Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 13:50

«Savalan»çılar: ABŞ-da keçirilən folklor festivalına gedə bilmədik...


«Savalan» qrupu, 12 may 2006
«Savalan» qrupu, 12 may 2006

Ünlü «Savalan» qrupu Konya festivalından qayıdıb. Qrupun üzvləri Novruz Novuruzlu və Fəxrəddin Salim 101-ci «İz»in qonaqlarıdır


AZADLIQ: Xoş gəlmisiz!.. Hər bir ünlünün yeni bir tanıtıma ehtiyacı var. Bilməyənlər bilsin deyə soruşuram: nə qrupdur «Savalan» və nəyi hədəf götürüb?


NOVRUZ NOVURUZLU: 2000-ci ildə qrup olaraq yaranmışıq. «Savalan»a məndən başqa Həlimət Sultan və Fəxrəddin Salim daxildir. Riyadan uzaq və insanları özünü dinləməyə, özünü dindirməyə həvəsləndirən musiqini, folklorun 21-ci əsrə gərəkliliyini təsdiqləyən ustad sözlərini hədəf götürmüşük...


FƏXRƏDDİN SALİM:...Və bir qrup halında «Savalan» dağı kimi təmiz olmağa can atırıq.


AZADLIQ: Lütfən söyləyin, niyə yolunuz Konyaya düşmüşdü və orada sizlərdən başqa kimlər vardı?


NOVRUZ NOVURUZLU: Konyaya ənənəvi musiqi festivalında iştirak edirdik. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin xeyir-duası ilə getmişdik. Qazaxıstan, Türkmənistan, Özbəkistan, Bosniya-Hersoqovina və başqa ölkələrdən də musiqiçi həmkarlarımız gəlmişdi...


FƏXRƏDDİN SALİM:...Gözəl keçdi. Gözəl qarşılandıq.


AZADLIQ: Adınızı özəl-gözəl Savalan dağından götürmüsüz. Lütfən söyləyin, zirvədəki ifanız hansıdır? Və hansı ifanız dağın yalında, yamacında qalıb?


NOVRUZ NOVURUZLU: Çox obrazlı sualdır, qoy Fəxrəddin cavab versin.


FƏXRƏDDİN SALİM:«YUĞ» Teatrında səhnələşdirilən «Olsun» tamaşa-konserti, çox güman, sənətsevərlərin az-çox tanıdığı və dəyər verdiyi və bizim zirvə saydığımız ifamızdır. «Yamac»a qalınca, hələ ki yamacdayıq. Elə bu gün də...Obrazlı suala obrazlı cavab!..


NOVRUZ NOVURUZLU: Önəmli olan bizi dinləyənlərin münasibəti, qiymətidir. Önəmli olan təmənnasızlığa dəyər verilməsidir. Riyadan uzaq olanda, ağılla nəfs qarışmayanda tamaşaçımız hər şeyi anlayır və bizi həvəslə dinləyir. Və...bizi dinləməklə özünü dindirir, özünü tanıyır!


AZADLIQ: Savalançı dostlar – maestrolar, yəqin belə də demək olar Sizə – qrupunuz harada gecələyir, harada səhərin gözünü açır? Sanki Bakıda, Azərbaycanın digər yerlərində gözə dəymirsiniz, axı?


NOVRUZ NOVURUZLU: Yox, dəvət olunduğumuz yerlərə sevə-sevə gedirik. Təzə-təzə yarandıqda gecələməyə, çalışmağa yerimiz yox idi. Sağ olsun Vaqif İbrahimoğlu -- «Yuğ» Teatrının bədii rəhbəri... bizə həm mənəvi, həm maddi dayaq oldu. Həmvətənlərimizlə o teatrda görüşürük. Xarici səfər qismət olanda isə həm oralardakı həmvətənlərimizi salamlayır, həm də əcnəbi həmkarlarımızdan-folklor musiqiçilərindən soraq tuturuq. ABŞ-a – folklor festivalına da dəvət almışdıq, təəssüf ki, gedə bilmədik. Elə xərclərə hələ gücümüz çatmır. Hollandiyadakı konsertsə bizə göstərilən maraq baxımından gözləntilərimizi aşdı.


FƏXRƏDDİN SALİM:«Salonda siqaret çəkilməsinə və səs-küyə hazırlıqlı olun!» xəbərdarlığından çəkindiksə də, əvəzində dərin maraq, sayqılı səssizlik gördük və ifalardan sonra aramsız alqışlara qonaq olduq.


Buna da bax:

XS
SM
MD
LG