Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:52

Leo Platvoet: «ABŞ-dan bunu gözləmək olardı»


Səs: Real audio
Avropa Şurasının (AŞ) Azərbaycandakı Seçkini Müşahidə Missiyasının rəhbəri «Bizə məlumdur ki, parlamentə seçilmiş bəzi adamlar əslində o yerlərə layiq deyillər» -deyir «Azərbaycan hökumətinin nümayəndələri bizimlə görüşlərində əməkdaşlıqdan, Avropada, Avropa strukturlarında olmaq arzularından danışırlar. Biz isə deyirik ki, əgər bunu istəyirsinizsə, o zaman demokratiyanın prinsiplərinə sadiq olmanızı nümayiş etdirməlisiniz. Söz vermək kifayət etmir, gərək bunu əməldə göstərəsiniz».



Avropa Şurasının (AŞ) Azərbaycandakı Seçkini Müşahidə Missiyasının rəhbəri Leo Platvoet Bakıya səfərinin yekunları barədə «Azadlıq» radiosuna müsahibə verərkən belə dedi. Noyabrın 26-ı olaylarını araşdırdığını bildirən cənab Platvoet keçmiş «Qələbə» kinoteatrının qarşısında baş verənləri polis zorakılığı kimi qiymətləndirdi. Onun sözlərinə görə, polis həmin gün həddən artıq gücə əl atıb. AŞ nümayəndəsi seçki saxtakarlıqlarının necə araşdırılmasından da məmnun qalmadığını bildirdi.



Cənab Platvoet Konstitusiya Məhkəməsinin 10 dairəni çıxmaq şərtilə, seçkinin nəticələrini təsdiq etməsini tələsik bir qərar adlandırdı. Avropa Şurasının apardığı müşahidələrə görə, seçki pozuntuları daha çox dairədə baş verib və hakimiyyət bütün şikayətləri araşdırmalıydı.



Birləşmiş Ştatlar Konstitusiya Məhkəməsinin (KM) seçki saxtakarlığı ilə bağlı apardığı araşdırmadan və yekun qərarından məmnun qalıb. Lakin Leo Platvoet ABŞ prezidenti Corc Buşun administrasiyasının bu mövqeyi ilə razılaşmır. O, ABŞ hökumətinin ünvanına keçən həftə Bakıda səsləndirdiyi tənqidləri təkrar edir. Deyir ki, cənab Buşun demokratiya ilə bağlı siyasəti o qədər də prinsipial deyil, Amerikanın seçki ilə bağlı verdiyi bəyanatın isə çox güman ki, neftlə əlaqəsi var: «ABŞ səfiri Rino Harniş seçkidən qabaq və seçki günündən sonra çox tənqidi mövqedə idi. ATƏT Parlament Assambleyasının sədri amerikalı Asley Heystinqs də çox tənqidi mövqe tutmuşdu. Amerikadan müxtəlif səslər gəlir. Lakin əlbəttə ki, son sözə malik olan şəxs Buşdur. Bu, çox məyusedici vəziyyətdir, amma bunu gözləmək olardı».



ABŞ-ın Azərbaycandakı səfirliyi cənab Platvoetin dediklərinə şərh verməkdən imtina etdi.



Cənab Platvoet Avropa Birliyinin mühüm paytaxtları - London, Paris və Berlinin də seçkilə bağlı susmasını təəssüflə vurğulayır. Lakin o, əmindir ki, məsələ ilə bağlı ən mühüm sözü Avropa Şurası deyəcək. Artıq dekabrın 15-də Parisdə AŞPA Monitorinq Komitəsində seçkidən sonra yaranmış vəziyyət müzakirə olunacaq. Yanvar ayında isə, AŞ Azərbaycana daha bir missiya göndərəcək. Missiyanın hazırlayacağı hesabat yanvar ayında AŞPA-nın müzakirəsinə təqdim olunmalıdır. Azərbaycanın bu qurumda yeni nümayəndələrinin mandatlarının təsdiq olunub - olunmaması məsələsi isə hələ də açıq qalır.



Leo Platvoet: «Bizə məlumdur ki, parlamentə seçilmiş bəzi adamlar əslində o yerlərə layiq deyillər. Ona görə də, əgər onlar vəziyyəti düzgün qiymətləndirə bilirlərsə, gərək nümayəndə heyətinə elə adamları təyin etsinlər ki, onların qələbəsi şübhə doğurmasın».
XS
SM
MD
LG