Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:52

Meriya jurnalistlərin piketinə icazə vermədi


Səs: Real audio
Jurnalistlərsə aksiyanı keçirəcəklərini bildirirlər Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) «Elmar Hüseynov Fondu» və redaktorların yanvarın 12-də paytaxtın Sabir bağında piket keçirmək müraciətinə icazə verməyib. Meriya bunu Elmar Hüseynovun qətli ilə bağlı istintaqın başa çatmamasıyla izah edir. Cavab məktubunda ölkə başçısının da nəzarətində olan araşdırmanın nəticələrinin elan olunmasını gözləmək məqsədəuyğun sayılır.



Amma «Elmar Hüseynov Fondu»nun təsisçiləri və redaktorlar yanvarın 12-i də daxil olmaqla qətlin bir ilinin tamamına - martın 2-dək hər cümə axşamı piket keçirməkdə israrlıdırlar. Bu haqda qərar qurumun və redaktorların yanvarın 11-də keçirilən toplantısında verilib. Fondun təsisçilərindən biri - «Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlu deyir ki, məqsəd qətlin istintaqının gedişini sürətləndirməkdir.



Qəzet redaktorlarının gələn həftə Gürcüstanın Baş prokuroruyla görüşəcəyi də gözlənilir. Cənab Xuduoğlu deyir ki, görüşdə qonşu ölkənin mətbuat nümayəndələri də iştirak etmək niyyətindədirlər. Gürcüstan Prokurorluğu isə müraciətə yanvarın 15-dən sonra cavab verəcəyini bildirib. Azərbaycan jurnalistləri yerli hüquq-mühafizə orqanlarından məlumat ala bilmədikləri üçün istintaqla bağlı Gürcüstan Prokurorluğuna üz tutduqlarını deyirlər.



2005-ci il martın 2-də yaşadığı evin girişində odlu silahla öldürülən «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qətlində üç nəfər Gürcüstan vətəndaşının şübhəli bilindiyi deyilir. Onlardan ikisinin Teymuraz Əliyev və Tahir Xubanov olduğu bildirilir, digər üçüncü şəxs haqda məlumat verilmir.



Qətlin istintaqını aparan Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Arif Babayev isə bildirir ki, bütün zəruri istintaq və əməliyyat tədbirləri aparılır. Qətlin icraçılarısa «İnterpol»un axtarışındadır.
XS
SM
MD
LG