Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:40

Teleradio Şurası televiziyaları cərimələrlə hədələyir


Səs: Real audio
Nuşirəvan Məhərrəmli: «Reklam qaydalarını pozan televiziyalara bir daha xəbərdarlıq edilməyəcək» Milli Teleradio Şurası (MTRŞ) yerli telekanalları reklam fəaliyyətində «Televiziya və radio yayımı haqqında» qanunu pozduğuna görə cərimələrlə hədələyir. Qurumun rəhbəri Nuşirəvan Məhərrəmli noyabrın 25-də telekanal nümayəndələri üçün keçirdiyi seminarda bildirdi ki, belə pozuntulara görə televiziyalara bir daha xəbərdarlıq edilməyəcək, «onlarla qanun dilində danışılacaq».



Bu yaxınlarda prezident İlham Əliyevin sərəncamıyla İnzibati Xətalar Məcəlləsinə düzəlişlər edilərək, «Televiziya və radio yayımı haqqında» qanunun pozulmasına görə cərimələr müəyyən olunub. Bu cərimənin miqdarı vəzifəli şəxslər üçün şərti maliyyə vahidinin (5500 manat) altmış mislindən doxsan mislinədək, hüquqi şəxslər üçün isə iki yüz mislindən üç yüz mislinədək nəzərdə tutulub.



MTRŞ-ın sədri deyir ki, telekanal qanunun hər bir maddəsinin pozulmasına görə cərimə olunacaq: «Bu cərimənin birdəfəlik miqdarı təxminən 350 ABŞ dolları edir. Əgər qanun gündə 10 dəfə pozulubsa, o qədər də cərimə ediləcək».



MTRŞ-ın noyabrın 7-dən 21-dək apardığı monitorinq nəticəsində məlum olub ki, reklam fəaliyyətində qanunu ən çox pozan telekanallar ATV, Space və Liderdir. AzTV və İTV-də isə daha çox gizli reklama yol verilir.



ATV-nin baş redaktoru İkram Əliyev tənqidi qəbul etdiklərini deyir, ancaq əlavə edir kli, qanunlara dəyişiklik etmək lazımdır.



MTRŞ sədri N.Məhərrəmli isə bildirir ki, reklam qaydalarını pozan telekanallar artıq dekabr ayından başlayaraq cərimə olunacaq.



Monitorinq aparılan müddətdə ANS reklam qaydalarını ən az pozan telekanal olub. Təxminən bir ay bundan əvvəl həmin telekanala seçkiqabağı təşviqatda reklam qaydalarını pozduğuna görə xəbərdarlıq olunmuşdu.



Telekanalların reklam fəaliyyəti «Reklam haqqında» və «Televiziya və radio yayımı haqqında» qanunlarla tənzimlənir.
XS
SM
MD
LG