Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 07:54

1 aprel - zərərsiz yalan günü


1999-cu il aprelin 1-də o vaxt Azərbaycanın yeganə Bakı Mətbuat Klubunda bir dəstə jurnalist mətbuat konfransına gəlir. Təyin olunan vaxtdan xeyli keçsə də, mətbuat konfransı keçirmək istəyən adam, şair Zəlimxan Yaqub gəlib çıxmır. Hövsələsi daralan jurnalistlər klubun icraçı direktoru Çingiz Sultansoyu divara qısnayırlar ki, şairi tapsın. Çingiz bəy də bir gün qabaq onunla telefonla danışan Zəlimxan Yaqubun evinə zəng vurur, amma məlum olur ki, şair mətbuat konfransı keçirmək üçün yer sifariş verməyib. Özü də iki gün əvvəl üstünə qaynar su aşırıb, indi yataqdadır, müalicə olunur. Həmin gün mətbuat konfransına gələn jurnalistlərin bəzisi bunu Çingiz Sultansoyun, bəzisi də Zəlimxan Yaqubun 1 aprel zarafatı kimi qəbul eləyib öz qəzetlərinə də elə bu cür yazırlar. Amma 1 aprel zarafatının ideya müəllifi və hər şeyi düzüb-qoşan parodiyaçı kimi tanınan Seymur Elsevəriydi. Seymur 10 il əvvəlki zarafatını belə xatırlayır:

Seymur Elsevər
- Martın 31-də Çingiz Sultansoya zəng vurub Zəlimxan Yaqubun səsiylə danışdım. Dedim ki, mətbuat konfransı keçirmək istəyirəm. Çingiz bəy arada danışanın Zəlimxan Yaqub olmasından şübhələndisə də, yanındakı adamlar söhbəti paralel telefon xəttindən dinləyib dedilər ki, danışan şairdi. Beləcə mətbuat konfransı üçün yer sifariş elədim.

Çingiz Sultansoyun da həmin vaxt bu zarafatdan qanı qaralıb. Amma üstündən illər keçəndən sonra bu hadisəni ona xatırladanda güldü. Dedi ki, indi jurnalistlərə bir ev olan Mətbuat Klubu yoxdur:

- Kaş elə bir Mətbuat Klubumuz yenə olaydı. Yenə kimlərsə belə zarafatlar eləyərdi…

1990-cı illərdə populyar qəzetlərdən biri 1 aprel sayında tanınmış baş redaktorunun ölüm xəbərini yaymışdı. Onu tanıyanlar həmin gün baş redaktorun yas mərasiminə tələsiblər. Yas mərasimində isə onları səbəbkar qarşılayıb.

Müstəqilliyin ilk illərində Azərbaycanda qəzetlər 1 aprel saylarında zarafatlarından qalmırdılar. Elə 2000-ci illərin əvvəlinə qədər bir çox qəzet öz son səhifəsini siyasi lətifələrə, pamfletlərə ayırırdı. Son vaxtlar Azərbaycanda aprelin 1-də mətbuat zarafat eləmir. Əbülfəz Elçibəy, hətta Heydər Əliyev hakimiyyətləri dövrünün hakim komandasıyla bağlı siyasi lətifələr yaransa da, indi bu lətifələr də qəhətə çıxıb.

Satirik köşə yazarı kimi tanınan Zamin Hacı deyir ki, lətifə yaratmaq üçün onun obyektinə bir rəğbət olmalıdır:

- İnsanlar adətən bir qədər rəğbət bəslədikləri liderlərə lətifə qoşurdular. Məsələn, Stalindən qorxurdular, amma həm də rəğbətləri də var idi deyə lətifələr qoşurdular. Heydər Əliyevə də qorxu dolu rəğbət var idi deyə, ona da lətifə qoşurdular. Amma xalqda bu hakimiyyətə qarşı heç bir məhəbbət yoxdur. Azacıq məhəbbət olsaydı, onlara da lətifə qoşardılar.

Zamin Hacı
Filosof Ağalar Məmmədov da deyir ki, mütləq dünyagörüşü onun həqiqətinə gülməyə icazə vermir, məsələn, dini karikaturalar narazılıq yaradır:

- Tolerant olmaq həm də özünə gülməyə icazə verməkdir. Birinci növbədə özün-özünə gülməyi bacarmaq lazımdır. Azərbaycan hakimiyyəti özünə gülə bilməz. İnanmıram, orda özünə gülməyi bacaran adamlar olsun. Hansısa nöqtələrdə gülüş məqamları var. Amma onlar özləri bu şəraiti yaratmırlar. Məncə, 1 aprelin bir şansı var ki, bu, zərərsiz yalandır. Amma onlar hesab eləyirlər ki, gülüş onlara zərər verə bilər, bir tamaşa belə, onların mövqeyini zəiflədə bilər. Əslində özünə güvənən adam ona gülməyə imkan verməlidir, qorxmamalıdır. Əgər onun ciddiliyi, doğruluğu kifayət qədərdisə, gülüş onu yıxa bilməz.

Zamin Hacı isə deyir ki, indi siyasi satira yazarları özlərinə senzura qoyublar. Azərbaycanda yeganə ürəyindən keçəni siyasi lətifələrlə bəzəyən «Çeşmə» qəzetiydi ki, onun da aqibəti bəllidir.

Zamin Hacı deyir ki, artıq çoxları 90-cı illərdə həbslərə düşən, sonra da qürbət ömrü yaşayan «Çeşmə»çi jurnalistlərin taleyini yaşamaq istəmir.

Əslində satirasının qurbanı olmuş bir jurnalist – «Azadlıq» qəzetində satirik şeirlər yazan Mirzə Sakit hələ də həbsdədir. Bu yaxınlarda verilən amnistiya fərmanı ona da şamil olunmalıdır, amma nədənsə jurnalistin azadlığa çıxması yubanır. Özü də zarafata yox, elə lap ciddi şəkildə bu amnistiya aktından imtina etdiyini deyib.

Gülmək istəyənlər isə var. Onların menyüsünə «Azadlıq» radiosunun elektron ünvanına mesaj göndərən dinləyicilərin boxçasından bir neçə ərməğan:

Ağalar Məmmədov
Müəllifi Sənandır: Polis təcili yardıma zəng eləyib deyir: «Tez eləyin gəlin polis idarəsinə, şahidin qolu sınıb». Xəttin o tayında təəccüblənirlər: «Balam, şahidin qolunu niyə sındırmısız?». Polis cavab verir: «Doktor, biz sındıranda hələ şahid deyildi. Deyirdi heç nə görməmişəm».

«Millət» imzalı dinləyici:

Dövrün ən gülməli hadisəsi məmurların dediyidi: Azərbaycana qlobal maliyyə böhranının heç bir təsiri olmayacaq.

Bakının mərkəzində inşa edilən çoxmərtəbəli bina uçandan sonra yeni tikilən binaların keyfiyyətilə bağlı belə bir lətifə yayıldı:

Bir bina uçur. Təqsirkarı tapmaq üçün tikinti materiallarını mühakimə edirlər. Əvvəl daşa deyirlər ki, təqsir səndədir. Daş deyir, yooox, məni hara qoymuşdular, orda da durmuşdum, nə çatım var, nə bir şey. Təqsir məndə deyil. Onda quma deyirlər ki, təqsir səndədir. Qum da qayıdır ki, mənlik heç nə yoxdur. Məni hara qoyublar orda da olmuşam.

Beləliklə, bir-bir sorğu-sualdan sonra axırda növbə çatır sementə. Sementinsə alibisi daha keçərli olur:

- Məni bu məsələyə qatmayın. Mən ümumiyyətlə orda olmamışam.

Bu, son illər Azərbaycanda yayılan lətifələriydi.

Bəs Bakının sıravi sakinləri 1 apreldə aldadıb-aldanıblarmı?

- Aldatdım. Moskvadakı dostumu. Zəng vurdum ki, məni qarşıla. O da düz aeroporta 100 km. maşın sürüb. Aeroportda çataçatda təkrar zəng elədim ki, bu, 1 aprel zarafatıdır.

- Yox, vaxtım olmadı.

- Məni aldatdılar. Dedilər ki, rəis səni çağırır.

- Mən nə aldatmışam, nə də aldanmışam. Zarafat yaxşı şeydi, amma aldatmaq yox.
XS
SM
MD
LG