Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:28

«Barmek»in gedişi hansı fəsadlar verə bilər?


«Barmek»in xidmət etdiyi ərazilər «BakıElektrikŞəbəkə»yə qaytarıla bilər
«Barmek»in xidmət etdiyi ərazilər «BakıElektrikŞəbəkə»yə qaytarıla bilər

«Barmek» şirkətinin ayın axırına işini dayandıra biləcəyini deyilir. İqtisadi İnkişaf naziri Heydər Babayev isə cavab verir ki, belə olan təqdirdə həmin işi dövlətin «BakıElektrikŞəbəkə»si görəcək.


Dövlət rəsmiləri və mütəxəssislərin dediklərinə görə, «Barmek» ölkədən gedərsə, sıravi istehlakçı bundan ziyan çəkməyəcək. «Azərenerji» Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov bildirir ki, onsuz da Bakının, Sumqayıtın və şimal rayonlarının enerji paylama sistemi «Barmek»in şəxsi əmlakı deyil, əvvəlcədən mövcud olub və sadəcə, həmin şirkətə icarəyə verilib.


«Turan-Enerji» məcmuəsinin redaktoru İlham Şaban da düşünür ki, «Barmek» ölkədən getsə də, istehlakçıların işığı normal qaydada veriləcək. O, yada salır ki, bölgələrdəki enerji paylama sistemini işlədən «Bayva» şirkəti ilə müqavilə ləğv ediləndən sonra da əhalinin enerjiylə təminatı əvvəlki qaydada davam edir. Amma cənab Şaban hesab edir ki, əhali bu məsələdən dolayısı ilə ziyan çəkə bilər. O mənada ki, indi hökumət «Barmek»in sərmayə öhdəliklərini yerinə yetirmədiyini iddia edir və əgər türk şirkəti Azərbaycandan gedərsə, dövlət bu sahəyə investisiyalar ayırmağa başlayacaq. Özü də çox güman ki 100 milyonlarla dollar həcmində. Halbuki o pullar pensiyaların və ya dövlət qulluqçularının maaşlarının artırılmasına xərclənə bilərdi.


Əgər məsələ Beynəlxalq Arbitraj Məhkəməsinə gedib çıxarsa, «Barmek» şirkəti bir neçə sənədə əsaslana bilər. Hüquqşünas Fuad Ağayevin bildirdiyinə görə, sərmayələrin təşviqi və qorunmasıyla bağlı iki çoxtərəfli beynəlxalq müqavilə var – Seul və Vaşinqton müqavilələri. Bundan başqa, Türkiyə və Azərbaycan arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında müqavilə də var. Həmin sənədə görə, türkiyəli investorlar Azərbaycanda bir sıra imtiyazlara və hüquqlara malikdirlər. Amma cənab Ağayevin bildirdiyinə görə, əsas sənəd «Barmek»lə Azərbaycan hökuməti arasında bağlanan müqavilədir. Hüquqşünas konkret olaraq «Barmek»in məhkəmə yoluyla nəyəsə nail ola biləcəyi haqqında fikir söyləməyin düzgün olmadığını deyir. Çünki bu məhkəmənin işidir. Amma Fuad Ağayevin fikrincə, əgər hüquqi əsas olarsa, xarici investorun Beynəlxalq Arbitraj Məhkəməsində öz iddialarının təmin edilməsinə nail olması çətin deyil.


Bundan əvvəl Türkiyənin «Saka Korkmaz» şirkətiylə də Azərbaycan hökuməti arasında mübahisə birincinin iddialarının təmin edilməsiylə nəticələnmişdi. Təyyarələrinin, gəmilərinin həbs edilməsi təhlükəsi ilə üzləşən hökumət şirkətə borcunu ödəməli olmuşdu.


O ki qaldı bu mübahisənin ölkədəki sərmayə mühitinə mümkün təsirlərinə, müxalifət mətbuatı yazır ki, türk şirkətinin başına gələnlər Azərbaycana marağı olan başqa xarici investorları qorxuda bilər. Hökumət rəsmiləri isə deyirlər ki, bir şirkətlə bağlı məsələni şişirtməyə dəyməz, əgər ölkədə normal iqtisadi mühit olmasaydı, xarici şirkətlər son 10 ildə Azərbaycana milyardlarla dollar sərmayə qoymazdılar.


Amma bu məsələylə bağlı üçüncü bir baxış da var. «Turan-Enerji» məcmuəsinin redaktoru İlham Şaban deyir ki, «Barmek»lə bağlı məsələ ölkədəki sərmayə mühitinə həqiqətən də heç bir təsir göstərməyəcək. Amma bunun səbəbi o deyil ki, «Barmek» məsələsi çox xırdadır, sadəcə, onun fikrincə, Azərbaycanda iqtisadi mühit elə qurulub ki, buraya istənilən xarici şirkət buraxılmır, yalnız hökumətlə rəsmi münasibətlərdən başqa qeyri-rəsmi sövdələşmələri də olan xarici şirkətlərə işləmək üçün şərait yaradılır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG