Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:06

Türkiyə Azərbaycanı


Ermənistan-Türkiyə sərhədində keşikçi qülləsi, 7 aprel 2009
Ermənistan-Türkiyə sərhədində keşikçi qülləsi, 7 aprel 2009
Bizdə çox da hay-küy qopduğunu deyə bilmərik, ancaq Azərbaycan qaynayır. Azərbaycan Milli Məclisi Türkiyə ilə bağlı xüsusi sessiya keçirir. Azərbaycan radio və televiziyaları günlərdən bəri Türkiyəni müzakirə edir. Qəzetlərdə də neçə gündür ki, Türkiyə manşetdədir. Bir parlament heyəti Ankarada millət vəkilləri ilə görüşür, prezident tərəfindən qəbul edilir.

Hay-küyə qulaq asanda, azərilərin türk xarici siyasətinin bütövlükdə ermənilərin tərəfini tutduğuna inandığını anlayırsınız. Xarici İşlər naziri Ali Babacanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı üçün Yerevana getməsi bu inamı bir az da gücləndirir.
Türkiyə illərdən bəri izlədiyi siyasətdən vaz keçir və Ermənistanla münasibətləri inkişaf etdirmək məqsədi ilə Azərbaycanla ziddiyyətə hazırlaşırmı? 1993-cü ildə bağlanan Türkiyə ilə Ermənistan arasındakı sərhəd qapısı açılırmı?

Əslində, Azərbaycanda hay-küy qoparmağa səbəb olacaq yeni bir gəlişmədən söhbət getmir-ən azı indi getmir. Qapalı olan sərhədlər bu gün-sabah açılmayacaq. Türkiyə Ermənistanla yaxınlaşmaq üçün Azərbaycanı gözdən düşürməyəcək.

Baş verən hadisə budur: Yaxın vaxtlara qədər Türkiyə Qafqazdakı statik durumu dəyişdirmək üçün o qədər də ciddi-cəhd göstərmirdi; indi isə çıxılmaz vəziyyəti pozma və münasibətlərin normallaşması istiqamətində bir siyasət həyata keçirmək istəyir. Azərbaycanı kənara itələmək yox, Ermənistanı öz tərəfinə çəkmək niyyəti var Türkiyənin. Bunun necə ediləcəyinə dair axtarışlar davam edir.

Türkiyə Qafqazdakı statik durumla birlikdə yaşaya bilmir. Çünki statik vəziyyətin davam etməsi beynəlxalq arenada qarşısına böyük bir divar çıxarır. Avropada Türkiyəni narahat edən «soyqırımı qanunu»nu qəbul etməyən ölkə qalmadı. ABŞ-da demək olar ki, bütün ştatlar «soyqırımı» qəbul etdi, qanun layihəsi Konqresdə durur. Barak Hüseyn Obama bu il mesajında o sözü hər halda işlətməyəcək. Ancaq gələn il vəziyyətin dəyişməsini müşahidə edəcəyinə dair mesajı Ankarada verdi.

Türkiyə əlini-qolunu bağlayıb «Nə olacaqsa, olsun» - deyə bilməz. Bu məsələ ilə bağlı olaraq onu narahat etməyən beynəlxalq bir atmosferə ehtiyacı var və bu atmosferi yaratmaq yolunda addımlar atır. Bu addımlardan biri sərhəd qapısının açılması olacaq - buna şübhə yoxdur. Ancaq günü-vaxtı gələndə açılacaq olan sərhəd qapısı.

Azərbaycan Türkiyənin sərhəd qapısını açmaq üçün ciddi-cəhdlərini ermənilərin Qarabağda işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxmasından sonraya saxlamasını istəyir. Türkiyənin niyyəti də bu istiqamətdədir. Türk diplomatiyası üç tərəfi (Türkiyə, Azərbaycan, Ermənistan) rahatladacaq olan bir formul axtarır. Ermənistan Qarabağda işğal altındakı Azərbaycan torpaqlarını tərk edəcək, bunun əvəzində Türkiyə sərhədi açmaqdan da o tərəfə gedərək Ermənistanın ayaq üstə qalma mübarizəsinə dəstək verəcək olan bir formul hazırlayacaq (bunun içində enerji şəbəkələrinə daxil olmaq da var).

Belə bir vəziyyətdə Ermənistanın da beynəlxalq aləmdə Türkiyənin başını ağrıdan diaspora təzyiqlərini azaltması gözlənilir.

Bu, yeni bir siyasətdirmi? Xeyr. Bu, regionla bağlı siyasətdə Turqut Özalın Ermənistanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına daxil etməsindən də bəllidir. Daha sonra MHP lideri Alparslan Türkeş də Türkiyə ilə Ermənistanı yaxınlaşdırmağa təşəbbüs göstərmişdi.

Ermənistanın türk xarici siyasətinin ekranından düşməsi «statik siyasətlər» dövründə oldu; beynəlxalq arenada «soyqırımı qərarları» ilə Türkiyənin nəfəsinin kəsilməsi də o dövrün yadigarıdır. Türkiyə artıq bu dar döngədən çıxmaq məcburiyyətindədir.

Azərbaycanın canımyandı fəryadlar qoparmaq yerinə Türkiyə ilə birlikdə regional çəkisini artıracaq olan yeni bir diplomatiya dili yaratmasına ehtiyac vardır. Əgər Azərbaycan iqtidarı Qarabağdakı erməni işğalını həqiqətən sona çatdırmaq istəyirsə, buna nail olmağın yolu türk diplomatiyasına kömək etməkdən keçir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG