Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:41

«Rəmzi» şəhid məzarları<p align=`left`><br><br>


Səs: Real audio
Şəhidlər Xiyabanının 20 Yanvar hissəsində sıralanan məzarların sayı 157-dir. Baxmayaraq ki, rəsmi məlumatlara görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə həlak olanların sayı 138 nəfərdir. Amma həmin gün xəsarət alan 750 nəfərin 340-ı ömürlük əlil olub. Bu əlillərin bir qismi də dünyasını dəyişəndə, Şəhidlər Xiyabanında «rəmzi» məzarları qurulur Bu cür yaralılar neçə il yaşamasından asılı olmayaraq dünyasını dəyişdikdə, həkim ölümün səbəbini müəyyənləşdirir. Əgər səbəbi 1990-cı ilin 20 yanvar günü aldığı xəsarətdirsə, ona rəsmi qaydada şəhidlik statusu verilir və harada dəfn olunsalar da, onların şəkilləri – «rəmzi» məzarları Şəhidlər Xiyabanındakı məzarların sırasına əlavə olunur. Bu cür simvolik məzarları fərqləndirən cəhət də məhz onların saylarının sabit olmaması, ildən-ilə artmasıdır.



«20 Yanvar» cəmiyyətinin sədri Sahib Əlizadə deyir ki, bu cür şəxslərə şəhid statusunun verilməsini onların yaşadıqları rayonun icra hakimiyyətləri həll edirlər. Sahib Əlizadənin sözlərinə görə, 20 Yanvar əlillərinin xeyli hissəsi 2005-ci ildə dünyalarını dəyişiblər.



Bakı şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Feyruz Əsgərovun fikrincə isə, sonradan vəfat edənlərə şəhid statusunun verilməsində diqqətli olmaq lazımdır. Çünki xiyabanda yer məhduddur, orada hamıya yer ayırmaq mümkün deyil.



«20 Yanvar» cəmiyyətinin sədri Sahib Əlizadə də düşünür ki, yer məsələsi ciddi problem olduğundan, xiyabana ümumi bir lövhə vurulub sonradan vəfat edənlərin adı ora əlavə edilsə, daha münasib olar. Çünki həmin gün 750 nəfər xəsarət alıb, onların 340 nəfəri ömürlük əlil olub. Allah hamısına uzun ömür versin, 20 Yanvar əlillərinin hazırda 333 nəfəri yaşayır.



Havanın necəliyindən asılı olmayaraq, Şəhidlər Xiyabanında bütün il boyu iş gedir.



Xiyabanın müdiri Aydın Hüseynov deyir ki, buranın 15 işçisi var. Onlar yalnız abidələrin bərpası ilə məşğul olurlar. Bütün il ərzində bərpa işləri aparılır və 20 Yanvar gününə tam başa çatdırılır, bunun üçün yetərincə vəsait də ayrılır.



Şəhidlər Xiyabanında məzarlardan ikisi də naməlum şəhidlərdir. Rəsmilər bildirirlər ki, onlar 25-30 yaşlarında kişilər olublar. Amma nədənsə, bu şəxslərin kimliyinin müəyyən edilməsi üçün aparılan hansısa araşdırma barədə məlumatı olan adam tapılmadı. Müraciət etdiyimiz rəsmilər bildirdilər ki, hadisənin səbəblərini araşdıran istintaq komissiyasının imkanlarının məhdudluğu, eləcə də insanlardakı qorxu o vaxt 20 Yanvar qurbanlarının dəqiq sayını, şəxsiyyəti məlum olmayanların kimliyini müəyyənləşdirməyə, heç olmasa, kimliyi məlum olanların şəkillərini tapıb məzarının üzərindən asmağa imkan vermirdi.



Ancaq 20 Yanvardan sonra müstəqil dövlət olan Azərbaycanın indi bu cür yarımçıq işləri görməyə imkanı yoxdur demək ən azı ağlabatan səslənmir. Hələliksə, müasir imkanlardan yalnız ildə iki dəfə bütün şəhidlərin şəkillərinin və adlarının aydın görünməsi üçün lövhələrin üzərində iş aparılmasında istifadə olunur.
XS
SM
MD
LG