Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:33

Bakı Dağlıq Qarabağla danışıqları rədd edir


Səs: Real audio
Üç dairə üzrə namizəd verilmədi Rusiya prezidenti Vladimir Putin Bakı səfərində Qarabağ məsələsini azərbaycanlı həmkarı İlham Əliyevlə geniş müzakirə edib. Prezidentlərin mətbuat konfransından qayıdan müxbirimiz İlqar Rəsul orada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da qısaca söhbət edib



Elmar Məmmədyarov "Azadlıq" radiosuna danışarkən Qarabağ separatçılarının lideri Arkadi Qukasyanın "Dağlıq Qarabağın sülh prosesinə qoşulması üçün Ermənistan danışıqlardan çıxmalıdır" bəyanatına da münasibət bildirdi. O dedi ki, Azərbaycan yalnız Ermənistanla danışıqlar aparır. Başqası ilə danışıq aparmaq fikrində deyil. Danışıqların formatı da belədir ki, danışıqlar xarici işlər nazirləri və prezidentlər səviyyəsində aparılmalıdır.



Cənab Məmmədyarov müxbirlərin suallarını cavablandırarkən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Stiven Mannın son bəyanatına da münasibət bildirdi. "Azadlıq" radiosuna müsahibəsi zamanı Mann demişdi ki, problem 2006-cı ildə həll olunmayacağı təqdirdə faciə baş verəcək.



Azərbaycanın xarici işlər naziri bu fikirlə razılaşmadı və dedi ki, sülhün əldə edilməsinin hansı il baş verəcəyini əvvəlcədən demək mümkün deyil. Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı isə martın əvvəlində – həmsədrlərin Vaşinqton görüşündən sonra müəyyənləşəcək. Elmar Məmmədyarovun sözlərinə görə, danışıqlar prosesində bir çox məsələlər müzakirə olunsa da, Azərbaycanın ərazi bütövlüyü, rayonların azad edilməsi və qaçqınların yerlərinə qayıtması birmənalı qoyulur.



Rusiya prezidenti Vladimir Putin danışıqların olduqca müsbət keçdiyini bildirdi. Dedi ki, Dağlıq Qarabağ probleminin həlli həm ikitərəfli əlaqələr üçün, həm də bütövlükdə region üçün vacib məsələdir. O, Azərbaycan prezidentinin «məsələ nə qədər mürəkkəb olsa da, Azərbaycan və Ermənistan hər iki tərəf üçün qəbul olunan həlli tapa bilərlər» fikri ilə razı olduğunu da bildirdi: "Rusiya özündən asılı olan hər şeyi edəcək ki, danışıqların nəticəsi qənaətbəxş olsun".



Rusiya prezidenti bu məsələdə Ermənistan prezidenti ilə əlavə məsləhətləşmələr aparacağı barədə İlham Əliyevə söz verdiyini də bildirdi:



«Rusiya danışıqların nəticələrinin qənaətbəxş olması üçün özündə asılı nə varsa, hamısını edəcək. Öz tərəfimdən Azərbaycan prezidentinə söz vermişəm ki, biz erməni həmkarlarımızla əlavə məsləhətləşmələr aparacağıq. Bu problemlə bağlı növbəti əlavə məsləhətləşmələr aparmaq üçün yaxın günlərdə Ermənistan prezidentini Moskvaya dəvət etmək fikrindəyəm».



İqtisadi məsələlərdən danışarkən də Vladimir Putin Qarabağ probleminə toxundu. Dedi ki, Rusiyanın Azərbaycanla mal dövriyyəsi 2 ildə iki dəfə artaraq 1 milyard dollara çatıb. Əgər Qarabağ problemi olmasaydı, bəlkə də bu rəqəm 5 milyarda çatardı: "Sovet məkanındakı konfliktlər bizi ləngidir. Ona görə də Rusiya problemlərin həllində son dərəcə maraqlıdır, o cümlədən də Qarabağ münaqişəsinin. Ancaq Rusiya bütün hallarda tərəflərin hansınasa təzyiq göstərmək fikrində deyil. Problemin həlli prosesində Rusiya yalnız vasitəçi və təminatçı rolunda çıxış edə bilər".



Putinin sözlərinə görə, iki gün İlham Əliyevlə söhbətlərindən də aydın olur ki, problemin həlli üçün şans var. "Ancaq detallar barədə danışmaq hesab edirəm ki, tezdir" – deyə Rusiya prezidenti əlavə etdi.
XS
SM
MD
LG