Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Səmayə nənənin ləvəngisi


Səs: Real audio
Namiq Feyziyev və Turan Əliyev universitetə gedib-getməmək barədə hələ düşünəcəklərini deyirlər Bura Lənkərandır – hər kəs qəhrəmandır. Lap elə məni təndirinin yanında qonaq edən 72 yaşlı Səmayə nənə kimi



Hansı kənddə yaşayır demirəm, çünki bu rayonda belə nənələr çoxdur. Mənim gücnən qaldırdığım əl dəyirmanını uf demədən qaldıran bu nənə gözünü açandan bəri boş dayanmayıb. Ata yurdunda da işləyib, ər evində də. Uşaqlarını böyüdüb, hərəsini bir diyara yola salıb.



Azərbaycanda çoxları elə bilir ki, Lənkəranda yaşayanların hamısı milliyətcə talışdır. Amma yerli icra hakimiyyətindən deyirlər ki, talışlar 200 min əhalinin heç 30 faizi də deyil. Səmayə nənə də talışdır, kənddə-evdə talışca danışır, amma Lənkəran şəhərinə gedəndə özü demiş, türkcə danışırlar.



Nənə ilə söhbət edə-edə "evin kişisi" də gəldi çıxdı. Niyə, nə üçün gəldiyimi belə soruşmadı, eləcə suallarımı cavabladı. Miri kişi 80 yaşında olsa da, arada bir xanımına həyətdə nəsə əkib becərməyə kömək edir. Dediyinə görə, bir vaxtlar sovxozda yaxşı qazanan kəndlilərdən olub.



Miri kişi onu da dedi ki, 750 adamın yaşadığı kənddə kənd təsərrüfatıyla normal məşğul olan çox azdır. Lazımi texnika və şərait olsaydı, başqa cür olardı.



Səmayə nənə məni tanımaya-tanımaya necə qonaq etmişdisə, suallarıma da elə cavab verdi. Miri kişiyə qoşulub qaçmağından, sonra toyunun olmasından, uşaqlarını necə böyütməsindən də söhbət etdi.



Söhbət edə-edə təndirə yapdığı çörəklər və ləvəngi də hazır oldu. Yeməyinə şərik olmaq istəməsəm də, təndir çörəyindən yeməmiş getməyə qoymadı.



Gedəndə isə məşhur Lənkəran ləvəngisinin hazırlanma reseptini verdi, birdən kiməsə "lazım olar" deyə. Amma onu da dedi ki, əziyyət çəkib ağ soğanla ləvəngi bişirməyin, hökmən qırmızı, özü də yerli soğan olmalıdır.
XS
SM
MD
LG