Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 22:43

Sərhədlərin açılmasına münasibətiniz necədir?


Ermənistanla sərhədə aparan yol, Qars, Akyara əyaləti, 15 aprel 2009
Ermənistanla sərhədə aparan yol, Qars, Akyara əyaləti, 15 aprel 2009
«Azadlıq» radiosu Azərbaycan cəmiyyətindəki tanınmışlardan son günlər müzakirə edilən bir məsələyə münasibət bildirmələrini istəyib. Türkiyə-Ermənistan sərhədləri açıla bilərmi? Kənardan onlar bu müzakirəni necə qiymətləndirirlər? Bəri başdan deyək ki, münasibətlər fərqlidir. Türkiyə-Azərbaycan gündəmini zəbt edən bu qızğın polemikanı soyuqqanlı izləməyi məsləhət görən də var, sərhədin açılmasından qorxmamağı tövsiyə edən də və sadəcə, bu müzakirələrin arxasında başqa mətləblərin gizləndiyini iddia edən də.

Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov:

Şirməmməd Hüseynov
«Vallah mən bir şeyə təəccüblənirəm ki, bu hakimiyyət xalqın başını qatışdırır, bəs siz niyə bunlara qoşulursuz?..Ölkənin prezidenti, baş naziri dedi ki, biz Qarabağ məsələsi həll olunmayınca, sərhəddi açmayacağıq. Ayrı nə istəyirsiz? Bu haqq-hesab nəyə görədir, olmayan yerdən qaşıyıb niyə qan çıxartmaq istəyirlər? Elə Türkiyədə də baş qarışdırmaq istəyənlər var və bu müzakirələri də onlar başlayıblar. Hakimiyyətdəki partiyanı nüfuzdan salmaq üçün hər şeyə gedirlər».

Xalq artisti, Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli:

Fərhad Bədəlbəyli
«İndiki məqamda istəməzdim emosiyalara qapılaq. Çox soyuqqanlı və praqmatik mövqe tutmaq lazımdır. Mən belə düşünürəm. Biz azərbaycanlılar isə həmişə emosiyalara qapılırıq, bu, köhnə xəstəlikdir. Bir qədər praqmatik olmaq lazımdır və hər bir situasiyadan xalq qazanmaq lazımdır… Təbii ki, bütün azərbaycanlılar Türkiyə-Ermənistan sərhədinin açılmasını istəmirlər. Bu, normaldır. Amma bu kampaniya zamanı türklərə qarşı emosiyalar hərdən sərtləşir. Unutmaq lazım deyil ki, Türkiyə həmişə Azərbaycanın yanında olub. 1918-ci ildə türklər bura gəlməsə, Bakıda bir azərbaycanlı qalmazdı. Sadəcə, bunu unutmaq lazım deyil. O ki qaldı, Ermənistanla sərhədlərin açılmasına, inanmıram açılsın. Məncə, bu oyundur. İki ay sonra nə olacaq, biz bilmirik».

Müğənni Akif İslamzadə:

Akif İslamzadə
«Türkiyə diplomatiyasının yüz illərlə hesablanan tarixi var. Bəlkə türk diplomatiyası sayəsində Qarabağ problemi də həll olunar. Bizimkilər 15 ildir bir iş görmürlər. Sərhəd açılmadıqca isə Ermənistan Rusiyanın qoltuğuna sığınır. Bunun da nə siyasi, nə iqtisadi xeyri var. Amma müəyyən şərtlərlə, yəni soyqırımı iddiasının geri götürülməsi, Qarabağ məsələsinin həlli şərtləri çərçivəsində sərhədi açmaq olar».

Xalq şairi Musa Yaqub:

«Türkiyə-Ermənistan sərhədlərinin açılması heç bir məntiqə sığmır. Türkiyə həmişə vədinə əməl edib, Azərbaycanla qardaş olduğun deyib.
Musa Yaqub
Və həmişə bəyan edib ki, Qarabağ qaytarılmayınca, sərhəd açılmayacaq. İndi nə baş verib, nə dəyişib ki, təzədən desin mən sərhədi açıram…Amma gizli söhbətlərdən belə görünür ki, bizim qardaşlarımız bu niyyətlərini reallaşdırmaq istəyiblər. Bəhanə də odur ki, sərhəd açılsın, Qarabağ məsələsi də elə bu proses əsnasında həll olunsun. Amma Ermənistan buna getməz. Mən Azərbaycan ziyalısı kimi sərhədin açılması ideyasına etiraz edirəm. Və hesab edirəm ki, bu baş verə bilməz. Bütün ictimaiyyət bunun qarşısında durmalıdır, həm Azərbaycan, həm Türkiyə ictimaiyyəti. Sərhəd açılmamalıdır, əlbəttə ki, ta torpaqlar qayıtmayana kimi».

Müğənni Azərin:

Azərin
«Türkiyə bu addımı atmayacaq və sərhədlərini açmayacaq. Axı burda sırf Qarabağdan söhbət getmir. Türkiyənin və Ermənistanın son illərdə qarşılıqlı atdıqları addımları götür-qoy edəndə görərik ki, heç nə baş verməyib. Ermənistan soyqırımı iddiasını geri götürməyib, Türkiyənin torpaq bütövlüyünü tanımır. Üçüncüsü də, Qarabağ məsələsi həll edilməyib. 1993-cü ildə Türkiyə Qarabağın işğalına görə Ermənistanla sərhədini bağlamışdı. Ortada dəyişən nə var ki, Türkiyə indi sərhədini açsın? Ermənistan da nəsə etməlidir ki, Türkiyə sərhədi açsın. Bu durumda sərhəd açılsa, gülünc görünər, düşünmürəm ki, Ankara bu addımı atar».

Yazıçı Seyran Səxavət:

Seyran Səxavət
«Türkiyə sərhədini açmaqla Azərbaycanla münasibətləri qapamış olar. Bu da düzgün olmaz. Hər insanın mənəviyyatı, şəxsiyyəti olduğu kimi, hər dövlətin də öz mənəvi dəyərləri var. Türkiyə də mənəvi prinsipləri olan dövlətdir. İnanmıram sərhədi açsın. Beynəlxalq aləm ona təzyiq edə bilər. Amma müəyyən tarixi olan Türkiyə diplomatiyasının təzyiqə müqaviməti yoxdursa, bu, necə başa düşülməlidir? Sərhədi qətiyyən açmaq olmaz. Həm də bu addım Türkiyəyə hörmət gətirməz. Türkiyə Ermənistanın qarşısında əsir qalmış kimi görünər…»

Buna da bax:

XS
SM
MD
LG