Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:31

Prezident hərbi xərclərin artırılacağını bir daha bəyan etdi


Səs: Real audio
«Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq da» Prezident İlham Əliyev Yeni İl və Həmrəylik günü ilə bağlı xalqa təbrikində 2005-ci ildə Qarabağ münaqişəsiylə bağlı müsbətə doğru addımlar atıldığını dedi. Misal kimi isə ötən ildə BMT-nin məsələni gündəliyə salmasını, Avropa Şurasının Ermənistanı işğalçı dövlət kimi tanımasını, ATƏT-in Faktaraşdırıcı Missiyasını işğal olunmuş ərazilərə göndərməsini və qanunsuz məskunlaşma aşkar etməsini göstərdi.



2006-cı ildə münaqişənin həlli ilə bağlı isə konkret fikir söyləmədi: «Danışıqlar indi Praqa prosesi çərçivəsində aparılır. Praqa prosesi "mərhələli həll" deməkdir. Azərbaycanın mövqeyi bütün zamanlarda ondan ibarət olub ki, bu məsələ yalnız və yalnız "mərhələli həll" çərçivəsində öz həllini tapa bilər. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq da. Bu, bizim prinsipial mövqeyimizdir. Danışıqlar yalnız bu amillər üzərində qurulub».



İlham Əliyev onu da bildirib ki, Azərbaycan müharibə şəraitində olduğu üçün ordunun maddə-texniki bazası da güclənəcək. Onun sözlərinə görə, 2005-ci ildə hərbi xərclər 2004-cü ilə nisbətən 70 faiz artıb. 2006-cı ildə isə 2005-ci ilə nisbətən 100 faiz artaraq 600 milyon dollar səviyyəsinə çatacaq və bu da son hədd deyil.



Münaqişələrin Həlli Mərkəzinin direktoru Elxan Mehdiyev isə prezidentin çıxışında Qarabağ problemi ilə bağlı 2006-cı ildə nələr olacağı haqda konkret fikir söyləməməsinin üstündə dayanır:



«Həm xaricdə, həm də hakimiyyətin nəzarətində olan telekanallarda belə təbliğat aparılır ki, guya 2006-cı ildə bu münaqişə həllini tapacaq. İşğal altında olan torpaqlar azad olunacaq. 2005-ci ildə Dağlıq Qarabağın gələcək statusu ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü təhlükədə qoyan şərtə – referendum keçirilməsinə demək olar ki, razılıq verilib. Orada daha çox erməni millətindən olan əhali yaşayır, təbii ki, onlar da Azərbaycandan ayrılmağa səs verəcəklər. Mənə elə gəlir ki, prezidentin Azərbaycanın "ərazi bütövlüyü" ifadəsini tez-tez işlətməsi həmin məsələni ört-basdır etməyə yönəlmiş bir fikirdir. Konkret nələrin olacağını deməməsi də bununla bağlıdır».



İlham Əliyev çıxışında 2006-cı ilin əvvəlində yoxsulluq şəraitində yaşayanların 29 faiz təşkil edəcəyini, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinin işə düşməsiylə əhalinin güzəranının daha da yaxşılaşacağını və sabitliyin qorunub saxlanacağını da bildirib.
XS
SM
MD
LG