Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 18:27

Təyyarə qəzasının səbəbi qurğuların sıradan çıxması ola bilər<p align=`left`><br><br>


Səs: Real audio
Həlak olanların ailələri 25 min ABŞ dolları alacaq Dekabrın 23-də Bakı-Aktau marşrutuyla uçan AN-140-ın qəzaya uğrama səbəbi təyyarənin havadakı vəziyyətini əks etdirən qurğuların sıradan çıxması ola bilər. «Azərbaycan Hava Yolları» («AzAL») Dövlət Konserni və Ukrayna-Rusiya mütəxəssislərinin birgə iştirakı ilə yaradılan texniki komissiya AN-140-ın «qara qutu»sunun açılmasından sonra belə bir nəticəyə gəlib. Uçuşların təhlükəsizliyi və nəzarət müfəttişliyinin rəisi İlham Əmirovun sədrliyi ilə yaradılan 19 nəfərlik texniki komissiya bu məlumatı dekabrın 28-də keçirilən mətbuat konfransında açıqlayıb.



İlham Əmirov: «Komissiya müəyyənləşdirib ki, təyyarənin mühərriki və hərəkət mexanizmləri, sistemin elektrik təminatı normal olub. Təyyarənin qalxması zamanı pozuntular baş verməyib. Ancaq hündürlük yığandan sonra, təyyarənin ekipajı hava gəmisinin havadakı vəziyyəti və istiqaməti haqda informasiyaya malik olmayıb, başqa sözlə naviqasiya qurğuları işləməyib».



«Qara qutu»dakı məlumatların qismən oxunmasından məlum olub ki, havaya qalxandan 30 saniyə sonra təyyarənin naviqasiya qurğuları sıradan çıxıb. Dispetçerlə əlaqə yaradan ekipaj istiqaməti itirdiyini bildirib və bir müddət dispetçerin yardımıyla təyyarənin istiqamətini müəyyənləşdirməyə çalışıb. Amma bir müddət sonra təyyarə ilə əlaqə itib və uçuşun 8-ci dəqiqəsində 2000 metr yüksəklikdə bir neçə dövrə vuran təyyarə sahil xətti yaxınlığında dənizə çırpılaraq parçalanıb.



Komissiya təyyarədə heç bir partlayışın və partlayıcı maddələrin olmadığını bildirir. Amma AN-140-ı istehsal edən Xarkov Təyyarə Zavodunun baş direktoru Pavel Naumenko bildirdi ki, naviqasiya qurğularının sıradan çıxması qəzanın səbəblərindən biri ola və ya birbaşa səbəbi olmaya da bilər. Onun sözlərinə görə, digər qurğular çalışa-çalışa üç müstəqil naviqasiya qurğusunun eyni zamanda sıradan çıxması nəzəri cəhətdən də mümkünsüzdür.



Pavel Naumenko: «Təyyarənin havadakı vəziyyətini əks etdirən qurğularda - aviaqorizontlarda göstəricilər bir anda itib. Aviaqorizont - fərqli yerlərdə qurulan, fərqli enerji təminatı olan üç müstəqil qurğudur və onların üçünün də eyni zamanda sıradan çıxması nəzəri və təcrübi cəhətdən mümkünsüzdür».



«AzAL»ın rəhbəri Cahangir Əsgərov isə bildirdi ki, komissiya «qara qutu»nun araşdırılmasını davam etdirir və qurğuların sıradan çıxmasının səbəblərini dəqiqləşdirmədən hadisənin niyə baş verdiyi haqda nəsə demək çətindir. Amma bütün ehtimallar üzərində araşdırmalar davam edir.



O, təyyarənin 8,5 milyon ABŞ dolları məbləğində sığorta olunduğunu, həlak olanların ailələrinin Mülki Aviasiya ilə bağlı Varşava Konvensiyasına görə 20 min, Azərbaycanın icbari sığorta qaydalarına görə isə, daha 5 min dollar məbləğində kompensasiya alacaqlarını dedi. Cənab Əsgərov əlavə etdi ki, Azərbaycan hökuməti həlak olan sərnişinlərin yetkinlik yaşına çatmayan uşaqlarının 16 yaşına qədər müəyyən pensiya alması üçün də lazımi işlər görəcək.



Qəzanın səbəblərini araşdıran Dövlət Komissiyasının qərarına görə, araşdırmalar başa çatana qədər «AzAL»ın parkındakı digər eyni markalı təyyarədən istəfadə və daha iki təyyarənin alınması prosesi müvəqqəti dayandırılacaq. Bundan əlavə uçuşların təhlükəsizliyini təmin etmək üçün konsorsium bütün təyyarələri növbədənkənar texniki baxışdan keçirməyə başlayıb.
XS
SM
MD
LG