Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:30

ATƏT sədri: «Biz münaqişənin həlli astanasındayıq»


Səs: Real audio
Dimitri Rupel deyib ki, sabit Azərbaycan Dağlıq Qarabağdakı dondurulmuş münaqişənin nizamlanmasına real imkan verir 55 ölkənin üzv olduğu ATƏT-in Nazirlər Şurasının 13-cü toplantısı birgə bəyanat qəbul olunmadan başa çatıb. Buna səbəb Rusiyanın 1999-cu ildə Moldovadan qoşunlarını çıxarmaq barədə üzərinə götürdüyü öhdəlikdən imtina etməsi olub. ATƏT-in adından bəyanatı təşkilatın hazırkı sədri, Sloveniyanın Xarici İşlər naziri Dimitri Rupel verib.



Sənəddə Azərbaycanla bağlı məsələlərə toxuan cənab Rupel deyib: «Azərbaycan yeni eranın astanasındadır və mən bu ölkənin uğurunu görməyə ümid edirəm. Bunun üçün siyasi sabitlik vacibdir. Seçkilər ATƏT-in bəzi standartlarına cavab vermədi və buna görə də, hökümət çatımazlıqları aradan qaldırmaq üçün dərhal hərəkətə keçməlidir».



ATƏT sədrinin sözlərinə görə, indiki məqamda bunun ən yaxşı yolu hökümət və müxalifət arasında dialoqun başlanmasından keçir. O, deyib ki, sabit Azərbaycan Dağlıq Qarabağdakı dondurulmuş münaqişənin nizamlanmasına real imkan verir. «Mən əminəm ki, biz münaqişənin həllinin astanasındayıq» - deyə, cənab Rupel vurğulayıb.



Artıq dalbadal üçüncü ildir ki, ATƏT-in Nazirlər Şurası bəyanat qəbul olunmadan başa çatır.



Toplantıda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun fəaliyyətini kəskin tənqid edib. Rusiya hesab edir ki, ATƏT-in bu institutu seçki müşahidəsində qəbuledilməz muxtariyyətə malikdir.



ATƏT-in 2006-ci il üçün sədrliyi Belçikaya həvalə olunub.



Birləşmiş Ştatların nümayəndəsi Nikolas Berns toplantının bəyanat qəbul olunmadan başa çatmasına təəssüfləndiyini bildirib. ABŞ Rusiyanı Moldovadan qoşunlarını çıxarmaq barədə İstanbulda üzərinə götürdüyü öhdəliyə əməl etməyə çağırıb.
XS
SM
MD
LG