Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 14:51

Türkiyə günahkardırmı?


Türkiyə regiondakı dövlətlərin hamısı ilə yaxşı münasibətləri olan dövlətə çevrilmək istəyir
Türkiyə regiondakı dövlətlərin hamısı ilə yaxşı münasibətləri olan dövlətə çevrilmək istəyir
«Türkiyə Azərbaycanı satdı», «Türkiyə Azərbaycana xəyanət etdi» və s. İndi mətbuatda belə fikirlərə rast gəlmək mümkündür. Bəs həqiqət necədir?

Deyirlər ki, Türkiyə Azərbaycana görə Ermənistan bütün əlaqələri kəsib. İndi isə, əksinə, bu əlaqələri bərpa etməyə cəhd edir.

Soruşmaq lazımdır ki, Azərbaycan Türkiyə üçün nə edib? Hamı PKK-nı terrorçu təşkilat kimi tanıyanda Azərbaycanın dövlət rəsmiləri bu məsələ ilə bağlı şifahi bəyanatlarla kifayətlənirdilər. Kipr probleminin həllində Azərbaycanın Türkiyəyə hər hansı yardımı olubmu? Təbii ki, yox!

Xarici siyasətdə tələsik nəticələr çıxarmaq düzgün deyil. Hələ heç kim Azərbaycanın maraqlarına zidd hərəkət etməyib. Sözsüz, bu o demək deyil ki, azərbaycanlılar sakitcə oturub seyrçi mövqe tutmalıdır. Hərəkət etmək, Türkiyənin dövlət rəsmiləri ilə danışıqlarda bu problemi onların nəzərinə çatdırmaq lazımdır.

Ola bilsin, bu, Türkiyə tərəfindən həyata keçirilən bir siyasi manevrdir, çünki Avropa Birliyi və eləcə də digər beynəlxalq qurumlar Ermənistana qarşı münasibəti dəyişməyin zəruri olduğunu dəfələrlə onun nəzərinə çatdırılıb.

Burada bir detalı da qeyd etmək lazımdır. Bəzi politoloqların fikrincə, Türkiyənin Ermənistanla yaxınlaşmağı, Yerevanın Ankaraya qarşı münasibətinin dəyişməsi Azərbaycanın da xeyrinədir. Əvvəllər Minsk qrupuna həmsədrlər seçilərkən Ermənistan Türkiyənin adının çəkilməsini belə istəmirdi. Üstəlik, hamıya məlumdur ki, Ermənistan-Rusiya əlaqələri zəifləsə, bunun Qarabağ problemi üçün mühüm əhəmiyyəti ola bilər. Hazırda bu problemin həll olunmasına Rusiya imkan vermir. Onu da qeyd etmək lazımdır ki, Türkiyə özünün xarici siyasətini tamamilə Azərbaycanın maraqlarına tabe etdirə bilməz.

Güman ki, son nəticədə problem Azərbaycana sərf edəcək şəkildə həll olunacaq. Türkiyə indi güclü və həm də regiondakı dövlətlərin hamısı ilə yaxşı münasibətləri olan dövlətə çevrilmək istəyir. Amma o, buna nail ola biləcəkmi? Ona görə ki, regionda İran və Rusiya kimi dövlətlər var - hansılar ki, həmişə Türkiyəyə qarşı qərəzli münasibətdə olublar.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG