Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 23:54

Markes ədəbiyyatdan getdi...


Qabriel Qarsia Markes ədəbiyyatla vidalaşdığını deyir. Hazırda onun 82 yaşı var
Qabriel Qarsia Markes ədəbiyyatla vidalaşdığını deyir. Hazırda onun 82 yaşı var
Ünlü Kolumbiya yazıçısı Qabriel Qarsia Markes açıqlama verərək ədəbiyyatla vidalaşdığını bildirib. Hazırda onun 82 yaşı var.

Markes ən məşhur əsəri olan «Tənhalığın yüz ili» romanını 1966-cı ildə nəşr edib, Nobel mükafatını isə yazıçı 1982-ci ildə alıb.

Böyük yazarlar ədəbiyyatdan ayrılanda dünyanın düzəni necə dəyişir? Azərbaycanda Markesin addımını təkrarlamaq istəyən yazıçı varmı? «Azadlıq» radiosunun «Can Bakı» proqramı bu suallarla ölkənin tanınmış yazarlarına üz tutdu.

Anar, Yazıçılar Birliyinin sədri:
«Mənim ədəbiyyatdan getmək fikrim yoxdur»


«Mən bilmirəm Markes hansı kontekstdə belə bəyanat verib. Amma hər halda öz qərarıdır. Əlbəttə, təəssüf ki, Markes kimi böyük yazıçı bundan sonra yazmayacaq. Azərbaycanda 1400 yazıçı var, onların necə qərar verəcəyini deyə bilmərəm. Mənim özümün isə ədəbiyyatdan getmək fikrim yoxdur, ömrümün axırına qədər də olmayacaq».

Əkrəm Əylisli, yazıçı, millət vəkili:

«Markes ədəbiyyatdan heç vaxt gedə bilməz»
«Markes ədəbiyyatdan heç vaxt gedə bilməz. Məgər dənizin suyu dənizdən gedə bilər? Azərbaycan yazıçılarını isə biz hərdən həddən çox şişirdirik Markeslə müqayisə oluna biləcək yazıçı yetişdirmək üçün Azərbaycan insanı illər boyunca daxilən azad olmalıdır. Amma orası da var ki, yazıçının böyüklüyü oxucunun səviyyəsindən də asılıdır. Baxın görün bizim oxucu indi nəyi oxuyur? Oxucu da silkələnməlidir. Nə qədər ki, oxucu kütləsinin zövqü belə qalacaq, Azərbaycanda heç vaxt Dostoyevski çıxmayacaq. İndi Azərbaycan ədəbiyyatında uydurulmuş, yalançı, nəinki zəif, hətta qrafomanlar var ki, özlərini böyük yazıçı sayırlar».

Rüstəm Behrudi, şair:
«Bizdə adi cızma-qara yazan adam ədəbiyyatdan əl çəkməz»


«Markes mütləq nəsə yazacaq. O cür əsərlər yazan adam mütləq yazacaq. Ola bilər bir az qocalıb, işləyə bilmir. Amma istənilən yazıçı ölənə kimi işləyəcək. Bizdə isə kiminsə belə qərar verməsi çox çətin olar. Bizdə adi cızma-qara yazan adam ədəbiyyatdan əl çəkməz. Hamısı özünü dahi hesab edir. Onlar Markes deyillər ki, yazmaqdan əl çəksinlər...»

Kamal Abdulla, yazıçı:
«Ədəbiyyata sağ ol demirlər, ədəbiyyata əlvida deyirlər»


«Bunu çox adamlar deyib. Dəfələrlə olub ki əlyazmaları yandırıblar, amma yenidən qayıdıblar. Ədəbiyyatla yalnız yaza bilməyəndə qurtarırlar, onu elan etmirlər. Markes istəyir vidalaşsın, istəyir yox, amma o, ədəbiyyat tarixində olduğu kimi qalacaq. Ədəbiyyata sağ ol demirlər, ədəbiyyata əlvida deyirlər. O da yalnız dünyaya əlvida deyəndə baş verir. Bizə gələndə, o qədər yazıçı var ki, heç onların Markesin hərəkətini təkrarlamasına ehtiyac yoxdur. Çünki onlar onsuz da yoxdurlar».
XS
SM
MD
LG