Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

16 qız anası


Səs: Real audio
Andres Herkel bəzi çətinliklərdən danışır Xanımzadə xala



"Bütün Azərbaycan xalqına, bütün qızlara, gəlinlərə, qocalara, cavanlara can sağlığı diləyirəm. Ailələri, qardaşları, yoldaşları ilə hamısı salamat olsunlar".



8 Mart bayramı münasibətilə bütün qadınları təbrik edən Xanımzadə Salmanova 16 qız anasıdır, 31 nəvəsi, iki nəticəsi var. Masallı rayonunun Kosakül kəndində yaşayır. 1959-cu ildə ailə həyatı quran Xanımzadə xala deyir ki, həyat yoldaşı ilə qonşu olublar, onların həyətində soğan əkirmişlər, elə ilk tanışlıq da burdan başlayıb.



18 yaşında ailə quran Xanımzadə xala sonuncu övladını 43 yaşında dünyaya gətirib. Deyir, hər dəfə oğlan gözləsələr də, qız olub. Arada iki oğlan uşağı dünyaya gəlsə də, onlar da üç-dörd gündən çox yaşamayıb.



16 qızın 14-ünə orta məktəbi bitirməmiş elçi gəlib. Qızlar çox olduğundan, gələn elçiləri o qədər də get-gələ salmayıblar.



Xanımzadə xala deyir ki, yoldaşı ilə bir-birlərini lap Leyli və Məcnun kimi seviblər. Həyat yoldaşı Daxıl kişi onu bir addım piyada getməyə belə qoymazmış. Başqalarından fərqli olaraq o, hər dəfə qız övladı dünyaya gələndə, heç narahat olmazmış, əksinə, hətta hər qıza görə qurban kəsirmiş. Onların sağlam, qüsursuz olmasına şükür edərmiş. Qızlarını bir-birindən ayırmayan Daxıl kişi bütün bayramlarda 16 qız və bir də həyat yoldaşına həmişə kiçik də olsa, hədiyyə almağı unutmazmış. Xanımzadə Salmanova deyir ki, hansı kişi onun yerinə olsaydı, 16 qıza görə onu bir gün də saxlamazdı.



Ərinin ölümündən sonra Xanımzadə Salmanova dörd qızının toyunu özü edib. Bu qədər övladının, nəvə və nəticələrinin olmasına baxmayaraq, Xanımzadə xalanın ürəyində bir nisgil də yatır. O da həyat yoldaşını öldürənlərin hələ də tapılmaması ilə bağlıdır. Bakıdan aeroporta, ordan da Cəlilabada adam aparıb-gətirən Daxıl Salmanovu 9 il əvvəl maşınına oturan sərnişinlərdən biri qətlə yetirib. Bu günə qədər də onun qatilləri tapılmır.



Bütün bayramlarda qızları, kürəkənləri ona çoxlu hədiyyələr gətirsə də, Xanımzadə xalanın gözləri heç vaxt gəlməyəcək bir insanın axtarışındadır.



Qızlarının çoxunu həyat yoldaşının sağlığında gəlin köçüb. Bəzən elə olub ki, bir ildə iki-üç qız köçürüblər. 10-cu qız dünyaya gələndən sonra Xanımzadə Salmanovaya "qəhrəman ana" adı verilib və qızıl medalla təltif olunub. 16 qız, 31 nəvə, iki nəticəsi olan Xanımzadə Salmanovanın 65 yaşı oktyabrda tamam olacaq.
XS
SM
MD
LG