Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:43

Dini ekstremal qruplara qarşı mübarizə planı


«Forum 18» saytı martda Ağdaşda Baptist dini icmasına təzyiqlər olduğunu yazır
«Forum 18» saytı martda Ağdaşda Baptist dini icmasına təzyiqlər olduğunu yazır
Daxili İşlər Nazirliyi dini ekstremal qüvvələrə qarşı mübarizəylə bağlı yeni plan hazırlayıb. Daha doğrusu, əvvəllər də mövcud olan plan bu ilin yanvar ayında yenilənib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov deyir ki, planın məqsədi transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədir:

«Plan terrorizmə dəstək verən radikal və ekstremist əhval-ruhiyyəli dini təriqətlərin fəaliyyətinin qarşısının alınması məqsədini güdür».

Söhbət konkret hansı dini təriqətlərdən gedir, Azərbaycanın hansı bölgələrində belə bir təhlükə var və mübarizə üsulları nədən ibarətdir? Bu suallara cavab almaq mümkün deyil. Sadiq Gözəlov deyir ki, bu, daxili xidmət planı olduğu üçün sənəd ictimaiyyətə açıqlanmır.

Norveçdən əsasən insan haqları barədə təhlilli yazılar verən «Forum 18» saytı isə yazır ki, Azərbaycanda bu plan işə düşəndən sonra «dini ekstremal» qüvvə adı altında ölkədə bir çox dini icmalara qarşı təzyiqlər başlayıb. Yazı müəllifi martda Ağdaşda Baptist dini icmasına, aprel ayının əvvəllərində Gəncədə «Yehova şahidləri»nə təzyiqlər olduğunu yazır. O, Bakıdakı «Əbu-Bəkr» məscidinin yenidən açılmasından imtina edilməsini də bu planın tərkib hissəsi sayır. Azərbaycan mətbuatında «Əbu-Bəkir» məscidində ibadət edənlər vəhhabi təriqətinə mənsub dindarlar kimi göstərilir, amma icma rəhbərliyi bunu təkzib edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov isə deyir ki, bu planın fəaliyyəti qanunla qadağan edilməyən amma Azərbaycanda qeydiyyatdan keçməyən dini icmalara dəxli yoxdur.

Dini İşlər üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva isə deyir ki, bəzi dini icmaların qeydiyyata alınmamasında özləri günahkardırlar. Gərək onlar qeydiyyat üçün sənədləri komitəyə təqdim etsinlər.

Komitədə 400-ə yaxın dini icma qeydiyyatdan keçib. Amma bəzi ekspertlər hesab edirlər ki, qeydiyyatdan keçib-keçməmək işin yarısıdır, yəni hökumət Azərbaycanda müstəqil birliklərin olmasında maraqlı deyil. Fərqli düşüncə təhlükəsi hiss olunan kimi onların qeydiyyatını asanlıqla ləğv edə bilərlər.

Fikrini öyrəndiyimiz ekspertlər deyirlər ki, əslində Azərbaycanda dövlət təhlükəsizliyi və vətəndaşın vicdan azadlığı arasındakı sərhəd hələ də müəyyən olunmadığından sözü gedən plan narahatlıq doğura bilər. Bəzi müşahidəçilərə görə, dini ekstremal qüvvələrə qarşı mübarizə adı altında ölkədə insanların vicdan azadlığı tapdanır. Onların fikrincə, iqtidar bir çox hallarda «dini ekstremal qüvvələr» adı altında siyasi təbliğat aparmaq fürsətini də qaçırmır.

Ekspert Elşad Miri deyir ki, dini ekstremal qruplara qarşı mübarizə planının məxfi saxlanması anlaşandı, amma onun haqqında cəmiyyətə ümumi məlumat verilməlidir.

Digər söhbət etdiyimiz ekspertlər də hesab edirlər ki, dövlət təhlükəsizliyi və vətəndaşların vicdan azadlığı sərhədinin olub-olmadığını, ekstremal dini qüvvələr adı altında siyasi təbliğatın aparılıb-aparılmadığını bilmək üçün sözügedən planın tezisləri ictimaiyyətə açıqlanmalıdır.
XS
SM
MD
LG