Keçid linkləri

2024, 17 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:05

«Qara qutu» Ukrayna və ya Rusiyaya göndərilə bilər


Səs: Real audio
«AzAL» Dövlət Hava Yolları Konserninin baş direktorunun birinci müavini Sabir İlyasov deyir ki, qəzanın araşdırılması xeyli vaxt tələb edir Dekabrın 23-də Bakının yaxınlığında qəzaya uğramış AN-140-100 təyyarəsinin «qara qutu»su araşdırılmaq üçün ya Ukraynaya, ya da Rusiyaya göndərilə bilər. İki gün suda qalmış qutuda müəyyən zədələnmələr olduğundan onun Azərbaycanda ekspertizası mümkün deyil. Bu haqda «AzAL» Dövlət Hava Yolları Konserninin baş direktorunun birinci müavini Sabir İlyasov məlumat verdi. Onun sözlərinə görə, son qərar bu qəzanın səbəblərini araşdırmaq üçün yaradılmış komissiyanın toplantısında qəbul olunmalıdır. Cənab İlyasova görə, çox güman ki, «qara qutu» araşdırlmaq üçün təyyarənin istehsal olunduğu Ukraynaya göndəriləcək. Sabir İlyasov deyir ki, qəzanın araşdırılması xeyli vaxt tələb edir və komissiya indiki mərhələdə sadəcə, faktları və sübutları toplamaqla məşğul olmalıdır.



Respublika Prokurorluğundan verilən məlumat görəsə, istintaq qəzanın səbəbləri ilə bağlı hələlik konkret versiya üzərində dayanmır. Müxtəlif informasiya agentlikləri istintaqın təyyarənin idarə olunmasında yaranmış problemlər üzündən baş verməsi versiyasına meylli olduğunu iddia etsələr də, prokurorluğun Mətbuat Xidmətinin əməkdaşı Əntiqə Qonaqova bunu təkzib edir. Deyir ki, hələlik qəzanın texniki səbəbdən və ya terror aktı nəticəsində baş verdiyini söyləmək mümkün deyil.



Hadisənin araşdırılmasında Azərbaycana gəlmiş Ukrayna və Rusiya ekspertləri də iştirak edirlər. Qəzaya uğramış təyyarə Ukrayna istehsalı olduğundan bu ölkədən 21 nəfərlik nümayəndə heyəti gəlib.



«AzAL» isə həlak olmuş sərnişinlərin ailələrinə təzminat ödəməyə hazırdır. Bu zəmanəti qəzadan sonra konserndə yaradılmış «qaynar xətt»in növbətçisi gün ərzində onlara müraciət edən həlak olmuş sərnişinlərin yaxınlarına verir.



Hadisə zamanı həlak olmuş Türkiyə, Qazaxıstan və Gürcüstan vətəndaşlarının cəsədlərinin kimliyi müəyyənləşdirilib və dekabrın 26-da öz ölkələrinə göndərilib. Ekspertlər hazırda Böyük Britaniya və Avstraliya vətəndaşlarının kimliyini müəyyənləşdirirlər.



Bakıdan Qazaxıstanın Aktau şəhərinə uçan «Azərbaycan Hava Yolları» («AzAL») Dövlət Konserninə məxsus AN-140-100 sərnişin təyyarəsi dekabrın 23-də Bakı yaxınlığında qəzaya uğrayıb. Təyyarə Heydər Əliyev adına Bakı Hava Limanından havaya qalxdıqdan bir qədər sonra Nardaran qəsəbəsi yaxınlığında Xəzər sahilinə düşüb.



Təyyarədəki 23 nəfər (18 sərnişin və 5 heyət üzvü) həlak olub. Sərnişinlərdən 10-nun Azərbaycan, 4-nün Qazaxıstan, 4-nün isə Avstraliya, Gürcüstan, Türkiyə və İngiltərə vətəndaşları olduğu bildirilir. Hadisəni araşdırmaq məqsədilə Dövlət Komissiyası yaradılıb.



Qəzaya uğramış təyyarə Ukrayna istehsalıdır. Prezident İlham Əliyevin bir il əvvəl Kiyevə səfəri zamanı ümumi məbləği 36 milyon dollar olan dörd AN-140təyyarəsinin alınmasına dair razılıq əldə olunub. Təyyarələrdən ikisi Azərbaycana gətirilib, üçüncü isə yola salınmağa hazırdır. Qəzaya uğramış təyyarəsə Azərbaycana 2004-cü il noyabrın 27-də verilib və 1000 saatdan çox uçub.
XS
SM
MD
LG