Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:48

Ankara Cənubi Qafqazın dostu kimi


Obamanın səfəri göstərdi ki, ABŞ üçün Türkiyə mühüm əhəmiyyətə malikdir
Obamanın səfəri göstərdi ki, ABŞ üçün Türkiyə mühüm əhəmiyyətə malikdir
ABŞ prezidenti Barak Obamanın Türkiyəyə də səfəri baş tutdu. Həm səfər ərəfəsində, həm də indi bu səfərin gələcək siyasi nəticələri əsas müzakirə predmeti kimi yaddaşda qaldı. ABŞ-ın Türkiyəyə münasibətinin ən azı siyasi konturları məlum oldu – ABŞ üçün Türkiyə mühüm əhəmiyyətə malikdir. O, regionda demokratik siyasi sistemi olan yeganə dövlətdir. Nahaq yerə demirlər ki, Türkiyə digər müsəlman dövlətləri üçün nümunə olaraq qalır.

Amma azərbaycanlı təhlilçilər üçün ən çox maraq doğuran Türkiyə - Ermənistan münasibətləridir. Təkcə azərbaycanlı təhlilçiləri üçün yox...

Barak Obamanın Türkiyə Böyük Millət Məclisindəki çıxışında Ankaranın bütün Cənubi Qafqaz ölkələri ilə normal münasibətlər qurmuş yeganə ölkə kimi rolunu vurğulaması regionun destruktiv lideri - Rusiyaya qarşı bir mesaj idi. Bəs Ankara bu rolu üzərinə götürə biləcəkmi?

Ermənistanın dövlət rəsmiləri bildirirlər ki, Türkiyə ilə diplomatik danışıqlar heç bir şərt irəli sürmədən inkişaf edir.

Türkiyə rəsmiləri isə hələlik dolaşıq və mücərrəd bəyanatlarla çıxış edirlər.

Amma Azərbaycanın problemləri bir tərəfə, Türkiyə ilə Ermənistanın yaxınlaşması yolunda başqa böyük problemlər var. Ən böyük problem elə Rusiyadır. Rusiya imkan verməz ki, onun ən yaxın müttəfiqi Ermənistan NATO üzvü olan dövlətin – Türkiyənin təsir dairəsinə düşsün. Bunda heç İran da maraqlı deyil. Ermənistan hazırda İran üçün böyük bazardır. Elə bu səbəbdən, Ermənistanla Türkiyə arasındakı dialoq anlaşılmaz məcrada davam edir.

Bir vaxtlar «bir millət, iki dövlət» şüarı dillərindən düşməyən dövlət rəsmiləri bu prosesin qarşısını almaqdan daha çox seyrçi mövqe tutublar. Ola bilsin, qeyri-aşkar formada hansısa təsir metodundan istifadə olunur. Amma hər halda bu məsələnin Milli Məclisdə müzakirəsi təklifini qulaq ardına vurdular.

Hər şey son nəticə ilə ölçülür. Nəticə isə bəllidir. Münaqişənin 20 il davam etməsinə baxmayaraq, hələlik bir qarış da torpaq azad edilməyib. «Çox uğurlu» xarici siyasət ölkəni dalana dirədi, indi yeganə və ən yaxın müttəfiq də itirilmək ərəfəsindədir.

Hər halda ümidverici amil budur ki, ABŞ-ı dünyanın böyük bir bölgəsindən sıxışdırıb çıxarmaq istəyirlər, amma ABŞ bununla razılaşa bilməz. Amma indiki vəziyyətində, qeyri-demokratik dövlət imici qazanan Azərbaycan bundan sonra ABŞ-ı nə dərəcədə maraqlandıracaq? Bu suala cavab vermək çox çətindir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG