Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:58

«Azadlıq» bloku dekabrın 17-də yürüş-mitinq keçirmək istəyir


Səs: Real audio
Birləşmiş müxalifət AŞPA-dan nümayəndə heyətinin mandatının təsdiqlənməməsini tələb edir «Azadlıq» bloku dekabrın 17-də yürüş-mitinq keçirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Blokdan verilən məlumata görə, əvvəlki marşrut üzrə - metronun «20 Yanvar» stansiyasından Dövlət Film Fondunun qarşısınadək yürüş etmək və daha sonra mitinq keçirmək niyyətindədirlər.



Aksiyada noyabrın 6-da qanun pozuntusuna yol vermiş komissiya üzvlərinin cəzalandırılması, yeni seçkinin keçirilməsi kimi tələblərlə yanaşı, insan haqlarının və sərbəst toplaşmaq azadlığının təmin olunması kimi şüarlar səsləndirilməsi nəzərdə tutulur.



Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu deyir ki, Bakı Şəhər İcra Hakimiyyəti mitinqin həmin marşrut üzrə keçirilməsinə yenə də icazə verməsə, blok razılaşdırılmamış aksiyalar haqda qərarını qətiləşdirəcək.



Bu arada «Azadlıq» bloku, Milli Birlik Hərəkatı və Milli İstiqlal Partiyasının liderləri, əksər hüquq müdafiəçiləri və bir sıra qeyri-hökumət təşkilatlarının başçıları Avropa Şurası rəhbərliyinə, eləcə də qurumun Parlament Assambleyasının komitə, nümayəndə heyətləri və siyasi qrup rəhbərlərinə birgə müraciət göndəriblər. Onlar bu qurumu Azərbaycan nümayəndə heyətinin mandatının tanınıb-tanınmamasını müzakirə edərkən Avropa Şurasının prinsiplərindən çıxış etməyə çağırırlar.



Müraciət müəllifləri hesab edirlər ki, son parlament seçkisi zamanı baş vermiş qanun pozuntularından sonra Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvar sessiyasında Azərbaycan nümayəndə heyətinin mandatının təsdiqlənməsi ölkədə insan haqlarının daha kobud şəkildə pozulmasına və demokratiyaya məhəl qoyulmamasına gətirib çıxaracaq. Nəticədə azərbaycanlıların son demokratiya ümidləri də məhv olar, demokratik dəyərlərə inamın itməsi isə cəmiyyətin radikallaşmasına gətirib çıxara və xalq demokratiyadan üz döndərə bilər. Ona görə də müxalifət liderləri və hüquq müdafiəçiləri Avropa Şurasını prinsipiallıq göstərməyə dəvət edirlər.



Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Bəxtiyar Əliyev isə belə bir müraciəti Azərbaycanın maraqlarına zərbə kimi qiymətləndirsə də, bunun qurumdakı müzakirələrin gedişinə təsir göstərməyəcəyini güman edir.
XS
SM
MD
LG