Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:01

«Azərbaycanı İran kimi qapalı bir ölkəyə çevirmək istəyirlər»


Ələsgər Məmmədli və Xaliq Bahadır
Ələsgər Məmmədli və Xaliq Bahadır
«Bu, diktaturanın qanuniləşdirilməsidir».

Bu fikri «Panorama» verilişində müstəqil jurnalist Xaliq Bahadır deyib. Xaliq Bahadıra görə, «Televiziya və Radio Yayımı haqqında» Qanuna edilən son dəyişikliklər belə düşünməyə əsas verir.

Media Hüquqları İnstitutunun əməkdaşı Ələsgər Məmmədli isə qanunun 10.5-ci maddəsinə edilən dəyişikliyə toxunaraq bildirib ki, hökumət özəl teleradio yayımçıları üzərində nəzarəti gücləndirir. Həmin dəyişiklikdə deyilir ki, «özəl teleradio yayımçısının təsisçisində və pay sahibliyində hər hansı bir dəyişiklik zərurəti yaranarsa, bu barədə bir ay əvvəl müvafiq dövlət orqanına məlumat verilməlidir».

Ə. Məmmədli qanunun 11.4.6-cı maddəsinə edilən dəyişikliyi də geriyə addım sayır. Bu maddəyə əsasən, zəruri hallarda ictimai əhəmiyyət kəsb edən tədbirlərdən birbaşa reportaj üçün xarici televiziya və radio kanalları xüsusi icazə almalıdır.

Ə. Məmmədli hesab edir ki, bundan sonra seçkilər zamanı hökumət istəmədiyi xarici kanalların Azərbaycanda fəaliyyətinə imkan verməyə bilər:

«Əslində, əvvəllər də bir sıra xarici kanalların Azərbaycanda fəaliyyətinə məhdudiyyətlər yaradılmışdı. Sadəcə, bu, qanundankənar inzibati təzyiqlər idi. İndi isə həmin inzibati tədbirlər bir növ qanuniləşdirilir…».

«Televiziya və radio yayımı haqqında» qanunun dəyişmiş maddələri
(Milli Məclisin aprelin 3-də qəbul etdiyi variant)


Maddə 10.

Özəl yayımçı

10.1. Özəl yayımçı Azərbaycan Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları və (və ya) nizamnamə kapitalı Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına məxsus olan hüquqi şəxslər tərəfindən təsis edilə bilər.

10.2. Özəl yayımçıların dövlət qeydiyyatı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir.

10.3. Aşağıdakılar özəl teleradio yayımının təsisçisi ola bilməzlər:

10.3.1. ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş,
habelə məhkumluğu ödənilməmiş şəxslər;

10.3.2. fəaliyyət qabiliyyətsizliyi, yaxud fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər;

10.3.3. siyasi partiyalar;

10.3.4. dini qurumlar;

10.4. Özəl teleradio yayımçısı qanunla qadağan edilməyən bütün mənbələr hesabına maliyyələşdirilə bilər.

10.5. Özəl teleradio yayımçısının təsisçiliyində və pay sahibliyində hər hansı bir dəyişiklik zərurəti yaranarsa, bu barədə bir ay əvvəl müvafiq dövlət orqanına məlumat verilir. Müvafiq dövlət orqanı dəyişikliyin bu Qanunun tələblərinə uyğun olmasına dair iki ay müddətində rəy verdikdən sonra bu dəyişiklik edilir və bir ay ərzində yeni sənədlər müvafiq dövlət orqanına təqdim olunur.

Maddə 11.

Teleradio yayımı sahəsində dövlətin əsas funksiyaları və vəzifələri

11.4. Müvafiq dövlət orqanı bu Qanunla müəyyənləşdirilmiş funksiyaları həyata keçirmək məqsədilə:

11.4.1. öz aparatını və struktur bölmələrini yaradır;

11.4.2. teleradio yayımçılarının reyestrini aparır;

11.4.3. teleradio yayımının texniki və keyfiyyət standartlarını və normalarını müəyyənləşdirir;

11.4.4. bu Qanunun tələbləri, xüsusi razılığın (lisenziyanın) qayda və şərtləri pozulduqda inzibati tənbeh tədbirləri tətbiq edir və (və ya) məhkəmə qarşısında iddia qaldırır;

11.4.5. teleradio yayımına xüsusi razılıq (lisenziya) vermək məqsədilə müsabiqə elan edir, müsabiqənin qayda və şərtlərini hazırlayır və müsabiqəni keçirir.

11.4.6. zəruri hallarda (ictimai əhəmiyyət kəsb edən tədbirlərin, seçkilərin, mühüm əhəmiyyətli idman yarışlarının keçirilməsi zamanı və s.) xarici televiziya və radio kanallarının Azərbaycan ərazisində peyk vasitəsi ilə yayımı üçün icazə verilir.

Maddə 23.

Xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti dayandırılması və xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi

23.1. Teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və ya bu Qanunun tələblərini pozduqda xüsusi razılığın (lisenziyanın) qüvvəsinə ya hər hansı proqramın yayımı məhkəmənin qərarı ilə bir ayadək müddətə müvvəqəti dayandırıla bilər.

23.2. Xüsusi razılığın (lisenziyanın) qüvvəsinə məhkəmənin qərarı ilə yalnız aşağıdakı hallarda xitam verilə bilər;

23.2.1. xüsusi razılıq (lisenziya) yayımçının bilərəkdən təqdim etdiyi həqiqətə uyğun olmayan məlumatlar əsasında alındıqda;

23.2.2 yayım xüsusi razılıq (lisenziya) alındıqdan sonra altı ay ərzində həyata keçirilmədikdə;

23.2.3. xüsusi razılığın (lisenziyanın) sahibinin mifsizləşməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduqda;

23.2.4. teleradio yayımı texniki cəhətdən mümkün olmadıqda;

23.2.5. dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi, və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda;

23.2.6. yayımçı müvafiq dövlət orqanı tərəfindən bir il ərzində azı üç dəfə sanksiyaya məruz qaldıqda;

23.2.7. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərə tutulmuş digər hallarda.

23.3. Teleradio yayımı zamanı bu qanunun və xüsusi razlığın (lisenziyanın) tələblərini pozulması ilə bağlı məhkəməyə daxil olmuş ərizəyə ən geci 15 gün müddətində baxılıb müvafiq qəbul edilməlidir.

Maddə 35.

Reklamın yayılması

35.7. Reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz

Maddə 37.

Müxbir məntəqələrinin, filial və nümayəndəliklərin yaradılması

37.1. Yayımçılar Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müxbir məntəqələri, filial və nümayəndəliklər yarada bilərlər.

37.2. Müxbir məntəqələri, filial və nümayəndəliklər teleradio yayımçılarının struktur bölmələridir və onların mənafeyini təmsil edir.

37.3. Yayımçı bütün ölkə ərazisində ona verilmiş tezlikdə yalnız bir proqram yayımlaya bilər.

Maddə 39.

Yayımçıların müəliflik hüququ

39.6. Bu Qanunun Tələblərini pozmuş yayımçı ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müvafiq dövlət orqanı tərəfindən müəyyən edilmiş vaxt ərzində özünün televiziya və radio kanalında yayımlamağa borcludur.

XS
SM
MD
LG