Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:06

Vergi ödəmək asanlaşır


Səs: Real audio
Təhsil Nazirliyi Bakı və Sumqayıt şəhərlərindəki məktəblərdə «quş qripi»lə bağlı maarifləndirmə işlərinə başlayıb Martın 17-də baş nazirin də iştirakı ilə Avtomatlaşdırılmış Vergilər İnformasiya Sisteminin [AVİS] təqdimatı keçiriləcək. Vergi məmurlarının sözlərinə görə, bu, Azərbaycanın vergilər sisteminin də Avropa və dünya standartlarına keçməsi demək olacaq. Ancaq sistemin nə vaxtdan tam işləyəcəyi hələ dəqiq bilinmir



AVİS-in başlıca özəlliyi odur ki, bu sistem vergi ödəyicilərinə heç bir idarəyə getmədən, vergi məmurlarını görmədən hesabat vermək və vergi ödəmək imkanı yaradacaq. Bundan ötrü sadəcə İnternetlə vergi xidmətinin saytına daxil olaraq bəyannaməni doldurmaq, altından imza qoyub elektron formatda vergi orqanına göndərmək kifayət edəcək. Verginin özü isə birbaşa banka ödənəcək.



Vergilər Nazirliyindən bildirirlər ki, vergi məmurları ilə ünsiyyətə girmək istəməyənlər elə bu gün də bunu edə bilərlər. Sadəcə, bundan ötrü poçta getmək, bir də bəyannamə forması tapmaq lazımdır. Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Şahin Məmmədov: "Ödəyici vergi orqanına heç gəlməyə də bilər. Bəyannaməni məktuba qoyub göndərə bilər. Ancaq burada yoxlama aparılır. Sənədlərdə uyğunsuzluq olarsa, məlumat verirlər ki, sənəddə nəsə düzgün deyil. Onda ödəyici vergi orqanına gələ bilər. Amma yox, sənədlər qaydasındadırsa, bəyannamə təqdim edilmiş sayılır".



AVİS-in əsas tərkib hissəsi olan vergi idarələrinin elektron şəbəkəsi artıq quraşdırılıb. Bütün bölgələr bu şəbəkəyə qoşulub. Amma Şahin Məmmədovun sözlərinə görə, şəbəkənin qurulması ilə bu sistem işləyə bilməz. Birbaşa Vergilər Nazirliyindən asılı olmayan daha mühüm problemlər, məsələn, elektron imzayla bağlı məsələlər həll olunmalıdır: "Birincisi, hüquqi məsələləri həll etmək lazımdır. Yəni elektron imza haqqında qanun olmalıdır. Elektron imza da hər bir şəxsə fərdi verilir. İkincisi, bizim kompüter terminallarımız olmalıdır. Texniki baxımdan imkanımız olmalıdır ki, ödəyicilər bəyannamələri kompüter terminalları ilə göndərsinlər, biz burada qəbul edək".



Vergilər Nazirliyindən bildirirlər ki, hər şey proqrama uyğun gedərsə, 2008-ci ildən bu sistem tam tətbiq oluna bilər. Bunun üçün aprelin 1-dən yeni bəyannamə formalarının tətbiqi nəzərdə tutulur. Onlar əvvəlkilərdən daha uzun və qəliz olması, bir də rəngliliyi ilə fərqlənir.



Yeri gəlmişkən, bəyannamə formalarını Vergilər Nazirliyinin saytından hökmən rəngli printerlə çıxarmaq lazım gələcək. Ağ-qara formalar qəbul edilməyəcək. Çünki formalar kompüter vasitəsilə yoxlanacaq, bu zaman rənglər də hansısa informasiya daşıyır. Amma Şahin Məmmədov qeyd edir ki, yeni bəyannamə formaları artıq bütün vergi idarələrinə paylanıb və vergi məmurları onları vətəndaşlara pulsuz verməyə borcludurlar.



Qaldı bütün bu yeniliklərin vergi ödənişlərinə necə təsir etməsinə, Vergilər Nazirliyinin məlumatına görə, 2 il əvvəl 200 min olan vergi ödəyicilərinin sayı yeni VÖEN nömrələrinin tətbiqindən sonra 130 minə düşüb. Onların da 85-90 faizi gəlirindən 2-4 faiz vergi verən sadələşdirilirmiş vergi ödəyiciləridir. Ötən il vergi ödəmələrinin ümumi məbləği isə proqnozları keçib. Yeniliklər sayəsində dövlət büdcəsinə 1.7 milyard dollaradək vəsait köçürən Vergilər Nazirliyi planı 100.5 faiz yerinə yetirib.
XS
SM
MD
LG