Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

Azərbaycanın regionda çəkisi artır


Səs: Real audio
Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri yaradılıb Gürcüstana Rusiya qazının nəqli artıq bərpa olunub, yanvarın 30-u gecədən isə, Tbilisi axırıncı 30 ildə ilk dəfə olaraq İrandan qaz almağa başlayıb, Azərbaycan ərazisi vasitəsilə



Ölkələr arasında imzalanmış müqaviləyə görə, Azərbaycan 15 gün ərzində sutkada 2 milyon kubmetr İran qazını Gürcüstana nəql edəcək. «Azəriqaz» Səhmdar Cəmiyyətindən deyirlər ki, Azərbaycan İran qazını Gürcüstana Rusiyadan bu ölkəyə qaz ötürən «Mozdok-Tbilisi» kəmərində baş vermiş partlayışdan sonra kömək məqsədilə ötürür. Hələ ki, hökumətdən buna görə Azərbaycanın nə qədər tranzit haqqı alacağı barədə açıqlama verilmir. «Azəriqaz»ın Mətbuat Xidmətinin rəhbəri Kamandar Eyvazlı deyir ki, Gürcüstan və İran istəsə, Azərbaycan bu müqavilənin müddətini uzatmağa hazırdır.



Amma bunun davamlı olması üçün Azərbaycanın nəqletmə sistemi tələblərə cavab verməlidir. Məsələ burasındadır ki, indi Azərbaycanda magistral qaz kəmərləri cəmi 18 atmosfer təzyiqində qaz qəbul edə bilir. İran ərazisində isə, bu rəqəm 55 atmosfer təzyiqidir.



Enerji məsələləri üzrə ekseprt İlham Şaban deyir ki, İran öz ərazisində təzyiqi 15 günlüyünə aşağı salıb, qazın Gürcüstana daimi ötürülməsi üçün Azərbaycanda təzyiqi tənzimləyən stansiya tikilməlidir. Bu stansiyanın qiyməti isə, təqribən 250 min dollardır. Amma texniki məsələlər həll edilsə və Azərbaycan Gürcüstana İran qazını həmişə ötürsə, bu, Azərbaycan üçün xeyli perspektivlər vəd edə bilər.



İqtisadçı İnqilab Əhmədov isə, deyir ki, İran qazının Azərbaycan ərazisindən Gürcüstana ötürülməsi tranzit haqqından başqa, Bakının həm də regionda geostrateji rolunun yeni müstəvidə ortaya çıxması deməkdir.



Amma məsələnin başqa tərəfi də var. Gürcüstanın indi 2,5 milyard dollar dövlət borcu var və bunu ödəməkdə çətinlik çəkir. Ekpert İlham Şaban deyir ki, İran qazının Azərbaycan ərazisindən Gürcüstana uzunmüddətli ötürülməsi məsələsi gündəmə gəlsə, Azərbaycan hökuməti bu məqamı diqqətdə saxlamalıdır.



Cənab Şabanın fikrincə, Gürcüstana qaz nəqli Azərbaycanı bu ölkəylə iqtisadi münasibətləri öz xeyrinə dəyişməyə də imkan verə bilər.



Ekspertlər deyirlər ki, Azərbaycan İran qazını Gürcüstana ötürməyə başlasa, bu, Bakının siyasi əlaqələrinə də müsbət təsir göstərəcək. Politoloq Zərdüşt Əlizadənin fikrincə, bununla da Cənubi Qafqazın enerji təhlükəsizliyi baxımından Rusiyadan asılılığı azalacaq və Azərbaycanın bu mənada siyasi çəkisi artacaq. Politoloq hesab edir ki, İran qazını almaqda Tbilisiyə vasitəçi olması indiyə qədər Gürcüstana qaz satan Rusiyayla Azərbaycanın münasibətlərində soyuqlaşmaya səbəb ola bilməz.



Rusiyadan Gürcüstana qaz ötürən «Mozdok-Tbilisi» qaz kəməri və elektrik xətlərində bu ilin yanvarın 22-də partlayış olub. Nəticədə Gürcüstanın qaz və işıq təminatında ciddi problemlər yaranıb. Gürcüstan rəsmiləri hadisəni Rusiyanın təzyiqi kimi qiymətləndirsə də, Moskva bu iddianı qəbul etmir. Partlayış baş verəndən 1 gün sonra Azərbaycan Gürcüstana mavi yanacaq ötürməyə başlayıb. Azərbaycanın İran qazını Gürcüstana ötürməsi məsələsi isə, hələ ötən ilin əvvəlində İran və Gürcüstan dövlət rəsmilərinin görüşündə gündəmə gəlmişdi.
XS
SM
MD
LG