Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:06

Yanacağın bahalaşmasına etiraz edən sürücülər yolu kəsiblər


Səs: Real audio
Nəqliyyat nazirinin müavini Musa Pənahov isə deyir ki, qiyməti qanunsuz qaldıran sürücülər xəttdən uzaqlaşdırılacaqlar Yanvarın 9-da səhər saat 9-dan 11-ə qədər dizel yanacağının bahalaşmasına etiraz edən marşrut sürücüləri Binəqədi qəsəbəsinə gedən yolu kəsiblər. Sürücülər deyirlər ki, yanacağın qiyməti artandan sonra qazancları azalıb, odur ki, gediş haqqını qaldırmaq istəyirlər, amma hökumət buna icazə vermir. Tətil nəticəsində şəhərin bu istiqamətinə gedən yollarda tıxac yaranıb, vəziyyət ancaq polisin müdaxiləsindən sonra düzəlib. Sürücülər bildirirlər ki, onlar tələblərindən geri çəkilməyəcəklər və aksiyanı davam etdirəcəklər.



Nəqliyyat nazirinin müavini Musa Pənahov isə deyir ki, şəhərdaxili daşımaların iki dəfə bahalaşdırılması real deyil: «Sürücülər öz mənfəətləri üçün belə deyirlər. Onlar qiyməti qanunsuz qaldırsalar, xəttdən uzaqlaşdırılacaqlar».



Cənab Pənahov sürücülərə məsləhət görür ki, tələsməsinlər və son qərarı gözləsinlər. Nazirlər Kabinetinin qərarına görə, şəhərdaxili nəqliyyat daşımaları tənzimlənən qiymətlər qrupuna aiddir və onu ancaq Tarif Şurası dəyişdirə bilər. Cənab Pənahovun sözlərinə görə, indi nazirlik dizelin bahalaşmasının nəqliyyatın ayrı-ayrı sektorlarına olan təsirini qiymətləndirir, sonra öz təkliflərini Tarif Şurasına göndərəcək. O, həmçinin şəhərdaxili nəqliyyat daşımalarına büdcədən subsidiya - əvəzsiz yardım ayrıla biləcəyini də bildirir. Amma hələ ki, bu barədə müzakirələr aparılır. Yeri gəlmişkən, nəqliyyat sektoru mənfəətli sahə hesab olunur və hələ ki, ancaq Naxçıvana təyyarə uçuşlarına büdcədən subsidiya verilir.



İlkin hesablamalar göstərir ki, dizelin qiymətinin iki dəfə artırılması ən çox beynəlxalq daşımalara təsir edəcək, amma Musa Pənahov bildirir ki, bu təsir cəmi 25-30 faizdir.



Nazir müavini deyir ki, təyyarə benzininin 35 faiz bahalaşması hava nəqliyyatında ciddi qiymət artımına səbəb olmayacaq, dəmiryoluna isə 7-8 faiz təsir edəcək. Bahalaşma su nəqliyyatında 6 faiz həcmində özünü göstərəcək.



Sonuncu dəfə dizel yanacağının qiyməti, məişət qazı və kerosinlə birlikdə Tarif Şurasının yanvarın 5-də keçirilən iclasında qaldırılıb. Daha çox nəqliyyat sektorunda istifadə edilən dizel yanacağı 900 manatdan 1800 manata qədər bahalaşdırılıb. Bu, təzə pulla 36 qəpik edir.
XS
SM
MD
LG