Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:09

«İçki məclislərində oxumağı özümə rəva bilməmişəm»


Mənsum İbrahimov
Mənsum İbrahimov
Xalq artisti, muğam ifaçısı Mənsum İbrahimov «Azadlıq» radiosunun «Tanınmışlar» proqramının qonağı olub.

- Mənsum bəy, bu günlərdə sizin tələbəniz Təyyar Bayramov Beynəlxalq Muğam müsabiqəsinin baş mükafatını aldı. Kimlərdəsə bu qələbənin həqiqiliyinə şübhə yaranması mümkündürmü?

- Yox. «Ağzıgöyçək» adamlar çox şey danışa bilərlər. Amma münsiflər heyətinin 4 üzvü xarici mütəxəssislər idi. Onların qərarına kimsə təsir edə bilməzdi. Digər tərəfdən də salonda olanların çoxu müsabiqənin iştirakçısı olan xarici ifaçılar idi. Onların özləri də Təyyarı qalib kimi alqışlayırdılar. Biz çalışırdıq ki, yaxşı ifa göstərilsin və heç kimin deməyə artıq sözü olmasın. Təyyar Bayramov bunu bacardı. Əgər muğamın mərkəzi olan Azərbaycandan «Qran pri»ni başqası aparsaydı buna təəssüf edərdim.

-Deməli siz arzunuza çatdınız.

-Təbii. Həm bir müəllim kimi, həm bir xanəndə kimi, həm də ən başlıcası bir Azərbaycanlı kimi mən arzuma çatdım. Burada qonorar və mükafatın özü önəmli deyil. Əsas məsələ odur ki, dünyada ilk dəfə Beynəlxalq Muğam müsabiqəsi keçirildi və qalib Azərbaycanlı oldu.

-Başqa hansı arzularınız var?

-Arzular çoxdur. Amma mən ağlım kəsəndən böyük ideyalarla yaşamışam. O ideyalar da məni operaya gətirib çıxarıb. Məni şou aləmi, əyləncəli yerlər heç vaxt çəkməyib. Ciddi maddi sıxıntılar çəkdiyim vaxtlarda bir aylıq maaşımı bir saatın içində qazanmaq təklifləri də az olmayıb mənə. Amma mən - axşam 100 nəfərlik simfonik orkestrin müşayiətilə «Leyli və Məcnun» oxuyan adam kimi restoranlarda, içki məclislərində oxumağı özümə rəva bilməmişəm. Sənətin təəssübü buna imkan verməyib.

-«Məcnun»luğa necə başladınız?

-Əvvəl mənə «Məcnun»u oynamağı tapşırmırdılar. Amma mən həmin vaxtın gələcəyini bilirdim. Ona görə buna hazırlaşırdım. Təkcə işdən sonra səhnədə yox, həm də füzulişünaslarla görüşürdüm. Onlarda «Məcnun»un kimliyini öyrənir, «Məcnun»u dərk etməyə çalışırdım. Sonra həmin an gəldi. «Məcnun»u adətən tanınmış xanəndələr oynayırlar. Mən isə o vaxt tanınmırdım. Özü də Məcnunu Alim Qasımovdan sonra oynayırdım. Bu çox ciddi bir amil idi. Elə böyük bir sənətkardan sonra tamaşaçı məni qəbul edəcəkmi-sualı mənə rahatlıq vermirdi.

-Qəbul etdimi tamaşaçı sizi?

-İlk tamaşadan sonra «Xalq qəzeti»ndə bir məqalə dərc olundu. Mərhum akademik Azad Mirzəcanzadə orada demişdi ki, mən elə bil səhnədə Sarabskini gördüm. Bu mənim üçün çox böyük bir qiymət idi. Yerə-göyə sığmırdım. Sonralar Azad müəllimlə görüşəndə haqqımda belə bir fikir söylədiyinə görə utandığımı bildirdim. Dedi ki, yeni başlayanda belə şeylər olur. Amma sən çatışan və çatışmayan cəhətlərinlə Məcnunsan. Məcnun elə belə olmalıdır.

-Azərbaycanda sənətin ciddi istiqamətini tutan, həmçinin səsi, istedad olan adamlarda nə vaxtsa «Məcnun» olmaq arzusu yaranır. Doğrudanmı «Məcnun» olmaq artıq məsələni həll edir. Yoxsa bundan sonra da nəsə qalır?

-Yox. Həm həll edir, həm də həll etmir. Məsələn, «Məcnun» mənim bütün həyatımı, yaradıcılığımı dəyişdi. İlk dəfə mən sənətkar olaraq «Məcnun» kimi tanındım, sonra xanəndə kimi. Həyata baxışımı da dəyişdi. Amma gəlib operada 3-5 dəfə, hətta 2-3 il «Məcnun» oynayıb gedənlər də var. Amma yadda qalmayıblar.

-Niyə belə olur?

-Hər bir kişi və qadın sənətkar istəyər ki, heç olmasa bir dəfə «Məcnun»u və ya «Leyli»ni oxusun. Kim desə istəmirəm, o səmimi deyil. Bu faktdır. Ancaq bir var «Məcnun»u tanınmaq üçün oxumaq istəyəsən, bir də var, qarşına məqsəd qoyasan ki, mən «Məcnun»u «Məcnun» səviyyəsində oynayacağam ki, məndən bir iz qalsın. Bax məsələni də bu həll edir.

-«Məcnun» başınızı çox qatmaz ki, başqa şeylərdə iz qoya bilməzsiniz?


-Əksinə o mənə çox kömək edir. İndiyəcən 106 dəfə «Məcnun»u oynamışam. Tam səmimi sözümdür ki, elə bilirəm 106 dəfə imtahan vermişəm. O həyəcan məndə indi də var. 105-ci tamaşanı mən xəstə olaraq - 39 dərəcə istiliklə oxumuşam.

-Düşünmək olardı ki, bu həmin o səhralığın istisidir.

-Elə mən də o cür bilirdim. Amma tamaşadan sonra evdə bildim ki, hərarətim 40 dərəcəyə yaxındır.

-Neçə «Leyli»niz olub?

-Mənə ən çox «Leyli»si olan «Məcnun» deyirlər.
Mənsum İbrahimov və «Tanınmışlar»ın aparıcısı İlqar Rəsul
7 «Leyli»m olub. Yəni 7 sənətkarla tərəf müqabili olmuşam.

-Belə çıxır ki, həqiqi «Məcnun»dan fərqli olaraq siz 7 «Leyli»dən ötrü ölmüsünüz.

-Əslində mən Füzulinin yaratdığı «Leyli»ni sevmişəm. Amma belə də ki, bu tamaşaların 80-85 faizini Nəzakət Teymurova ilə oynamışam.

-100 illiyin tamaşasını da siz oynamısınız.

-Bəli bu xoşbəxtlik mənə qismət olub. Həmçinin Parisdə - YUNESKO-nun səhnəsində də «Leyli və Məcnun»u mən oynamışam. Hər iki tamaşada da mənim tərəf müqabilim Nəzakət Teymurova olub. Sonda 2 min nəfərlik salon «fantastiq muzik» deyə qışqırırdı. Hə bu sənət baxımından mənim ömrümə qızıl hərflərlə yazılan böyük günlərdən biri idi.

-Bəs ömrünüzə qara hərflərlə yazılan gün hansıdır?


-Çox olub belə günlər. Amma mən Allaha inan adamam. Onun məsləhətini qəbul edirəm. Çox çətin günlərim olub. Çox zəhmətlər, əziyyətlər çəkmişəm. Amma hər dəfə də düşünmüşəm ki, bəlkə bundan da pis olardı. Məsələn 2 yaşına yaxın olan övladımı itirmişəm. Amma digər üç övladıma baxıb onlarla təsəlli tapmışam. Sonra Tanrı mənə bir övlad da verib. Ona görə mən Allaha çox bağlıyam və Onun verdiyi hər şeyi qəbul edirəm.

-Hər halda toylarda oxuduğunuz da olur.

-Əlbəttə. Mən nadir hallarda yaxın adamların, tanışların, bəzən isə yarım saatlıq sənətimi göstərmək üçün toylarda oxuyuram. Ümumiyyətlə toyda oxuyanlara da heç bir iradım yoxdur. Burada qəbahət heç nə görmürəm. Sadəcə mən özüm toy müğənnisi deyiləm.

-Toy üçün yaranmamısınız.

-Yox. Açığı heç xarakterimə də uyğun deyil.

-Dolanışıq necədir?

-Şükür olsun Allaha. Mən heç maaşım az olanda da narazılıq eləməmişəm. Narazılıq eləməyi xoşlamıram. İnsan gərək şükranlıq içində yaşasın. Çox şükür ki, mən ailəmin və özümün ehtiyacımı ödəyirəm. Eyni zamanda prezident təqaüdçüsüyəm, Heydər Əliyev Fondu da mənə təqaüd verir. Sağ olsunlar. Mən həmişə arzulamışam ki, Allah heç vaxt heç kimi öz övladı qarşısında utandırmasın. Amma çox pul arzulamamışam. Çünki çox pul məni çəkmir. Mən pul adamı deyiləm. Mənəviyyat adamıyam.

-Hər halda kasıbçılıq dövrünüz də olub.

-Olub. Ağdamda doğulmuşam. Ailəmiz imkanlı olmayıb. Gözümü açandan zəhmət görmüşəm. Ağlım kəsəndən çalışmışam. Amma bunun mənə insan kimi formalaşmağımda, həyatı, insanları sevməyimdə çox köməyi olub. Mənə yaxşı tərbiyə verdiyinə görə atama indi də minnətdarlıq edirəm. Çünki insanın tərbiyəsi, əxlaqı və ağlı onun ən böyük var dövlətidir.

-Çatışmayan şeylər çox olub?

-Çox olub və həyatımı da şirin edən elə o çatışmazlıqlar olub. Həyatda nəyə nail olmuşamsa çox böyük zəhmət bahasına əldə etmişəm. Hər şeyə görə Allahıma və zəhmətimə borcluyam. İnsanın əli asanlıqla hər şeyə çatsa, həyat da maraqsız olar. Övladlarıma və tələbələrimə də bunu tövsiyə edirəm.

-«Dinə bilmədim» diskiniz var. Maraqlıdır nə hadisə olur ki, orada siz dinə bilmirsiniz.

-Mən adamların yalan danışdığını hiss edirəm, amma dinə bilmirəm. Ona deyə bilmirəm ki, sən yalan danışırsan. Sadəcə susuram. Bəzən də buna şərait və tərbiyəm yol vermir. Həmişə də Alladan səbir diləyirəm özümə. Və bu mənə çox kömək edir. Susuram, etirazımı belə bildirəm və durub gedirəm.

-Bəs siz nədən danışmırsınız?

-Mən həmişə çalışıram zəif cəhətlərimi düzəldəm. Sənətdən söhbət gedirsə. Deyim ki, bu elə bir sənətdir ki, öyrəndikcə görürsən ki, heç nə bilmirsən. Sənətin məsuliyyətini dərk elədikcə daha ehtiyatlı olursan. Baxmayaraq ki, mən artıq 30 ildir sənətdəyəm, müəlliməm, tələbələrim artıq səhnədədirlər amma özümə xanəndə deməyə qorxuram. Bu sonsuz bir şeydir. İnsan içində itib batır. Mümkün deyil sona qədər fəth eləmək bu sənəti. Bəzən deyirlər gəldim çıxdım zirvəyə. Deyirəm kim deyir bu zirvədir. Bəlkə də bu hansısa dağın ətəyində daşlı-çınqıllı bir cığırdır. Hələ bilinmir səni zirvəyə aparacaq ya yox. Zamanın süzgəcindən keçənlər sənətdə qala biləcəklər.

-Xeyli də ölkələr gəzmisiniz.


-Hə. Bir 30-dək ölkədə olmuşam. Getdiyim yerlərdə insanları, oranın mədəniyyətini müşahidə etiməyi xoşlayıram. Səyahəti və öyrənməyi çox sevirəm. Əsasən isə çalışıram ki, öz ölkəmin, xalqımın tarixi və mədəniyyəti daha çox ölkələrdə yayılsın, tanınsın. Hesab edirəm ki, hər bir azərbaycanlı buna çalışmalıdır. Muğam Azərbaycanı dünyaya tanıdacaq, üzünü ağ edəcək tükənməyən sərvətimizdir. İndi artıq qlobal şəkildə təbliğ olunmağa başlayıb. Onu nə qədər çox təbliğ eləsək o qədər millətimizin xeyirnədir.

-Adlarınız, mükafatlarınız da yetərincədir. Xalq artisti adını da erkən almısınız.


-Əslində mən ona çalışmamışam. Amma desəm ki, o adı alanda sevinməmişəm bu qeyri səmimi olar. 1998-ci ildə əməkdar, 2005-ci ildə isə xalq artisti adını aldığımı efirdən eşitmişəm və çox sevinmişəm. Amma müəyyən müddətdən sonra bu hiss unudulur. Çünki məqsədim ad almaq olmayıb. İndi hərdən mənə xalq artisti deyəndə içimdə üşünürəm ki, doğrudan mən xalq artistiyəm? Yəni demək istəyirəm ki, mən o adla yaşamıram.
Son illər bir neçə müsabiqədə münsif kimi iştirak etmişəm. Hamısında da Allahdan səbir diləmişəm ki, qiymətləndirmədə ədalətsiz olmayım, yanlışlığa yol verməyim, kimsənin xətrinə dəyməyim. Ən çox ehtiyatlandığım şeylərdən biri də insanların xətrinə dəyməkdir.

-Nə olur onda, insanın qəlbi qırılanda?

-Heç onun üçün xoş olmur. Allaha da xoş getmir. Yaxşı oxuyan bir gəncə səhvini kobud şəkildə deyib onu ruhdan salmaq olar. Qəlbi qırılar, küsüb gedə bilər sənətdən. Amma o səhvi elə şəkildə demək olar ki, həmin gənc daha da ruhlanar. Bunlar fərqli şeylərdir.

-Qarabağın toy otağında toy çalınmır, çoxdandı…

-Çox təəssüf… Mənim bir mahnım var, «dərdimizin dərd yeri Qarabağdadır». Sanki muğamımız yetim qalıb Qarabağsız. Həmişə Qarabağ Azərbaycan muğamı üçün baza rollunu oynayıb. Yəni həmişə gözəl səslər Qarabağdan Bakıya gəlib, burada təhsil görüb püxtələşiblər. Sənətkar olublar. Çox təəssüf ki, Qarabağ Ermənistan tərəfindən işğal olunduqdan sonra qarabağlılar ölkənin bütün rayonlarına – o cümlədən şoran torpaqlı bölgələrə səpələndilər. Amma buna baxmayaraq yenə də Beynəlxalq Muğam Müsabiqəsi festivalında «qran pri»ni qarabağlı aldı. Çünki bu genlə gələn məsələdir. Təbii ki, Qarabağın düşmən tapdağında olması hazırda bizə çox zərər vurur. Amma çox inamlıyam. Və əminəm ki, o torpaqları geri alacağıq. Çünki torpaq bağışlana bilməz. Onu bu şəkildə gələcək nəsillərə qoyub getsək onlar bizi bağışlamaz.

Buna da bax:

XS
SM
MD
LG