Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:02

Azərbaycan nümayəndə heyətinin mandatı təsdiq olundu


Səs: Real audio
Avropa Şurası Parlament Assambleyasında [AŞPA] Azərbaycan nümayəndə heyətinin mandatı təsdiq olunub. Səsvermə hüququnun alınması ilə bağlı təklif qəbul olunmayıb. Bu barədə AŞPA-nın plenar sessiyasında qərar verilib Müzakirələr Monitorinq Komitəsinin üzvü, britaniyalı deputat Toni Loydun çıxışı ilə başladı. Onun təqdim etdiyi hesabatda təklif olunurdu ki, Azərbaycan nümayəndə heyətinin mandatı təsdiq edilsin. Lakin Azərbaycan iyun ayına kimi səsvermə hüququndan məhrum olunsun.



Cənab Loyd mövqeyini belə əsaslandırdı ki, hələ 2005-ci ilin iyun sessiyasında Azərbaycan qarşısında şərt qoyulmuşdu: əgər seçki prosesində ciddi pozuntular aşkar olunarsa, Azərbaycan sanksiyalarla üzləşəcək.



"Əgər biz bu gün addım atmasaq, bir qurum olaraq dəyərlərimizi itirə bilərik. Avropa Şurasının demokratiya ilə bağlı standartlarına qarşı getmiş olarıq," – deyə o, vurğulayıb.



Cənab Loyd deyib ki, "seçkilərdə ciddi pozuntular olub. Pozuntular o qədər ciddi olub ki, 10 dairədə təkrar seçki keçirməklə problem həll olunmayacaq. Lakin 10 dairədə təkrar seçki Azərbaycan hakimiyyəti üçün bir imkandır ki, xalqa və dünyaya Azərbaycanın irəliyə getməyə hazır olduğunu nümayiş etdirsin”.



Toni Loyd bildirdi ki, səsvermə hüququnun iyuna kimi alınması təklifi nümayəndə heyətinin üzvlərinə qarşı yox, Azərbaycandakı seçki sisteminə qarşıdır: "Onlar Azərbaycana qayıdıb xalqa və hökumətə deməlidirlər ki, bu problem həll olunmalıdır".



Avropa Şurası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri – Andreas Qross və Andres Herkel də çıxış etdilər. Onlar da Azərbaycanda seçki zamanı baş vermiş pozuntular barədə danışdılar.



Andres Herkel dedi ki, bəzi hallarda seçki dairələrində nəticələr müxalifətin namizədləri qalib gəldiyi üçün ləğv edilib.



Monitorinq Komitəsinin üzvü, hollandiyalı deputat Leo Platvoet isə bildirdi ki, 43 faiz dairədə səslərin hesablanması pis və ya çox pis keçib.



Azərbaycan nümayəndə heyətinin üzvləri isə Toni Loydun təklifinə qarşı çıxdılar. Nümayəndə heyətinin başçısı Səməd Seyidov Assambleyanı Azərbaycana daha bir şans verməyə çağırdı:



"Bu gün danışmaq çox çətindir. Beş ildir ki, Azərbaycan AŞ-nın üzvüdür və bu vaxt ərzində Şura qarşısında götürdüyü öhdəliklərin icra olunması istiqamətində çox iş görüb. Bizə şans verin. Bu məsələni iyuna saxlayın. Bu cür müzakirələr Azərbaycan üçün cəzadır. Bizim səsimiz alınsa, bu, bizə qarşı həddən artıq ağır cəza olacaq".



Toni Loydun təklifi səs qoyuldu. Səsvermə zamanı 68 deputat lehinə, 100 deputat əleyhinə səs verdi.



Beləliklə, Azərbaycan nümayəndə heyətinin mandatı təsdiq olundu. Monitorinq Komitəsinə Azərbaycanda mayda 10 dairədə keçiriləcək seçkilərin müşahidəsi həvalə olundu. Komitə müşahidənin nəticələri barədə iyunda Assambleyaya hesabat təqdim etməlidir.
XS
SM
MD
LG