Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:05

Avropa Şurası boş qalan dairələrdə təkrar seçkiləri müşahidə edəcək


Səs: Real audio
Avropa Şurası rəsmiləri fevralda Bakıya gələcəklər Avropa Şurası boş qalan 10 dairədə mayda keçiriləcək təkrar seçkiləri müşahidə etmək qərarına gəlib.



Bu barədə "Azadlıq" radiosuna Avropa Şurasının Azərbaycandakı seçkiləri müşahidə missiyasının rəhbəri Leo Platvoet məlumat verib.



Avropalı deputatın sözlərinə görə, Avropa Şurası Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər ediləcəyini gözləyir: "Seçki qanununda dəyişikliklər aparılmalıdır. Bu dəyişiklikləri hakimiyyət Avropa Şurasının seçkilərə dair hesabatına uyğun həyata keçirməlidir".



Leo Platvoet bildirdi ki, Azərbaycanın AŞPA-ya göndərəcəyi yeni nümayəndə heyətinin mandatının təsdiq olunub-olunmaması məsələsi hələ də açıq qalır. O deyir ki, bu barədə qərar yanvarda Strasburqda Assambleyanın plenar sessiyasında veriləcək. Belə təkliflər də var ki, bu məsələ yaz sessiyasına qədər təxirə salınsın.



Leo Platvoetin fikrincə, hazırda Avropa Şurasının Azərbaycanla münasibətlərində müəyyən gərginlik var:



"Azərbaycanın hakimiyyət dairələri yaxşı bilirlər ki, sonuncu seçkilər ideal seçkilər sayıla bilməz. Dəyişikliklərə ehtiyac var və bizim niyyətimiz bu dəyişikliklərə nail olunmasına yardım etməkdir.



Bizim məqsədimiz Azərbaycanı Avropa Şurasından kənarlaşdırmaq deyil. Azərbaycan Avropa Şurasının tərkib hissəsi olmaq istəyir. Bunun üçün isə Azərbaycan öhdəliklərini yerinə yetirməlidir. Bizim müzakirələrimiz elə bu istiqamətdə gedir", – deyə hollandiyalı deputat bildirib.



Leo Platvoet fevralda Avropa Şurası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri – Andreas Qross və Andres Herkellə birgə Bakıya səfər edəcək. İlkin olaraq bu səfər yanvara planlaşdırılırdı. Səfərin fevrala təxirə salınmasını cənab Platvoet Parlament Assambleyasının qış sessiyasına kimi vaxtın az qalması ilə izah etdi. Digər səbəbsə odur ki, nümayəndə heyəti AŞPA prezidenti Rene van der Lindenlə birlikdə gəlmək istəyir.
XS
SM
MD
LG