Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:08

Azərbaycanda rok!..


«Tenqri» qrupu
«Tenqri» qrupu
«Azərbaycanda ciddi rok olmayıb, olmayacaq da. Çünki bu xalqa rok musiqi uyğun gəlmir. Meyxana, muğam uyğun gəlir. Belə şeylər burda daha yaxşı alınır».

«Tenqri» qrupunun vokalçısı Toğrul Əhmədov «Azadlıq» radiosunun «14-24» verilişində gəncliyin etiraz səsi olan rok haqqında danışarkən bunu deyib.

«Ozan» rok-qrupunun yaradıcısı Nurlan Kərimov isə Azərbaycanda rok musiqisinin gələcəyinə nikbin baxır:

«Bizdə SSRİ vaxtından yaxşı qruplar olub. Məsələn, «Yuxu» qrupu Türkiyədə at oynadırdı! «Yuxu» Sumqayıtdan çıxmış bir qrupdur. Yaşar Baxış da Sumqayıtdan çıxmış bir rokerdir. O da çox böyük işlər görüb. Mən onu dünya səviyyəsində bir səs rejissoru hesab edirəm».

Verilişdə «Ozan»la «Tenqri»nin müzakirəsindən maraqlı məqamlar:

«Ozan»: «Bizim repertuarımızda «Sarı gəlin» mahnısı var. Bu, ona etirazdır ki, erməni rok qrupları onu oxuyurlar, bizdə onu ifa edən tapılmır».

«Tenqri»: «Mənim fikrimcə, milli musiqi ilə, Şərq musiqisi ilə roku qatmaq uğursuzdur. Ümumiyyətlə, hər növ folklor yararsızdır, o, ciddi mədəniyyət nümunəsi kimi keyfiyyətli deyil. Qoyun otaranda, otlaq suvaranda insanların yazdığı mahnılardır, şeirlərdir. Mən onun rokla sintezinə, cazın muğamla sintezinə qarşıyam. Mən, ümumiyyətlə, roka Şərq elementinin gətirilməsinə qarşıyam. Şərq muğamdır, meyxanalardır. O, ayrı şeydir. Sadəcə olaraq, insanlar rok musiqiyə tam öyrəşə bilmədiyi üçün xalq mahnısıyla sintez edəndə qulaq asa bilərlər».

«Ozan»: «Bethoven də kar olub, onda o da gərək musiqi yazmasın. Qoyun otaran isə eşidə bilir. Fərqi yoxdur kim yazır, sadəcə keyfiyyətli bir şey olsun. Cazla muğamı Vaqif Mustafazadə sintez etmişdi və bütün dünya onun adı gələndə ayağa qalxır ki, Azərbaycanda belə bir dahi cazmen olub. Türkiyədən anatoli-rok deyilən milli musiqi ilə Qərbə çıxan qruplar da var. Məsələn, Türkiyənin «Pentaqram» qrupu «Metallika» ilə bir səhnəni paylaşdılar. «Metallika» isə metal janrı tarixində ən populyar qrupdur».
«Tenqri»: «Avropalılar hər şeyi keçiblər deyə, hər cür yenilik onlara maraqlı gəlir, xoşlarına gəldikləri üçün qulaq asmırlar, sadəcə maraqlı gəlir ki, bizim musiqiyə Hindistan ritmi salıblar, muğamla qarışdırıblar. Mən isə bunu ciddi sənət saymıram. Sadəcə auditoriyanın xoşuna gələcək deyə, mən bunu etmərəm. Əgər məqsədimiz auditoriya idisə, gərək biz əvvəlcədən rok musiqiyə başlamazdıq. Burda məqsəd auditoriya deyil, əvvəlcədən, biz buna başlayanda bilirdik ki, burda roka qulaq asan olmayacaq».

«Ozan» rok-qrupu
«Ozan»: «Əgər biz onu dəyişməsək, kim dəyişəcək? Biz hamımız özümüz üçün edirik və heç kim heç nə çıxartmasa, millət də daha aşağı səviyyəlilərə qulaq assa, onunla bir şey dəyişəcəkmi?»

«Tenqri»: «Millət özü sevir, özü seçir toyxana musiqisini. Bu proses qarşılıqlıdır».

«Ozan»: «Məncə, bədbinliyə qatılmaqdansa, bu işdə bir katalizator rolu oynamaq daha yaxşı olar».

«Tenqri»: «Rokun Azərbaycanda yayılmasının insanların düşüncə tərzinin dəyişməsilə əlaqəsi yoxdur. Cəmiyyət dəyişdikcə rok da yaxşılaşır, rok yaxşılaşdıqca da dəyişir. Bunlar paraleldir. Bir şeyi də nəzərə almaq lazımdır ki, bizdə roka qulaq asanların 90 faizi ruslardır. Onlarınsa dəyişmək kimi problemləri yoxdur. Onlar özləri üçün gəlirlər konsertə, qulaq asırlar, gedirlər».

«Tenqri»: «Rokerlərin Azərbaycanda maddi vəziyyəti də yaxşı deyil. Normal məşq yeri yoxdur, konsert verməyə, mahnı yazdırmağa pulu yoxdur. Rokdan gəlir əldə etmək mümkün deyil. Kimin öz pulu varsa, o, pul buraxıb nə isə edə bilər».
«Ozan»: «Təkcə roku deməyək, toyxanaya getməyən musiqinin Azərbaycanda bir gəlir mənbəyi yoxdur. Çünki nə klub, nə albom, nə də konsert mədəniyyəti var. Azərbaycanda rokun yeganə maliyyələşmə mənbəyi xaricilər gələn klublarda çıxış etməkdir. Hər şeyin pulla həll olunduğu vaxtda vəziyyət bu sahədə ürəkaçan deyil. Yaxşı aparat almalısan, keyfiyyətli səs avadanlığın olmalıdır, yaxşı gitaraların olmalıdır ki, çıxış zamanı problemlər yaranmasın. Bunların hamısı xərcdir».

Buna da bax:

XS
SM
MD
LG