Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:50

Gümri - Ermənistanda «yumorun paytaxtı»


Gümri şəhəri
Gümri şəhəri
Gümri - Ermənistanın ikinci şəhəri, «yumorun paytaxtı» hesab olunur. Bu, artıq adi haldır ki, hər bir gümrili hətta ən ağır həyat tərzini belə lətifəyə çevirə bilir. Çevirir, danışır və gülür, sanki bu lətifənin müəllifi özü deyil. Poloz Mukuç, Titro Alek, Cxer Xaçik Gümrinin yumor ustadları kimi tanınır. Şəhər indi də yumoristlərlə zəngindir, onlardan bir neçəsi ilə biz də söhbət etdik, aydınlaşdırmağa çalışdıq ki, görəsən, indi də, Gümri «yumorun paytaxtı» titulunu qoruyub saxlaya bilibmi? Yumorist Oqannes Oqannisyan:

- Yox, bu titul öz mənasını və əhəmiyyətini çoxdan itirib. Vaxt var idi ki, zəlzələdən sonra yumor çox geniş yayılmışdı, sanki şüuraltı yumora ehtiyac yaranmışdı. Hətta elə vaxt olurdu ki, kimin xalqın təmsilçisi, kimin isə yumor sahəsində çalışan artist olduğunu ayırd etmək çətin olurdu.

Məşhur yumor ustadı Poloz Mukuçu yamsılayan Gümri teatrının artisti Samvel Qroqoryan deyir ki, bu gün də Gümridə kifayət qədər yumor var:

- Hər addım başında yumor var, sadəcə onu təqdim edənlərin sayı azalıb. İndi ölkənin müxtəlif bölgələrindən zarafatları gətirib yerli yumor kimi Gümri ləhcəsilə danışırlar, amma bu, düzgün deyil. Bizim yumorla bu cür rəftar etməyə ixtiyarımız yoxdur. Gümrinin yumoru spesifikdir. Hər şeydən əvvəl bu, özünə gülmək ideyasını əks etdirir. Belə olmalıdır, əvvəlcə özün özünə, öz həyatına gülməlisən.

Kimin ağlına gələrdi ki, 1988-ci il dekabrın 7-dəki zəlzələnin səhəri günü – bütün dünyanın alt-üst olduğu düşünülən bir vaxtda Gümri sakini lətifə qoşur və onu hamıya danışmağa başlayır. Bu, yardıma gələn xariciləri də çaşbaş qoyur. Həmin lətifələrdən birini dinləyək:

- Xilasedicilər insanları dağıntıların altından çıxaran zaman paneli qaldırılar, birdən panelin altından kimsə deyir – «qardaş görmürsən soyuqdur, paneli yerinə qaytar…»

Bax belə elə yerindəcə əsl yumor yaranır. İndi yaşamaq daha da çətinləşib, bu isə hazırcavablıq üçün yeni mövzuya çevrilib. Yumor iqtisadi böhrandan da yan keçməyib. Bu mövzuda ən yeni lətifəni eşidək:

- Böhran gəlib Ermənistana da çatır, ətrafa baxır və deyir – mənə kimi artıq burda kimsə olub?

– Kimsə təcili yardıma zəng edir, soruşur – bura təcili yardımdır? Cavab verirlər ki, bəli buyurun. Onda mənə təcili 100 dollar göndərin.

Sosial şəraitlə bağlı da gülməli hadisələr olur. Yumorist Oqannes Oqannisyan qonşusunun başına gəlmiş belə bir əhvalatı xatırlayır.

- Mənim qonşum bir neçə il əvvəl Gümridəki oyuncaq zavodunda işləyirdi, 2-3 ay idi ki, maaşını ala bilmirdi. Bir gün çağırıb dedilər ki, maaş var. O da getdi, amma maaş əvəzinə ona kapron qapaqlar verdilər. O da həmin qapaqları arvadına verdi ki, get sat, yeməyə bir şey al. Axşam kişi evə gəlir, deyir ki, mən evə maaş vermişəm, yemək gətir. Arvad da bu dəqiqə deyib, qazanı gətirir, qapağı açıb kapron qapaqları kişinin boşqabına qoyur, deyir – nə gətirmisən, onu da ye.

Deyirlər ki, bu gün həyat özü başdanbaşa lətifəyə çevrilib, hətta aprelin 1-i də təqvimin digər günlərindən seçilmir. İnsanların zarafatlaşmağa belə əhval-ruhiyyələri yoxdur. Səbəb isə budur ki:

- Yumor itib, hamımız qayğıların içində itib-batırıq. Yumor itib, qayğı qalıb, hamı bir qarın çörəyin dalınca qaçır.

Həmsöhbətlərim dediklərinin təsdiqi olaraq insanların gözlərinin içinə baxmağı təklif edirlər. Həmin gözlərdə gülmək istəyindən çox qayğıların oxunduğunu deyirlər. Bəziləri üçün aprelin 1-i gülüş günü yox, aldatma günüdür. Sən demə aldatmaq və aldanmağı çoxları xoşlayır. Bəzi yalanları reallıq kimi qəbul edib, özlərini bu yalana inandırmağı xoşlayırlar. Məsələn, aprelin 1-dən qaz, su və işıq pullarının bahalaşması çox pis zarafatdır.
XS
SM
MD
LG