Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 05:20

Lökbatana köçən sahibkarlar narazıdırlar


Köhnə «Binə» ticarət mərkəzindən köçən sahibkarlar yavaş-yavaş Lökbatan dairəsindəki eyni adlı ticarət mərkəzinə üz tuturlar
Köhnə «Binə» ticarət mərkəzindən köçən sahibkarlar yavaş-yavaş Lökbatan dairəsindəki eyni adlı ticarət mərkəzinə üz tuturlar
Sahibkar Əfqan Məmmədov deyir ki, əlində olan bütün pullarını verib Lökbatan dairəsindəki yeni ticarət mərkəzinin 12-ci cərgəsində kvadrat metri 1000 manatdan 23 kvadrat metrlik yer alıb. Amma həmin cərgədə mağazalar yenicə tikilməyə başlandığından ona işlərin 3-4 ilə yekunlaşacağını deyiblər. Ə.Məmmədov deyir ki, hər kvadrat metrə 1000 manat ödəməklə iş bitmir. Bundan əlavə sahibkardan təmir və reklam üçün də pul istənilir:

«23 kvadrat metrlik mağazanın təmiri üçün 3 min manat, mağazaların televiziyada reklamı üçünsə 350 manat istəyirlər».

Ə.Məmmədov deyir ki, bu qədər pul verməsinə baxmayaraq, onun aldığı mağaza 3-4 ilə istifadəyə hazır ola, ya olmaya.

İndi ona ticarət mərkəzinin istifadəyə hazır olan ilkin cərgələrindən aylıq icarə haqqı 1500 manata olan mağaza təklif edilir.

Yeni ticarət mərkəzində qızğın təmir işləri getməkdədir.

Aeroport yaxınlığındakı köhnə «Binə» ticarət mərkəzindən köçən sahibkarlar yavaş-yavaş Lökbatan dairəsindəki eyni adlı ticarət mərkəzinə üz tuturlar.

Köhnə «Binə» aprelin 13-dən fəaliyyətini dayandırdığından sahibkarlar öz mallarını yeni ticarət mərkəzinə daşıyırlar. Hazırda yeni ticarət mərkəzində yalnız bir ayaqqabı dükanı fəaliyyət göstərir.

Sahibkarlar həm mağazaları alıblar, həm də icarəyə götürüblər
Hər biri 500 metr uzunluğunda olan 24 cərgəlik ticarət mərkəzinin 5-6 cərgəsində təmir işləri yekunlaşmaq üzrədir.

Köhnə «Binə» yarmarkasından çıxarılan sahibkarlar icarəyə götürdükləri mağazaların əyər-əskiyini düzəltməkdədirlər. Artıq köhnə ticarət mərkəzindən üzülüşən sahibkarlar hələlik çətin vəziyyətdə olduqlarını deyirlər.

Məlum oldu ki, əsasən 60-80 və 40 kvadratmetrlik mağazalara görə, sahibkarlar hər kvadrat metrə 200 manatdan tutmuş 1000 manata qədər pul ödəyiblər.

Amma buna baxmayaraq, mağazalar onların mülkiyyətinə deyil, icarəsinə verilib. Rəsmi sənədlərdə də göstərilir ki, sahibkarlar həmin mağazaları ticarət mərkəzindən icarəyə götürüblər.

Sahibkarlar deyirlər ki, əslində onlar həm mağazanı alıblar, həm də icarəyə götürüblər:

- Mənim öz mağazam ola-ola aylıq verəcəyim pul 850 manat olacaq. Yəni mən öz mağazamı işlədəndən sonra ayda da bu qədər pul verəcəm. Harda belə şey var? Onda niyə bizdən təmir, reklam pulu alırdılar? Elə tikib verəydilər bizə, biz də lap ayı 1000 manatdan icarə haqqı ödəyib həmin mağazaları işlədəydik.

Artıq iki gündür mərkəzin rəhbəri təmir olunmuş yeni mağazaların açarlarını mağaza sahiblərinə paylamaqdadır
Bəzi sahibkarlar isə icarə məbləğinin 500 manatdan yuxarı olmayacağını bildirdilər. Amma ticarət mərkəzinin rəsmiləri sahibkarların dediklərini əsassız söz-söhbət adlandırırlar.

Sahibkarlarsa yaranmış vəziyyətlə bağlı hardansa kömək də ummurlar. Deyirlər ki, onsuz da indiyə qədər onların səsinə səs verən, şikayətlərini eşidən olmayıb. Sahibkarlar deyirlər ki, bir dəfə köhnə ticarət mərkəzinin köçürülməsinə etiraz edib, möhlət verilməsini istəmişdilər, onda da 7-8 nəfəri polis aparmışdı. Bu səbəbdən də onlar başlarını aşağı salıb ticarətləri ilə məşğul olmaq istədiklərini bildirirlər.

Yeni ticarət mərkəzinin nə vaxt fəaliyyətə başlayacağına gəlincəsə, bu barədə konkret bir söz deyilmir. Kimi iki gündən sonra, kimisə də mayın 10-da mərkəzin rəsmi açılış mərasiminin olacağını bildirir. Amma yaxın vaxtlarda ticarət mərkəzinin bir hissəsinin istifadəyə veriləcəyi dəqiqdir. Çünki artıq iki gündür mərkəzin rəhbəri təmir olunmuş yeni mağazaların açarlarını mağaza sahiblərinə paylamaqdadır. Bu səbəbdən də dünəndən sahibkarlar ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın otağının ağzında növbəyə durublar.

Elə bu növbəyə görə Kəbirə Məmmədova bizimlə görüşə bilməyəcəyini bildirdi.
XS
SM
MD
LG