Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:27

Prezidentlər daha çox iqtisadi məsələləri müzakirə edəcək


Politoloq deyir ki, D.Medvedevin İ.Əliyevdən bəzi xahişləri də ola bilər
Politoloq deyir ki, D.Medvedevin İ.Əliyevdən bəzi xahişləri də ola bilər
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin İlham Əliyevin Moskvaya aprelin 16-da başlamış işgüzar səfərində daha çox iqtisadi məsələlərin müzakirə mövzusu olacağını bildirib. Səfirin sözlərinə görə, Azərbaycan Rusiya «Qazprom»unun təkliflərini dəyərləndirir və may ayında iki ölkə arasında yeni qaz sazişi imzalana bilər. V.Doroxin onu da bildirib ki, dövlət başçıları həm də regional məsələləri, o cümlədən Xəzərin bölüşdürülməsi məsələsini müzakirə edəcəklər:

- İki ölkə arasında münasibətlərin nə qədər sıx olduğunu bu ölkələrin dövlət başçılarının görüşünün intensivliyilə də ölçmək olar. Rusiya ilə Azərbaycan arasında ən yüksək səviyyədə dialoq davam edir və bu dialoqun məzmunu çox dərindir. Dövlət başçılarının bir-birinə etibarı Rusiya ilə Azərbaycan arasında indiki münasibətlərin önəmli faktorudur.

Səfirin sözlərinə görə, Rusiya ilə Azərbaycanın enerji sahəsində işbirliyinin dərinləşdirilməsi hər hansı üçüncü dövlətə qarşı yönəlməyib. Əgər Rusiya Azərbaycandan təbii qaz alsa, rəsmi Bakıya hər hansı siyasi öhdəliklər diqtə etməyəcək. V.Doroxin deyir ki, söhbət Qərbin dəstəklədiyi «Nabucco» layihəsindən gedir. Səfir bildirir ki, bu, sırf biznesdir və hər hansı üçüncü dövlətə qarşı yönəlməyib.

Politoloq Arif Yunus isə düşünür ki, İlham Əliyevin Dmitri Medvedevlə görüşündə daha çox regionun siyasi durumu müzakirə olunacaq. O, Rusiyanın enerji layihələrinin də sırf siyasi xarakter daşıdığını bildirir:

- Rusiya enerji faktorunu həm Gürcüstana, həm də başqa MDB ölkələrinə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edir. Mən inanmıram ki, bu, yalnız kommersiya məsələsidir. Başqa tərəfdən, mən yeni enerji sazişlərinin olacağını da düşünmürəm. Çünki bu gün regionda böyük geosiyasi oyun gedir. Bu oyun ötən ilin avqustunda Rusiyanın Gürcüstana müdaxiləsindən sonra başlayıb. Bu gün Rusiya da, Türkiyə də regionda böyük rol oynayır. Bu səbəbdən Azərbaycan Qərb də daxil olmaqla üç siyasi gücün təzyiqi altında qalıb.

Politoloqun fikrincə, Qarabağ münaqişəsinin çözülməməsi, Türkiyənin Ermənistanla sərhədləri açması məsələsinin gündəmə gətirildiyi, Qərbin regionda Rusiyanın mövqeyini zəiflətməyə çalışdığı bir dönəmdə Azərbaycan çox ciddi seçim qarşısında qalıb.

Politoloq Vəfa Quluzadə isə əmindir ki, Azərbaycan və Rusiya prezidentlərinin görüşündə əsasən enerjidaşıyıcıları sahəsində münasibətlərin dərinləşdirilməsi məsələsi müzakirə olunacaq:

- Çünki Rusiya dəhşətli böhran içərisindədir. Ona görə də Rusiyanı daha çox iqtisadi məsələlər maraqlandırır. Bu səfər çərçivəsində Qarabağ danışıqları ilə bağlı hər hansı yenilik olacağına isə inanmıram. Çünki Rusiyanın Qarabağ məsələsində dövlət mövqeyi dəyişməyib. Yəni indiki «nə hərb, nə sülh» şəraiti Rusiyanı təmin edir.

V.Quluzadə onu da bildirir ki, D.Medvedevin İ.Əliyevdən bəzi xahişləri də ola bilər. NATO-ya inteqrasiyanın yubadılması, ABŞ-ın Azərbaycanda raket-radar sistemləri quraşdırmaması ilə bağlı.
XS
SM
MD
LG