Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:18

Şəki bu il turizm mövsümünə xüsusi hazırlaşır


Səs: Real audio
«Barmek» şirkəti elektrik sayğaclarını Çindən 3-5 dollara alır, amma əhaliyə 16 dollara satır. Bu sayğacların əksəriyyəti düzgün işləmir» Şəki şəhərində 5 ulduzlu otelin inşası başa çatır. İndiyəcən isə Şəkidə ancaq Sovet dövründən qalma mehmanxanalar işləyirdi və onlar müasir standartlara tam cavab vermirdi. Artıq Şəki şəhərində qaz və işıq da problem deyil. Bu da turizmin inkişafı baxımından vacib şərtdir. Amma hələ görüləsi çox işlər var



Bu ancaq filmlərdədir ki, Şəkidə bələdçilər xarici dildə turistlərə yerli tarixi abidələr barədə məlumat verirlər. İndi bəlkə də Şəkidə rus dilini bilən bələdçi tapmaq olar. Amma məsələ burasındadır ki, bu gün təkcə rus dilini bilməklə Şəkiyə gələn bütün əcnəbilərlə ünsiyyət yaratmaq olmaz. İngilis dilini bilməyə ehtiyac var. Kəsəsi, Şəkidə müasir tələblərə cavab verən bələdçi-tərcüməçi yoxdur.



Şəkidə söhbətləşdiyim Ailə İstirahəti və Turizm Assosiasiyasının sədri Fərhad Əzizov deyir ki, təkcə bələdçilərin yox, yerli mehmanxanalarda da, başqa turizm obyektlərində də xidmət personalının səviyyəsi ürəkaçan deyil: «Xidmət personalı turizm sahəsində təhsil alan şəxslər deyil. Şəkidə müasir standartlara uyğun yegerlər – dağlarda, ov edən zaman turistlərə bələdçilik edənlər yoxdur, tur agentləri də yoxdur».



Fərhad Əzizov deyir ki, onlar Şəkidə turizm obyektlərindəki xidmət personalına təlimlər keçirilməsi üçün layihə yazıb, dövlət orqanlarına təqdim ediblər. Amma üstündən iki il keçməsinə baxmayaraq, layihəylə maraqlanan tapılmır.



Şəkidə təkcə müasir otel yox, kotteclər də tikilir. Gələsən-görəsən qalasının ətrafında tikilən 21 fin evi artıq bu ildən turist qəbul edəcək.



Şəkidə söhbətləşdiyim Ailə İstirahəti və Turizm Assosiasiyasının sədri Fərhad Əzizov turizmin inkişafı üçün görülən işləri alqışlayır. Amma onun fikrincə, bəzi turizm obyektlərinin tikintisi, məsələn elə Gələsən-Görəsən qalası ətrafında kotteclərin inşası plansız və kortəbii aparılır. O, qala ətrafındakı meşə zolağında çəpərləməni düzgün saymır: «Tarixi abidənin ətrafı sərbəst ərazi olmalıdır ki, turistlər orada sərbəst gəzə bilsin. Ərazinin çəpərlənməsi oradakı heyvanat aləminə də ziyandır, onlar həmişə sərbəst gəzdikləri arealdan məhrum olurlar».



Amma Şəki rayonunun baş memarı Yusif Əbdürrəhmanov turizm obyektlərinin tikintisiylə bağlı iradları haqlı saymır. O deyir ki, əksinə, kotteclərin tikintisi tarixi abidələrin daha yaxşı qorunmasına kömək edəcək: «Orada müəyyən maneələr var ki, kimin ağlına gəldi, tarixi abidənin sahəsinə girdi söhbəti olmasın. Bundan başqa, turistlər gələndən sonra əldə olunan vəsaitlə həmin tarixi abidəni bərpa da etmək olar».



Amma hələ ki Şəkidə turistlərin istirahəti üçün bir dənə də olsun əyləncə-istirahət mərkəzi, yaxud müasir oyun zalı yoxdur. Rayon rəsmiləri isə deyirlər ki, tezliklə bunlar da olacaq.



Bu il Şəki Xan sarayının ətrafındakı şəxsi evlər də turist qəbul edəcək. Yerli qeyri-hökumət təşkilatları həmin evlərin sahibləriylə müqavilə bağlayıblar. Həmin evlərin təmiri, eləcə də müasir sanitariya-təmizlik qovşağı və başqa avadanlıqlarla təchiz edilməsi üçün köməklik göstəriblər.



Yazın gəlməsi Şəki üçün həm də turizm mövsümünün başlanması deməkdir. Turizmlə bağlı yeni layihələr bu il rayonda 100-dək adamın mövsümi də olsa, işlə təmin olunmasına və turizmdən birbaşa gəlir əldə etməsinə şərait yaradacaq.



Amma 150 mindən çox əhalisi olan rayon üçün turizm sahəsində açılan 100 iş yeri nə dərəcədə yetərlidir, Şəkidə işsizlik probleminin həlli üçün başqa hansı işlər görülür? Bu barədə növbəti söhbətimizdə.
XS
SM
MD
LG