Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:02

İranla beynəlxalq aləmin qarşıdurması: Azərbaycan nə etməlidir?


Səs: Real audio
ABŞ, Norveç Krallığı və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin və ATƏT-in Bakı Ofisinin nümayəndələri aksiyaçılara baş çəkdilər İranla beynəlxalq aləmin nüvə məsələsindəki qarşıdurmasının Azərbaycana mümkün təsiri necə ola bilər? Bu qarşıdurma ölkəyə hansı ziyanı vura bilər? Rəsmi Bakı bu ziyanı azaltmaq üçün hansı işləri görür və ya görməlidir? Siyasi ekspertlərin bir qismi bu hadisələrin Azərbaycana heç bir ziyanı olmayacağını desə də, digər qisim hər şeyin hadisələrin necə inkişaf edəcəyindən asılı olduğunu bildirir. Hakim Yeni Azərbaycan Partiyasından millət vəkili, politoloq Aydın Mirzəzadə deyir ki, bu qarşıdurmanın Azərbaycana heç bir ziyanı ola bilməz. Hətta əgər vəziyyət daha da kəskinləşsə belə, hakimiyyətin indiyə qədər tutduğu siyasi xətt buna imkan verməyəcək.



Keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə isə bildirir ki, hər şey hadisələrin hansı istiqamətdə inkişaf edəcəyindən asılıdır. Əgər İrana hərbi müdaxilə olsa, bu ölkədə infrastruktur sıradan çıxacaq. Ancaq bu heç də Azərbaycan üçün humanitar problem yaratmayacaq, oradan ölkəyə qaçqınlar axışmayacaq. Lakin İranda qarışıqlığın yaranması Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri üçün təhlükə yarada bilər.



Siyasi icmalçı Zərdüşt Əlizadənin fikrincə isə, İrana hər hansı hərbi müdaxilə baş versə və bu geniş vüsət alsa, Azərbaycana qaçqınlar ordusunun gəlməsi istisna deyil. Ancaq orada baş verə biləcək müharibənin BTC-yə və ya neftin daşınmasına heç bir təsiri olmayacaq.

Cənab Əlizadə hesab edir ki, Azərbaycan bu hadisələrdən ziyan çəkməmək üçün mümkün qədər mövcud qarşıdurmadan kənarda qalmağa çalışmalıdır. Politoloqun fikrincə, hazırda Azərbaycan hakimiyyəti bunu bacarır və bu məsələdə onu ittiham etməyə əsas yoxdur.



Vəfa Quluzadə isə bildirir ki, Azərbaycanın İranla əlaqələri normaldır və belə də olmalıdır. Ancaq Azərbaycan bu məsələdə nə İrana, nə də ABŞ-a təsir etmək imkanına malik deyil. Ona görə də rəsmi Bakı hər iki ölkə ilə əməkdaşlıq etməlidir. O, bildirir ki, hər halda bu hadisələrdən yaxşı heç nə gözləmək olmaz. Əksinə pisə hazır olmaq daha məqsədəuyğundur.



Aydın Mirzəzadə isə hesab edir ki, Azərbaycan bu qarşıdurmada əlahiddə rol oynamaq iqtidarında olmasa da, öz nüfuzundan istifadə edib vəziyyətin yumşalmasına, tərəflərin danışıqlar masası arxasına keçməsinə çalışmalıdır.
XS
SM
MD
LG