Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:39

QHT-lərin siyasi məhbus hesab etdikləri 3 nəfər əfv olunub


Səs: Real audio
Hüquq müdafiəçilərinə görə, son əfv fərmanı da Azərbaycanda siyasi məhbus problemini həll etməyib Prezident İlham Əliyevin yanvarın 19-da imzaladığı əfv fərmanı cümə günü icra olunub. Həmin fərmana əsasən, 95 nəfər azadlığa buraxılıb. Ombudsman Elmira Süleymanova üç cəzaçəkmə müəssisəsinə gedərək dustaqların azad olunması mərasimində iştirak edib.



Ancaq yerli hüquq müdafiəçiləri bu fikirdədir ki, son əfv fərmanı da Azərbaycanda siyasi məhbus problemini həll etməyib. Əfv olunanlar arasında onların siyasi məhbus kimi tanıdığı 3 nəfərin adı var – 2004-cü ildə Dəvəçi rayonunda bələdiyyə seçkilərinin yekunlarına dair protokolu imzalamaqdan imtina etdiyi üçün 2 il azadlıqdan məhrum edilmiş Şəmsəddin Camiyev, 2004-cü ilin dekabrında məhkum olunmuş, "Qarabağ partizanları" adlandırılan Rüstəm Əsgərov və Vüqar Qasımov.



Hüquq müdafiəçiləri prezident İlham Əliyevin ötən il iyunun 20-də əfv etdiyi 100 nəfərdən 30-nun siyasi məhbus olduğunu bildirirdilər.



Ötən il iyununda Azərbaycan hökuməti ilə bir sıra hüquq müdafiə təşkilatları arasında siyasi məhbuslarla bağlı memorandum imzalanıb. Siyasi məhbus məsələsinin beynəlxalq təşkilatlarda deyil, ölkə daxilində həll edilməsinə dair razılıq əldə olunub.



Ancaq həmin ilin avqustundan bəri bu memorandumu imzalayan qrupun iclası keçirilməyib.



Hüquq müdafiəçisi Murad Sadəddinov son əfv fərmanında siyasi məhbusların sayının az olmasını da məhz həmin səbəblə əlaqələndirir. Onun dediyinə görə, hazırda 70 nəfərlik siyasi məhbus siyahısında keçmiş OMON-çular, 1994-cü ildə dövlət çevrilişinə cəhd ittihamıyla məhkum olunmuş şəxslər var.



Əfv Komissiyasının üzvü Elmira Axundova isə Azərbaycandakı siyasi məhbusların hamısının demək olar ki, azadlıqda olduğunu bildirir.



Azərbaycan hüquq müdafiəçilərindən ibarət qrup gələn həftə Avropa Şurası Parlament Assambleyasının [AŞPA] qış sessiyasında iştirak edəcək. Sessiyanın gündəliyində Azərbaycanla bağlı ayrıca məsələ olmasa da, ayrı-ayrı görüşlərdə siyasi məhbus məsələsi qaldırılacaq.
XS
SM
MD
LG