Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:55

ABŞ, AŞPA və İnsan Haqları Liqası dinc aksiyanın dağıdılmasından narahatdır


Səs: Real audio
Azərbaycan hökuməti tutulanları buraxmağa, zorakılıq hallarını araşdırmağa və vətəndaşların söz və sərbəst toplaşmaq azadlığından istifadə etmək üçün siyasi mühit yaratmağa çağırılır Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Rene van der Linden Bakıda müxalifət tərəfdarlarının dinc nümayişinin dağıdılması xəbərlərindən narahatlığını bildirib. O, Azərbaycan prezidentini və hakimiyyəti dinc etirazçıların hüquqlarına hörmət etməyə, gücdən istifadədən çəkinməyə çağırıb. Cənab Linden həmçinin müxalifət liderlərini bu həssas məqamda məsuliyyətli davranmağa səsləyib.



Beynəlxalq İnsan Haqları Liqası da noyabrın 26-da Bakıda müxalifətin mitinqinin zorakılıqla yatırılmasından ciddi narahatdır. Liqanın prezidenti Robert Arsenoltun prezident İlham Əliyevə göndərdiyi məktubda belə deyilir. Məktubda deyilir ki, beynəlxalq müşahidəçilər parlament seçkisinin standartlara uyğun keçmədiyini bəyan edib: «Seçkinin nəticələrinin ləğvini tələb edən təxminən 10.000 nəfər «Qələbə» meydanında oturaq aksiya keçirməyə qərar verib. Axşam saat 6-ya 3 dəqiqə işləmiş, yəni aksiyanın rəsmi olaraq sona çatmasından üç dəqiqə keçmiş polis dəyənəklər, gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edərək aksiyaçılara hücum edib».



Beynəlxalq İnsan Haqları Liqası inanır ki, polisin hərəkətlərinə haqq qazandırmaq olmaz və təşkilat Azərbaycan vətəndaşlarına qarşı hədsiz gücdən istifadə olunmasını pisləyir. Qurum tutulanları buraxmağa, zorakılıq hallarını araşdırmağa və prezident Əliyevi vətəndaşların söz və sərbəst toplaşmaq azadlığından istifadə etmək üçün siyasi mühit yaratmağa çağırır.



ABŞ da Azərbaycan hökumətini dinc mitinq iştirakçılarına qarşı zor işlədənləri cəzalandırmağa çağırır. Bunu Dövlət Departamentinin sözçüsü Şon Makkormak noyabrın 26-da müxalifətin mitinqinin dağıdılmasıyla bağlı suala cavabında deyib: «Amerika səfirliyi ötən həftəsonu bəyanat yayaraq, dinc etiraz aksiyasının zorakılıqla dağıdılmasını pisləyib. Biz gözləyirik ki, Azərbaycan hökuməti dinc etirazçılara qarşı zor üçün cavabdehləri məsuliyyətə cəlb edəcək».



Cənab Makkormakın bildirdiyinə görə, seçki prosesinə hələ yekun vurulmayıb, son nəticələri Konstitusiya Məhkəməsi təsdiqləməldir. «Biz Azərbaycanda son seçkilərlə bağlı ciddi narahatlığımızı bildirmişik. ATƏT seçki prosesinin beynəlxalq azad və ədalətli seçki standartlarına tam uyğun gəlmədiyini bəyan edib. Biz bu bəyanatı fakt kimi qəbul etmişik» - deyə, o vurğulayıb.



Şon Makkormak eyni zamanda seçki saxtakarlığında təqsirli bilinənlərin işdən çıxarılmasını «müsbət məqam» adlandırıb.



Dövlət Departamentinin sözşüsü eyni zamanda bildirir ki, seçki prosesi bitməyənəcən, seçki saxtakarlığıyla bağlı araşdırmalar aparılmayanacan bu seçkiyə son nöqtə qoymaq mümkün deyil.



Noyabrın 26-da birləşmiş müxalifətin Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış etiraz yürüş-mitinqi oturaq aksiyaya qərar veriləndən sonra polis tərəfindən dağıdılıb.



Müxalifət növbəti mitinqi dekabrın 3-nə planlaşdırır.
XS
SM
MD
LG