Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

«Böyük dünyanın kiçik dükanlara da təsiri olur»


Mirəhməd Abdullayev
Mirəhməd Abdullayev
...Onun dükanı bazarın kiçik bir hissəsində olsa da, dəmirçi alətlərinin səsi lap uzaqdan gəlir. Mirəhməd Abdullayev babalarının neçə əsr əvvəlki peşəsiylə - dəmirçiliklə illərdir məşğul olur:

«Hər şey düzəldirəm - soba, manqal, maşa, şiş...Bunlar qədimdə də istifadə olunub. Sacqovurma deyirlər buna, yemək bişəndən sonra qoyursan isti qalır. Bunlarsa çörək bişirmək üçün sobalardır».

Dəmirçi deyir ki, bu vaxta qədər işləri pis getməyib. Ancaq son vaxtlar dünyanı başına götürən maliyyə böhranı onun dükanının da qapısını döyüb. Bir az müştəriləri azalıb, bir az da material almaqda çətinlik çəkir:

«Bəlkə deyərlər ki, a kişi, böhran hara, sənin dəmirçi dükanın hara? Ancaq elə deyil, böyük dünyanın kiçik dükanlara da təsiri olur».

Mirəhməd Abdullayev deyir ki, əgər böhranı o hiss eləyirsə, gör böyük mağaza sahibləri nə çəkir. Ancaq bu böhran dövründə belə, dəmirçi dünyayla qurduğu əlaqələri üzmür:

«Düzəltdiyim əşyalar tək burda satılmır, başqa ölkələrə də gedib çıxır. Alverçilər var, Moskvada, Sankt-Peterburqda, Çində aparıb satırlar. Maraqlananlar çoxdur, şagirdlərim də var».

Ustanın şağirdi Əkrəmsə deyir ki, indi adamlar daha çox müasir peşələr seçsələr də, o, qədimliyə üz tutub, işindən də zövq alır:

«Ustaya çox şeyə görə borcluyam, bu cür sənəti mənə öyrədib. Hamı asan sahəyə qaçsa, onda nə olar, burda da kimsə işləməlidir. Çətin olsa da, öz sənətimizdən zövq alırıq. Dəmirdən əsasən camaata lazım olan şeylər hazırlayırıq. Bu dəzgahları da özümüz istehsal etmişik. Feodalizm qalığı kimi bir şeydir. Primitiv üsullarla işləyirik. Gözəl sənətdir, ancaq təəssüf ki, qiymət verən yoxdur».

Usta da, şagirdi də deyirlər ki, heç olmasa bu böhran dövründə hökumət onlara yardım eləsə, bu sənəti inkişaf etdirə bilərlər:

«Əgər bu sənətə qiymət verən olsa, dəmirçilik bundan da yaxşı inkişaf edər».

Dəmirçi Mirəhməd səhərdən-axşama qədər işləyir. Deyir ki, «dəmiri isti-isti döyərlər» məsəli elə-belə yaranmayıb, bu, hər şeyi zamanında eləmək, hər işi vaxtında görmək mənasını verir. Hər kəs öz işinin dəmirini isti-isti döysə, onun kimi nə vaxt azlığından gileylənər, nə də işindən yorular. Dünyada maliyyə böhranı olsa belə…
XS
SM
MD
LG