Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:11

Stiven Mann: «Danışıqlardan qərara keçmək mərhələsinə çatmışıq»<p align=`left`><br><br>


Səs: Real audio
Amerikalı həmsədr «Əgər tərəflər can yandırsalar, güzəştə getsələr və siyasi iradə nümayiş etdirsələr, o zaman 2006-cı il Qarabağ sülh razılaşması ili ola bilər» - deyir ABŞ Dövlət Departamentinin Dağlıq Qarabağ və Avrasiya Münaqişələri üzrə xüsusi vasitəçisi, ATƏT-in Minsk Qrupundakı həmsədri, səfir Stiven Mann «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik:



«Azadlıq»: Bir çoxları Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündən mühüm inkişaf gözləyirlər. Sizin gözləntiləriniz nədir?



Stiven Mann: İlk növbədə, həmsədrlər Fransadakı danışıqlara hazırlıq görmək üçün Bakı və Yerevana səfər edirlər. Biz Xarici İşlər nazirləri və prezidentlərlə görüşəcəyik. Gələn həftə isə, dövlət başçıları Fransa prezidenti Jak Şirakın dəvətilə Parisə gələcəklər və həmsədrlərin himayəsi altında müzakirələr aparacaqlar. İki ilə yaxındır ki, Praqa prosesi çərçivəsində iş aparırıq. Bu kontekstdə hər iki tərəf arasında ciddi və ətraflı müzakirələr və danışıqlar aparmışıq. Prezidentlər özləri Qarabağla bağlı danışıqlar aparmaq üçün görüşüblər. İndi bunu hamı etiraf edir ki, biz artıq danışıqlardan qərara keçmək mərhələsindəyik. Amerikanın mövqeyinə əsaslanıb deyə bilərəm ki, biz yaxın aylarda sülh razılaşması üçün imkanın olduğuna inanırıq. Düşünürəm ki, yaxın iki həftə içində keçiriləcək görüşlər çox vacib bir fürsətdir. Yenə də Amerika tərəfinin adından deyə bilərəm ki, biz hər iki tərəfin bu mühüm fürsəti əldən buraxmasını istəmirik.



«Azadlıq»: Fransada konkret nə müzakirə olunacaq?



Stiven Mann: Konkret nəyin müzakirə olunacağını deyə bilmərəm. Biz danışıqların məxfiliyini pozmaq istəmirik. Lakin gözləyirəm ki, Dağlıq Qarabağ razılaşmasına aid bir çox məsələlər müzakirə olunacaq.



«Azadlıq»: Bir çox müşahidəçilər bildirirlər ki, danışıqlarda işğal olunmuş ərazilərin qaytarılmasından tutmuş, Dağlıq Qarabağda referendumun keçirilməsinə kimi məsələlər müzakirə olunur. Siz bu barədə nə deyə bilərsiniz?



Stiven Mann: Heç bir şey deyə bilmərəm. Çünki mən danışıqların hər hansı bir detalına toxunmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, xeyli müddətdir proses düzgün istiqamətdə gedir. Biz tərəflər üçün həddən artıq faydalı nəticələr görürük. İstənilən razılaşma hər iki tərəf üçün qələbə nəticəsini verməlidir, razılaşmada hər iki tərəf üçün nə isə olmalıdır. Düşünürəm ki, müzakirələr də elə bu istiqamətdə gedir. Amma bunlar çox çətin məsələlərdir. Əgər problem çətin olmasaydı, onda çoxdan həll olunmuşdu. Hər iki prezident, Xarici İşlər nazirləri xoş məram nümayiş etdirirlər. Lakin göstərilən xoş mərama baxmayaraq müzakirə olunan məsələlər çox ağırdır. Ona görə də, mən qarşımızda duran problemi kiçiltmək istəməzdim. Bununla belə, əgər tərəflər can yandırsalar, güzəştə getsələr və siyasi iradə nümayiş etdirsələr, o zaman 2006-cı il Qarabağ sülh razılaşması ili ola bilər.



«Azadlıq: Əgər sülh razılaşması əldə olunsa, tərəflərə beynəlxalq maliyyə yardımı ediləcəkmi? Məsələn, işğal olunmuş ərazilərin bərpası üçün nə edilə bilər?



Stiven Mann: Əlbəttə. Detallara toxunmadan deyə bilərəm ki, münaqişədən ziyan çəkmiş bütün tərəflər üçün böyük beynəlxalq dəstək və bərpa planı sülh razılaşmasının tərkib hissəsi olmalıdır.
XS
SM
MD
LG