Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Superpartiyanın superziddiyyətləri


Səs: Real audio
Həmsədrlər 2006-cı ilin «fürsət ili» olduğunu bildirirlər "Azadlıq" bloku daxilində indi müzakirə olunan layihələrdən biri də partiyalarüstü qurum və ya superpartiya yaratmaqdır



Müxalifətin 3 partiyası – AXCP, ADP və Müsavat bir blokda birləşsə də, onların bir yerdə asan irəliləmədikləri görünürdü. Parlament seçkilərindən qabaq seçki dairələri üzrə vahid namizədi asan müəyyənləşdirmədilər. Seçkidən sonra oturaq etiraz aksiyası keçirib-keçirməməkdə fikirləri haçalandı və əslində, vahid qərar çıxara bilmədilər.



İndi isə maya təyin olunan əlavə seçkilərə gedib-getməməkdə bir fikir söyləmirlər. Hətta partiyaların öz daxilində fikirlər toqquşur.



AXCP sədrinin müavini Fuad Mustafayev deyir ki, 2005-ci il parlament seçkilərində müxalifət ciddi qələbə qazanıb. Bunun səbəbi isə müxalifətin birləşərək vahid bir mövqedən çıxış etməsi oldu. Seçkilərdən sonra isə bu birliyin yeni mərhələyə qədəm qoyması, onun davam etdirilməsi ideyası ortaya çıxdı. Bu baxımdan hazırda müxalifətin vahid bir partiyada birləşməsi məsələsi gündəmdədir.



Fuad Mustafayev hesab edir ki, bu ideyanın gerçəkləşdirilməsi tam realdır. Sadəcə, superpartiyanın yaradılmasına qədər bir inkişaf mərhələsi var. Bu, «Azadlıq» blokunun daha dərin inteqrasiya mərhələsinə qədəm qoyması, müxalifətin tədricən vahid siyasi güc mərkəzi qismində formalaşması, mixalifətin vahid siyasi platformasının müəyyənləşdirilərək cəmiyyətə təqdim olunması və digər bu kimi məsələlərdən ibarətdir.



Qurumun adının, səlahiyyət bölgüsünün necə olması isə əlbəttə ki, sonra keçiriləcək ali orqanların iclaslarında demokratik yolla həllini tapacaq. Fuad Mustafayev belə deyir.



YAP–dan olan millət vəkili, politoloq Aydın Mirzəzadə isə deyir ki, müxalifətin vahid bir partiyada birləşməsi hətta nəzəri cəhətdən də mümkün deyil. Çünki onların hamısı iqtadara qarşı mübarizə aparsa da, məsələlərə münasibətləri müxtəlif olduğu üçün vahid partiyada ola bilməzlər. Müxalifətin bir hissəsinin vahid partiya yaratması da inandırıcı görünmür. Çünki həmin partiyaların özlərinin daxilində birlik problemi var.



Aydın Mirzəzadəyə görə, vahid partiyada birləşmək cəhdi müxalifətin özünə problem yaradacaq. Belə ki, burada ambisiyası reallaşmayanlar, birləşmə dövründə geri çəkilənlər olacaq ki, bunlar nəzərə alınmalıdır.



"Turan" informasiya agentliyinin eksperti Zəfər Quliyev də bu fikirdədir ki, indiki mərhələdə müxalifət buna getməməlidir. Çünki ciddi təhlükələrlə üzləşə bilər.



Zəfər Quliyev deyir ki, parlament seçkilərində ziddiyyətlər ortaya çıxmasa da, müxalifət vahid siyahını çətinliklə ortaya qoya bildi. Özü də bu siyahını müəyyənləşdirməyə yarım il vaxt sərf etdi.



Politoloq hesab edir ki, müxalifətin inteqrasiyasının inkişafının hansısa bir partiya formasında olması vacib deyil. Onun fikrincə, əslində, son vaxtlar bu məsələni süni şəkildə qabardırlar. "Azadlıq" blokuna daxil olan partiyalar daxildən səmimi şəkildə bu birlikdə maraqlıdırlarsa, onu elə blok şəklində də davam etdirə bilərlər.
XS
SM
MD
LG