Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:47

«Saraydan xəbər gözlənir»


7 nazirin eyni gündə saraydışı edilməsi radikal kadr dəyişikliyidir və bu, hakimiyyətin idarəetmə fəlsəfəsinə ziddir
7 nazirin eyni gündə saraydışı edilməsi radikal kadr dəyişikliyidir və bu, hakimiyyətin idarəetmə fəlsəfəsinə ziddir
«Yeni Müsavat»: «Azərbaycan rəhbərliyinin saray əyanlarına, hakimiyyət komandasının üzvlərinə münasibəti hakimiyyətə sədaqət prinsipi üzərində qurulub - bu, hər kəsə bəlli, köhnə faktdır. Dildə buna «dövlətçiliyə sədaqət» deyilir, amma hamı bilir ki, sözün gerçək anlamında dövlətçilikdən söhbət getmir, əsas hakimiyyətin birinci şəxsinin marağı, mənafeyidir». Xalid Kazımlı «Saraydan xəbər gözlənir» sərlövhəli köşə məqaləsində belə yazır.

«Son vaxtlar da iqtidar komandasında gözlənilən kadr dəyişikliyi barədə tez-tez söz-söhbət çıxır. «Vurulacaq» nazirlərin siyahısında birdən-birə 7-8 nazirin adı çəkilir. Əlbəttə, kimlərsə vəzifələrini itirəcək, yeni kadrlarla əvəz olunacaqlar. Amma bu, o cür kütləviliklə baş verəcəkmi, verməyəcəkmi - bilmək olmaz.

Çünki 7 nazirin eyni gündə imzalanmış fərmanla saraydışı edilməsi radikal kadr dəyişikliyidir və bu, mövcud hakimiyyətin idarəetmə fəlsəfəsinə ziddir. O adamları ya tək-tək, ya da cüt-cüt vəzifədən götürəcəklər...»

«Bizim yol»: «AŞ PA həmməruzəçini bizə təzyiq üçün təyin edib». Bu sözləri deputat Fuad Muradov AŞ PA-nın Azərbaycana siyasi məhbuslar üzrə həmməruzəçi təyin etməsi ilə bağlı qərarını şərh edərkən səsləndirib. Deputatın sözlərinə görə, Azərbaycan hansısa qanunu qəbul edəndə və konvensiyaya qoşulanda bunu Avropa Şurası naminə etmir:

«Siyasi məhbus məsələsi üzrə məruzəçinin təyin olunması da bu cür qiymətləndirilməlidir. Diqqət yetirirsinizsə, bu cür məsələlərdə Azərbaycanın əleyhinə işləyən dairələrin mövqeyi müxalifətin mövqeyi ilə üst-üstə düşür. Bu, heç də yaxşı hal deyil».

«Azadlıq»: «İpoteka şərtləri ağırlaşdırılır». İqtisadçı ekspert Vüqar Bayramov deyir ki: «İpoteka kreditlərinin faiz dərəcəsinin artırılmasının iqtisadi əsasları yoxdur».

«İpoteka kreditlərinin şərtlərinin ağırlaşması və faizlərinin artırılması qəbul edilən deyil.
Əslində ipoteka kreditlərinin şərtləri çox olmamalıdır. İpoteka kreditinin mühüm şərti həmin kreditlə alınan evin girov şəklində durmasıdır. Bundan ağır şərt ola bilməz. Əgər vətəndaşın ipoteka kreditini qaytarmağa imkanı olsa, o zaman girov şəklində olan ev bank tərəfindən müsadirə edilərək satılır və banka dəymiş ziyan ödənilir».

«Azərbaycan»: Prezident referendum aktının qüvvəyə minməsi ilə əlaqədar sərəncam imzalayıb.

Sərəncamda Nazirlər Kabinetinə tapşırılır ki, altı ay müddətində konstitusiyanın 17-ci, 18-ci, 19-cu, 25-ci, 29-cu, 39-cu, 48-ci, 72-ci və 146-cı maddələrinə edilən əlavələrdən və dəyişikliklərdən irəli gələn müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb prezidentə təqdim etsin.

Dörd ay müddətində isə Nazirlər Kabineti özünün və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının referendum nəticəsində qəbul edilmiş akta uyğunlaşdırılmasını təmin etməlidir.

Bu il martın 18-də keçirilən referendum nəticəsində qəbul edilmiş konstitusiyaya əlavələr və dəyişikliklər martın 31-dən qüvvəyə minib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG