Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:31

Beynəlxalq təşkilatlar hökuməti Elmar Hüseynovun qatillərini tapmağa çağırır


Səs: Real audio
Amerika səfiri Rino Harnişin bəyanatında deyilir ki, Elmar Hüseynov Azərbaycanda demokratiyanın «danışan səsi» idi Birləşmiş Ştatların Azərbaycandakı səfiri Rino Harniş, ATƏT-in Bakı Ofisinin rəhbəri Maurisio Pavessi, «Sərhədsiz Reportyorlar» Beynəlxalq Mətbuat Azadlığını Müdafiə Təşkilatı, Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsi Azərbaycan hökumətini «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin istintaqını sürətləndirməyə, mərhum jurnalistin qatillərini mümkün qədər tez cinayət məsuliyyətinə cəlb etməyə çağırıb.



Amerika səfiri Rino Harnişin bəyanatında deyilir ki, Elmar Hüseynov Azərbaycanda demokratiyanın «danışan səsi» idi: «Onun redaktoru olduğu «Monitor» jurnalı Azərbaycanın istiqamət və gələcəyinə dair ictimai dialoqa böyük töhvə verib. Biz onun şövqü, sədaqəti və gücü üçün darıxırıq. Elmarın ölümünün bu birinci ildönümü günü gəlin hamımız onun yorulmadan izhar etdiyi dəyərlərə - söz azadlığı, insan haqları və qanunun aliliyi- sədaqətimizi bir daha bəyan edək».



«Təəssüf ki, Elmar Hüseynovun qətlindən bir il keçməsinə baxmayaraq, bu iş açılmamış qalır. Biz inanırıq ki, qətlin sifarişçilərinin əsl məqsədi üzə çıxmayanacan, məhkəmədə sübut edilməyənəcən ictimaiyyət bu işi bağlanmış hesab etməyəcək» - Bu isə ATƏT-in Bakı Ofisinin rəhbəri Maurisio Pavessinin fikirləridir.



Elmar Hüseynovla şəxsən tanış olmuş ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti isə, onun ölümünü Azərbaycan jurnalistləri üçün böyük itki hesab edir: «O, müstəqil media üğrunda mübarizlərin önündə gedirdi, azad mətbuatın əsl qəhrəmanı idi».



«Sərhədsiz Reportyorlar» Beynəlxalq Mətbuat Azadlığını Müdafiə Təşkilatı isə, bildirir ki, qətldən keçən bir il ərzində ciddi istintaq aparılmayıb. Təşkilat Baş prokuror Zakir Qaralovu yeni cinayət işi açmağa, yeni istintaq aparmağa, media və beynəlxalq təşkilatları istintaqın nəticələriylə tanış etməyə çağırır. Bəyanata görə, 2005-ci il aprelin 8-də Baş prokurorun işi Milli Təhlükəsizlik Nazirliyinə verməsi və bunu «terror» adlandırması göstərib ki, hakimiyyət istintaqı irəli aparmaq fikrində deyil.



Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsi də Azərbaycan hakimiyyətini Elmar Hüseynovun istintaqını yenidən aparmağa çağırıb. Təşkilatın icraçı direktoru Ann Kuperin dediyinə görə, hakimiyyət bütün versiyaları araşdırmalı və müqəssirləri məsuliyyətə cəlb etməlidir.



Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Arif Babayevsə deyir ki, istintaqın davam etdirilməsi üçün bütün tədbirlər görülür.



Martın 2-də həmçinin bir qrup siyasətçi, qəzet redaktoru və QHT rəhbəri Elmar Hüseynovun qəbrini ziyarət edib. Birləşmiş Ştatların Azərbaycandakı səfiri Rino Harniş mərhum jurnalistin öldürüldüyü yerə əklil qoyub və ailəsinə başsağlığı verib.



Elmar Hüseynov 2005-ci il martın 2-də evinin girəcəyində öldürülüb. Onun qətlində şübhəli bilinən Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyev beynəlxalq axtarışdadır. Bu işdə əlaqəsi olduğu deyilən Turqay Bayramovsa, iki il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG