Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:52

Rusiyalı həmsədr: «Dağlıq Qarabağın danışıqlarda iştirakı qaçılmazdır»<p align=`left`><br><br>


Səs: Real audio
Həmsədrlər 2006-cı ilin «fürsət ili» olduğunu bildirirlər ATƏT-in Minsk Qrupu (MQ) həmsədrlərinin Ermənistana səfəri başa çatıb. Yerevanda keçirdikləri mətbuat konfransında həmsədrlər gələn ilin fürsət ili olduğunu deyiblər. Rusiyalı həmsədr Yuri Merzlyakov isə deyib ki, gələn il danışıqlar müsbət nəticə versə, Dağlıq Qarabağın (DQ) da iştirakını nəzərdə tutan mükəmməl danışıq prosesinin başlanması istisna deyil.



O, DQ-nın da danışıqlarda tərəf kimi iştirakının qaçılmaz olduğunu deyib: «Məncə, vaxt gələcək belə olacaq, buna əminəm. Bu, hansı mərhələdə olacaq? Bu, həmsədrlərdən yox, tərəflərdən asılıdır».



Arkadi Qukasyan da dünən demişdi ki, prezidentlərlə razılıq olsa, danışıqların formatı dəyişə, Dağlıq Qarabağ da prosesə qoşula bilər.



Rəsmi Bakı isə bunun mümkün olub-olmadığını hələ demir. Azərbaycanın Xarici İşlər Nazirliyinin İnformasiya İdarəsinin rəisi Tahir Tağızadə Yuri Merzlyakovun belə bir fikir dediyinə inanmır: «Gəlin, gözləyək. İndi onlar Azərbaycana gəlirlər, görək Bakıda bu necə səslənir. Merzlyakov belə şey deyibmi? İnanmıram».



Həmsədrlər Yerevanda Ermənistanın prezidenti Robert Koçəryan, Xarici İşlər naziri Vardan Oskanyan və separatçı «Dağlıq Qarabağ Respublikası»nın prezidenti Arkadi Qukasyanla görüşüblər. Həmsədrlər özləri görüşü müsbət qiymətləndirirlər. Amerikalı həmsədr Stiven Mann deyib ki, Koçəryanla görüşdən sonra «hadisələrin düzgün istiqamətdə inkişaf etdiyinə daha çox inanırlar». Bununla belə, cənab Mann münaqişənin həllinin çətin olduğunu da bildirib: «Bu, çox çətin danışıqlardır, tərəflərdən heç biri heç vaxt, «yumşaq» adlandıra biləcəyim mövqeyi seçməyib. Başa düşmək lazımdır ki, hətta indi də tərəflər mövqelərində qətidirlər. Biz hər tərəfin razılıq istədiyini görürük, amma bu o demək deyil ki, razılıq asan olacaq».



Üçüncü həmsədr fransalı Bernar Fasye də gələn ilin münaqişədə «qızıl fürsət ili» olduğuna əmindir. Onun fikrincə, ilyarım müddətdə nə Azərbaycanda, nə də Ermənistanda seçki gözlənmədiyindən məsələnin həlliylə məşğul olmaq, prosesi inkişaf etdirmək olar.



ATƏT-in Minsk Qrupu həmsədrləri bu gün Azərbaycana gəlirlər. Dekabrın 16-da onlar Xarici İşlər naziri Elmar Məmmədyarov, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov, Müdafiə naziri Səfər Əbiyev və prezident İlham Əliyevlə görüşməlidirlər.



Həmsədrlərin Azərbaycana səfəri dekabrın 17-də başa çatacaq.
XS
SM
MD
LG