Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 07:35

Azərbaycan kəndlərinin əksəriyyəti qəzet görmür


«Dövlət dəstəyi olarsa, özəl mətbuat yayımı şirkətləri çap məhsullarının daha effektiv yayımına nail ola bilər»
«Dövlət dəstəyi olarsa, özəl mətbuat yayımı şirkətləri çap məhsullarının daha effektiv yayımına nail ola bilər»
Azərbaycanda qəzet oxucusunun sayının artması üçün mətbuat yayımına dəstək lazımdır. Bu fikri «Azadlıq» Radiosunun «İşdən sonra» proqramında qəzet yayımı problemlərinə həsr olunmuş müzakirələrə qatılan bütün qonaqlar dedi.

Amma «Qaya» mətbuatyayımı firmasının direktoru Xanhüseyn Əliyev deyir ki, dövlətdən nəinki qayğı görmür, hətta məmurlar tərəfindən yaradılan problemlərlə üzləşir.

Ümumiyyətlə, Xanhüseyn Əliyevin sözlərinə görə, qəzet oxucularının 60 faizi Bakıdadır ki, onlar da üstünlüyü xarici mətbuata verirlər.

O deyir ki, Azərbaycanın nəinki ucqar dağ kəndlərinə, hətta iri qəsəbələrinə də qəzetlər gedib çıxmır.

Kənd ərazilərində qəzetlərin əlçatmaz olması məsələsi rəsmi «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovu da narahat edir. O, rəsmi dövlət tədbirlərinin işıqlandırılması ilə bağlı qəzet istehsalının yubandığını və nəticədə həmin nəşrin yayıla bilmədiyini deyir.

Xanhüseyn Əliyev deyir ki, Naxçıvanda ümumiyyətlə alternativ mətbuat yayımı yoxdur.

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu öz qəzetinin 300-500 nüsxəsinin Muxtar Respublikada partizan üsulları ilə, risk altında yayıldığını deyir.

«Azərbaycan» və «Yeni Müsavat» qəzetlərinin baş redaktorları inanırlar ki, dövlət dəstəyi olarsa, özəl mətbuat yayımı şirkətləri çap məhsullarının daha effektiv yayımına nail ola bilər.

Xanhüseyn Əliyevsə deyir, «əlavə dəstək lazım deyil. Bakı şəhərindən çıxarılmış köşklərimizi yerinə qaytarsınlar və hazır, standartlara uyğun 35 köşkün rayonlarda yerləşdirilməsinə icazə versinlər, hələlik bəsimizdir».
XS
SM
MD
LG