Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:01

Natiq Əliyev Gürcüstana qazın pulsuz verilməyəcəyini deyir


Səs: Real audio
Sənaye və Energetika naziri «Onlar qaza görə, Rusiyaya verdikləri məbləği Azərbaycana ödəməlidirlər» - deyir Azərbaycan Gürcüstana qaz və işıq verməyə başlayıb. «Azəriqaz» Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Kamandar Eyvazlı deyir ki, ilkin olaraq Gürcüstana gündə iki milyon kubmetr qaz veriləcək. Amma bu həcm yaxın günlərdə artırıla bilər. Onun sözlərinə görə, Azərbaycanın Gürcüstana qaz verməsi müqabilində Rusiya Azərbaycana təxminən eyni həcmdə qaz verməyə boyun olub: «Gürcüstan bizdən dörd milyon kubmetr istəyib, biz bu istiqamətdə iş aparırıq, amma bu Rusiyanın bizə qaz nəqlini artırmasından asılıdır. Hələ ki, onlar bu işə başlamayıblar».



Rusiyanın «Qazprom» şirkəti isə, artıq Azərbaycana qaz verməyə başladıgını bildirir.



Yanvarın 21-dən 22-nə keçən gecə Rusiya ərazisində bu ölkədən Gürcüstana və Ermənistana qaz nəql edən kəmərdə, eləcə də Rusiyadan Gürcüstana elektrik enerjisi verən xətdə partlayışlar baş verib. Gürcüstanın qaz ehtiyatı yanvarın 23-də axşam tükənməli idi. Gürcüstan Rusiyadan elektrik enerjisinə olan tələbatının təxminən altı faizini alır. Amma məsələni mürəkkəbləşdirən odur ki, Gürcüstanın Ermənistandan aldığı elektrik enerjisi də azalıb. Çünki Ermənistan Gürcüstana verdiyi enerjini Rusiya qazından istehsal edirdi.



Gürcüstan prezidenti Mixail Saakaşvili partlayışları Rusiyanın törətdiyi təxribat adlandırıb. Onun sözlərinə görə, Rusiya bu cür təzyiqlərlə Gürcüstanı daxili qaz şəbəkəsini ona satmağa məcbur etmək istəyir. Amma Rusiyanın Gürcüstandakı səfiri Vladimir Çxikvişvili bazarertəsi səhər keçirdiyi mətbuat konfransında bu ittihamları qəbul etmədiyini bildirib və partlayışın terror aktı olduğunu deyib: «Necə ola bilər ki, biz həm kəməri partladırıq, həm də dərhal onun bərpasına başlayırıq, kömək üçün azərbaycanlı həmkarlarımıza müraciət edirik. Bu, məntiqi deyil. Məsələni siyasiləşdirmək lazım deyil».



Cənab Çxikvişvili deyir ki, üç milyon kubmetr qaz ancaq Tbilisinin yarısını təmin edə bilər. Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev isə, bildirir ki, Azərbaycan qonşu ölkə kimi Gürcüstana kömək etməyə hazırdır. Bu məsələ bazarertəsi Bakıda Natiq Əliyevlə Gürcüstanın Energetika naziri Nika Gilauri arasında keçirilən görüşdə də müzakirə olunub. Natiq Əliyev «Azadlıq» radiosuna müsahibəsində deyib ki qazsız və işıqsız qalan qonşu ölkəyə kömək etməyə hazırdırlar, amma bu pulsuz qas verilməsi olmayacaq, münasibətlər bazar iqtisadiyyatı əsasında qurulmalıdır: «Onlar qaza görə, Rusiyaya verdikləri məbləği Azərbaycana ödəməlidirlər».



Natiq Əliyev deyib ki, hazırda Gürcüstan İrandan da qaz almağa çalışır. Onun sözlərinə görə, əgər bu baş tutsa, Azərbaycan öz ərazisindən Gürcüstana ildə bir milyard kubmetrə qədər qaz ötürə bilər.
XS
SM
MD
LG