Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:46

«Forbes» jurnalının «Vergi zülmü» siyahısı


Gör səni nə günə qoydular, mənim «zavallı» maaşım! Hər il dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda bir çox insanlar ayın axırı «çərçivə»dən halal-hümmət əməkhaqqını alanda bu hissləri keçirir - vergi çıxılandan sonra əlinə aldığı pulu saya-saya köks ötürür. Amma sual yaranır ki, bütün bu vergilərin müqabilində dövlət bizə nə verir?

«Ən zalım və rəhmdil ölkələr»

Nüfuzlu «Forbes» jurnalının son «Vergi zülmü» araşdırması 65 ölkəni əhatə edir. Siyahının başında ən «zalım» ölkələr yer alıb - Fransa, Çin, Belçika, İsveç...Siyahının quyruğunda «vergi damarı zəif olan» ölkələr qərarlaşıb - Qatar, Birləşmiş Ərəb Əmirlikləri, Honkonq, Gürcüstan...

Azərbaycan «Forbes»in siyahısının ortalarındadır - 36-cı yerdə. Burda işçi qazancının 38 faizini «dövlətin daxılı»na atmalıdır. Bunun 35 faizi vergi, 3 faizi isə sosial sığorta ödənişidir.

Şirkətlər isə 22 faiz mənfəət vergisi ödəməlidir. Bundan başqa, onların boynunda işçi üçün 22 faiz sosial sığorta ödənişi etmək «yükü» var. Bu da dünya təcrübəsi prizmasından orta göstəricidir. Məsələn, siyahıya görə, şirkətlər ən çox ABŞ-ın Nyu-York şəhərində «zülüm çəkir», burda mənfəət vergisi 46 faizdir. Yaponiyada bu yük 41, Pakistanda 35 faizdir. Ən aşağı mənfəət vergisi Kipr, Bolqarıstan və Makedoniyadadır (10 faiz). Mənfəət vergisinin ödənmədiyi ölkə də var - Birləşmiş Ərəb Əmirlikləri.
Dünyada şirkətlər üçün əlavə dəyər vergisinin «tavanı» 25 faizdir. İsveç, Danimarka, Braziliyada məhz belədir. Azərbaycan bu verginin ən çox olmasa da, çox alındığı ölkələr sırasındadır - 18 faiz.

Qatarda bircə vergi var

O ki qaldı işçilərin ödədiyi vergiyə, «Forbes»in siyahısına görə, qatarlı məhəmmədlər, zeynəblər maaşları nə qədərdisə, evə də o qədər pul gətirirlər, çünki bu ölkədə işçilər vergi vermirlər. (Ümumiyyətlə ölkədə bircə vergi var - o da şirkətlərin ödədiyi mənfəət vergisidir). Halbuki məsələn, Fransada işçinin qazandığının 67 faizini «tutub əlindən alırlar» (52 faiz vergi+15 faiz sosial sığorta ödənişi).

Yalnız sosial sığorta ödənişinin işçinin boynuna düşən hissəsinə görə, Azərbaycan ən «yaşamalı yerdi» - 3 faiz. Müqayisə üçün deyək ki, Hollandiyada bu göstərici 31, Çində isə 23 faizdir.

Biri var vergi, biri var «qeyri-rəsmi vergi»

İqtisadçı ekspert Azər Mehtiyev deyir ki, rəsmi olaraq Azərbaycanda biznesmenlərin ödədiyi vergilər və ödənişlər normal sayıla bilər və orta dünya göstəricilərinə aiddir. Amma onun fikrincə, ölkədə korrupsiya o qədər dərin kök salıb ki, «qeyri-rəsmi vergilər»i də bura əlavə edəndə bəlkə də Azərbaycanı dünyada biznesin ən çox zülüm çəkdiyi ölkələr siyahısına salmaq olar.

A.Mehtiyev deyir ki, məhz buna görə, sahibkarlar bu yükü azaltmaq üçün rəsmi vergilərdən və sosial ödənişlərdən yayınmağa çalışırlar. O cümlədən bir çoxları ikili mühasibat vasitəsilə işçilərə sənədlərdə cüzi maaş verir, əməkhaqqının böyük hissəsini isə «zərfdə» ödəyirlər.

Bu isə iqtisadçının fikrincə, işçinin sosial sığortasının çox zəif olması ilə nəticələnir, pensiya fonduna çox az vəsait toplanır.

Bundan başqa, A.Mehtiyev bildirir ki, Azərbaycan hələ də məcburi tibbi sığorta sisteminə keçməyib, ona görə də səhiyyə rəsmən pulsuz olsa da, işçilər öz sağlamlığının qeydinə özləri qalmalı, bir çox hallarda həkimlərə rüşvət verməli olurlar.

Mənim dövlətim məni qoruyur

Danimarkalı jurnalist Morten Hansen isə «Azadlıq» radiosuna müsahibəsində deyir ki, onun ölkəsində vergilər çox yüksəkdir və hər ay qazancının yarısından çoxuna «əlvida deməli olur». Danimarkada işçinin ödədiyi vergi 51,5 faizdir. Bundan başqa, sosial sığorta ödənişi də tam olaraq işçinin boynuna düşür - 18 faiz. Amma bütün bu minuslar danimarkalı jurnalistin qanını çox qaraltmır - sonda əlinə gələn təxminən 3 min dollar maaş onu qane edir:

«Buna «OK» demək olar. Məsələn, mən ali təhsil almağıma görə heç nə ödəməmişəm. Bundan başqa, əgər xəstəxanaya düşsəm, heç bir xərcim çıxmayacaq. Bunun da pulunu dövlət ödəyir. Dövlət hətta ailələri müflis edə biləcək xəstəliklərin də müalicəsini öz üzərinə götürüb, məsələn, xərçəng xəstəliyinin».

Danimarkada hətta hamiləlik dövründə qadının səhiyyə xərcləri, o cümlədən uşaq dünyaya gətirməsi xərcləri də dövlətin hesabınadır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG