Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:20

Hökumət şou-biznesi tənzimləmək istəyir


Səs: Real audio
Hüseyn Arabul: «Gəldilər, istədilər, verdik, nə edəydim, dava edəydimmi?» Müğənnilərin, şou-proqramların, hətta mahnıların musiqisinin və mətninin necə deyərlər, ələnib-ələkdən keçiriləndən sonra efirə verilməsi nəzərdə tutulur



Milli Məclisin Mədəniyyət Məsələləri üzrə Daimi Komissiyasının sədri Nizami Cəfərov deyir ki, buna bir neçə gündən sonra parlamentdə müzakirəyə çıxarılacaq «Şou-biznes haqqında» qanun layihəsinin qəbulu imkan verəcək. Onun sözlərinə görə, şou-biznesin bu günki vəziyyəti Azərbaycan mədəniyyətinin peşəkarlıq səviyyəsini aşağı salır və bu hal narahatlıq doğurmaya bilməz.



Cənab Cəfərovun fikrincə, bu gün şou-biznesdə müğənnilər, aparıcılar, hətta bəstəkar və şairlər də söyüş söymək, dava-qırğın salmaqla yadda qalırlar. Janrından asılı olmayaraq ciddi sənət nümunələrinə gəlincə, müsahibimiz hesab edir ki, burda səviyyə və keyfiyyət çox aşağıdır. Nizami Cəfərov deyir ki, lazım gələrsə, sözügedən qanunun icrasını həyata keçirmək üçün nəzarəti təmin edəcək qurum da yaratmaq olar.



Söhbət sovetlər dövründəki Bədii Şuranın bir qədər yeni modeldə bərpa edilməsindən gedir. «Bu, senzuranın bərpasına bənzəmirmi» sualını cavablandıran Nizami Cəfərov deyir ki, artıq şou-biznes bazarında vəziyyəti tənzimləməyin başqa yolu qalmayıb.



Professor Rəhman Bədəlovsa bildirir ki, bir yox, min qanun qəbul olunsa, yüz Bədii Şura yaransa, yenə də insanların zövqünə təsir etmək mümkün olmayacaq: «Belə bir qanun layihəsi hazırlamaqdansa, daha yaxşı olardı ki, dövlət mədəniyyət nümunələrinin, məsələn, muğamların, klassik əsərlərin qorunub saxlanması və inkişafı üçün tədbirlər görsün».



Rəhman Bədəlovun fikrincə, dünyanın heç bir yerində müğənnilərin, aktyorların, aparıcıların, bəstəkar və şairlərin şou-biznesdəki fəaliyyəti xüsusi qanunla tənzimlənmir.



Keçmiş «Bakılı oğlanlar» Şən və Hazırcavablar Klubunun üzvü Bəhrəm Bağırzadə isə, deyir ki, şou- biznesdə bir sıra dəyişikliklər edilməsinə ehtiyac var.



«Şou-biznes haqqında» qanunu hazırlayanlar da, şou-biznes əhli də «biz dinləyicilərin, tamaşaçıların zövqünə uyğun çalışırıq» deyirlər.



Həmsöhbətlərimizin əksəriyyəti isə bu qənaətdədirlər ki, dövlət Azərbaycan mədəniyyəti və incəsənətində nəyin təhlükə altında olduğunu hiss edirsə, onu məhv olmağa qoymasın. Yəni öz himayəsində saxlasın. Şou-bizneslə isə işi olmasın.
XS
SM
MD
LG