Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:20

«Obamanın səfəri soyuqluğu aradan qaldıra bilər»


Ekspertlər Obamanın səfəri zamanı Ərdoğanın Qafqaz üçün təklif etdiyi sabitlik paktının gündəmə gələcəyini düşünmürlər
Ekspertlər Obamanın səfəri zamanı Ərdoğanın Qafqaz üçün təklif etdiyi sabitlik paktının gündəmə gələcəyini düşünmürlər
«Barak Obamanın Ankaraya səfəri İraqa müdaxilədən sonra Türkiyə-ABŞ münasibətlərində yaranan soyuqluğu aradan qaldıra bilər».

Bu fikri «Azadlıq» radiosunun «İşdən sonra» proqramında Türkiyənin Avrasiya Strateji Araşdırmalar Mərkəzinin eksperti Arif Kəskin səsləndirib. Onun fikrincə, bu səfər Rəcəb Tayyib Ərdoğanın Davos forumundakı demarşından sonra Türkiyənin Yaxın Şərqdəki Anti-Amerikan blokuna qatılacağı ilə bağlı görüşlərin doğrulmadığını ortaya qoyur.

Azərbaycanlı politoloq Zərdüşt Əlizadə Arif Kəskinin «Türkiyənin regionda rolu artır» fikri ilə razılaşır. Z.Əlizadənin fikrincə, Obama hökuməti qoşunlarını İraqdan çıxararkən və bundan sonra Türkiyənin dəstəyinə ehtiyac yaranır:

«Qoşunların təhlükəsiz çıxarılması, İraqın gələcəyi məsələsində Türkiyənin müstəsna əhəmiyyəti var. Türkiyənin İraq, İraq Kürdüstanı və regionun digər ölkələri ilə münasibətləri Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət daşıyır».

Politoloq hesab edir ki, Türkiyənin İsraili tənqid etməsi həm Ankaranın islam dünyasında mövqeyini möhkəmlətdi, həm də ABŞ və İsrailin Türkiyəyə daha diqqətlə yanaşmasına səbəb oldu.

Politoloq Zərdüşt Əlizadə
Arif Kəskin isə Ankara siyasi dairələrində Türkiyənin Birləşmiş Ştatların istəyi ilə Ermənistanla sərhədləri aça biləcəyi ilə bağlı bir narahatlığın olduğunu deyir:

«Mən ümid edirəm ki, bu addım atılmayacaq».

Zərdüşt Əlizadə hesab edir ki, Türkiyə Ermənistanla yaxınlaşma faktoru üzərində ABŞ siyasətinə təsir etməyə çalışacaq. Azərbaycanın mövqeyinə gəlincə:

«Mən düşünmürəm ki, Türkiyə Ermənistanla yaxınlaşma məsələsində Azərbaycanın mövqeyindən çəkinəcək. Türkiyə bu məsələdə Azərbaycan dövlətinin maraqlarını Azərbaycan hakimiyyəti qədər nəzərə ala bilər. Bundan artıq yox».

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, Türkiyə Ermənistanla sərhədləri açmaqla Obamanı da çətin durumdan çıxara bilər:

«Obama soyqırımı iddialarını tanımamaq mövqeyini Türkiyə-Ermənistan yaxınlaşmasına zərbə vurmamaq istəyi ilə izah edə bilər».

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu
Ekspertlər Obamanın səfəri zamanı Ərdoğanın Qafqaz üçün təklif etdiyi sabitlik paktının gündəmə gələcəyini düşünmürlər.

Elxan Şahinoğlu: «Artıq bu pakt barədə heç Ankara da danışmır. Rusiya Gürcüstanın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır. Belə olan halda regiondakı 5 ölkənin bir pakt imzalaması real deyil. Real olsaydı, elə Azərbaycan Ermənistanla, Gürcüstan Rusiya ilə sülhə nail olardılar».

Arif Kəskin: «Qafqazdakı sabitlik Ermənistan-Azərbaycan müharibəsi bitməyincə mümkün deyil. Türkiyənin də sabitlik paktının reallaşması da Azərbaycanın ərazi bütövlüyünün təminatı ilə mümkündür. Obamanın gəlişi ilə Qafqazda nəyinsə dəyişə biləcəyini gözləmək çətindir. Qarabağ münaqişəsi həll olunmayınca, Qafqazda istiqrar haqqında danışmaq mümkün deyil. Mən düşünmürəm ki, Obamanın çantasında Qarabağ münaqişəsinin həllinə dair hansısa plan var».
XS
SM
MD
LG