Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:57

«Avropa Məhkəməsi heç kimi milyonçu etməyəcək»


Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev
«Bizim yol»: Son zamanlar Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı qərarlar, onların icra vəziyyəti, edilən yeni şikayətlər diqqət mərkəzindədir. Məsələ ilə bağlı qəzetin suallarını Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev cavablandırıb.
«Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti yoxdur. Haqqı pozulan vətəndaşın məhkəmə yolu ilə ədaləti bərpa edəcəyinə çox az adamda inam var. Xüsusən söhbət fundamental insan hüquqlarından - qanunsuz həbslər, işgəncələr, ayrı-seçkilik, birləşmək, toplaşmaq, media, vicdan və hökumətin «qara dəftərinə» salınmış digər hüquq və azadlıqlarla bağlı işlərdə vətəndaşın, ümumiyyətlə, qalib gəlmək şansı yoxdur…

- Amma çoxları düşünür ki, Strasburq Məhkəməsindən istənilən on minlərin, yüz minlərin müqabilində verilən məbləğlər həddən artıq azdır…

- Kompensasiya təyin ediləndə xeyli amillər, o cümlədən ölkədə insanların həyat səviyyəsi də nəzərə alınır. Ona görə Avropa Məhkəməsinin əli ilə milyonçu olmaq istəyənləri hətta işləri udacaqları halda bu mənada məyusluq gözləyir. Hesab edirəm ki, bu qərarların vətəndaşlara ödənilən kompensasiyadan heç də az əhəmiyyətli olmayan başqa özəllikləri var. O, dövlətləri məcbur edir ki, qanunvericiliyini və tətbiqi praktikasını təkmilləşdirsin. İkincisi, insan hüquqlarının acınacaqlı vəziyyəti, məhkəmə-hüquq sistemindəki biabırçılıqlar barədə deyilənləri hakimiyyət əksər hallarda böhtan, qərəzli yanaşma kimi təqdim edir. Amma bu özbaşınalıq və qanunsuzluqlar Avropa Məhkəməsi səviyyəsində hüquqi qiymətini tapsa, bu faktı danmaq və ona müxtəlif rənglər vurmaq çətin olur».

Hüquqşünas daha sonra deyir: «Azərbaycanla bağlı çıxarılmış qərarlar üzrə təcrübə onu göstərir ki, Azərbaycanın bu öhdəliyi real icra etmək əvəzinə, belə bir görüntünü yaratmaq istəyəcəyi barədə narahatlıqlar əsassız deyil. Görünür, bir xeyli vaxt lazım gələcək ki, Avropanı başa salaq ki, Ali Məhkəmənin Plenum keçirməsi, işi apellyasiya məhkəməsinə qaytarması hələ heç nə demək deyil».

«Yeni Müsavat»: «Doğru fikirdir: «Ac ölkədə demokratiya olmur». Bunu AMİP lideri Etibar Məmmədov bu günlərdə internet forumunda bildirib. Söz yox, ondan əvvəl də eyni fikirləri səsləndirənlər olub, ondan sonra da olacaq». Xalid Kazımlı «Ən böyük sərvət» sərlövhəli köşə yazında belə yazır.

«Ancaq vurğulanmalı əsas məqam odur ki, ən kasıb demokratik ölkənin əhalisinin rifahı ümumi şəkildə götürəndə ən varlı diktatura rejimində yaşayan insanların vəziyyətindən elə də aşağı deyil. Bunun üstünə özünü azad saymaq, hüquqlu vətəndaş hiss etmək kimi amilləri də gələndə fərq böyüyür və şüurlu insanların tam əksəriyyəti yüksək rifah vəd etməyən demokratik rejimi diktaturadan üstün tutur».

«Azadlıq»: «Hakim Yeni Azərbaycan Partiyası qəribə şəkildə susur, görünməməyə çalışır. Bu məqamda onun kölgəyə çəkilməsinə izah tapmaq çətindən çətin… Türkiyə-Ermənistan sərhədlərinin açılmasına Yazıçılar Birliyi və Qafqaz Müsəlmanları İdarəsindən tutmuş QHT-lərə, media mənsublarına və müxalifət qurumlarına kimi bütün kateqoriyaların münasibəti əyan oldu, bircə YAP əyanları görünmək istəmədilər». Qurban Yaquboğlu «YAP əlifba sırasında…» adlı köşə məqaləsində belə yazır.

«Hakim partiya bəyanat yaymadı, tanınmış funksionerlər, o cümlədən partiya sədrinin birinci müavini Əli Əhmədov bu mövzuda hər hansı açıqlamayla çıxış etmədi. Hətta YAP Siyasi Şurasının ən çox danışan üzvü Aydın Mirzəzadənin də səsi eşidilmədi.
Bir yandan ictimaiyyətə mesajlar ötürür, him-cim eləyirlər ki, Türkiyə Ermənistanla sərhədləri açsa Azərbaycanın vəziyyəti bir az da yoğunlayacaq, di gəl, fikirlərini açıq-aydın ifadə eləməkdən boyun qaçırırlar. İşarəylə, göz-qaşıa danışırlar…»

«Səs»: «Radikal müxalifətin sosial bazası yox dərəcəsindədir».

«Son zamanlar radikal düşərgədə cərəyan edən gərgin proseslər hər kəsə məlumdur. Belə ki, partiya üzvlərinin müxalifət partiyalardan getməsi radikalların sosial bazasını zəiflədib.
Məsələyə münasibət bildirən «Yurddaş» Partiyasının sədri Mais Səfərli bunu xalqın müxalifətə inamsızlığı ilə bağlı olduğunu bildirdi: «Xalqımız 15 ildən artıqdır ki, radikallara yox deyir. Çünki Azərbaycan xalqı onların iç üzünə bələddir».

«Ölkə vətəndaşlarının inandığı bir şəxsiyyət var, bu da ulu öndərimizin uğurlu siyasətinin, işıqlı ideyalarının layiqli davamçısı cənab İlham Əliyevdir. O, təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının lideridir. Türkiyə-Ermənistan məsələsində ölkə rəhbərimizin qətiyyətli mövqeyi, milli maraqları hər şeydən üstün tutması, eləcə də, bu məsələdə xalqımızın, bütün türk dünyasının İlham Əliyev cənablarına dəstək olması bunun bir daha bariz nümunəsidir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG