Cingil daş deyilən üç hissədən ibarətdir. Böyük daş hissəsindəki daş dövrünün əyani sübutu olan qayaüstü rəsmlər əhatəyə alınıb tarixi-bədii qoruq kimi qorunur. Amma sakinlər Kiçik daş deyilən hissədəki qayaüstü rəsmlərin təhlükə altında olduğunu deyirlər. Adının çəkilməsindən ehtiyatlanan qəsəbə sakiniylə həmin ərazidə oldum. Bir tərəfdə üzərində tarixi abidə olduğu yazılmış və arxeoloqlar tərəfindən nömrələnmiş qayalar, digər tərəfdə isə qazılmış xəndəklər…
Bir tərəfdə üzərində tarixi abidə olduğu yazılmış və arxeoloqlar tərəfindən nömrələnmiş qayalar, digər tərəfdə isə qazılmış xəndəklər…
Həmsöhbətim deyir ki, qayalardan bəziləri həmin xəndəklərə düşüb tamamilə yox olub:

- Qum karyeri adı ilə dağıdılır. Elə adamların da adlarını verirlər ki, onların adı gələndə insan özü qorxudan daşa dönür. Burdan kiməsə bir ovuc qum lazım olsa, ona görə adamı tutarlar. Amma günə 100-200 maşın qum gedir. Hər maşında da 25-30 ton qum. Qum götürülən xəndəklərin dərinliyi 10 metrəcəndir, Kiçik dağ deyilən yer çatlayıb, o dağ gəlir üstümüzə.

Həmsöhbətim deyir ki, bir müddət əvvəl qayaların ətrafındakı qumların daşınmasına etriraz da ediblər, aksiya keçiriblər. Amma əraziyə gələn polis sakinlərə hədə-qorxu gələrək aksiyanı dağıdıb:

- Töküldülər ki, siz kimə ilişirsiz, sizə belə edərik, elə edərik…

«Günə 100-200 maşın qum gedir. Hər maşında da 25-30 ton qum»
Qobustanda baş verənlərdən Qaradağ rayon İcra Hakimiyyətinin də xəbəri var. Qurumun Qobustan üzrə nümayəndəsi Azad Nərimanov deyir ki, həmin ərazidə qazıntı işləri aparılır, amma bunun qayalara təsiri yoxdur:

- Hansısa bir şirkət onlara ayrılmış ərazidə qazır, amma onun yazılı daşlara maneçiliyi yoxdur, bizə aidiyyatı olmayan bir şeydir.

- Torpağın daşınması qanunauyğundur?
- Onların əllərində sərəncam var.
- Hansı şirkətdir, adını deyə bilərsiz?
- Bilmirəm.

Azad Nərimanov inkar etsə də, sakinlər qayalardakı çatların məhz ərazinin qum karxanasına çevrilməsindən sonra yarandığını deyirlər. Buranın sakinləri təkcə üzərində rəsmlər olan qayaların məhv olunmasına təəssüflənmirlər, həm də deyirlər ki, hər an bu qayaların üstlərinə gələcəyindən qorxurlar.
XS
SM
MD
LG